RU

Maliyyələşdirmə iqlim fəaliyyətini sürətləndirmək üçün əsas amildir - OECD

İqlim tədbirlərinin sürətləndirilməsi üçün maliyyələşdirmə əsas amildir.

Olaylar xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ətraf mühit üzrə direktoru Co Tindall "İqlim tədbirləri üçün səfərbərlik: Paris Sazişini həyata keçirən ölkələr, çoxtərəfli maliyyə təşkilatları və özəl sektor" mövzusunda keçirilən panel müzakirə zamanı bildirib.

"Maliyyələşdirmə Paris sazişinin məqsədlərinə çatmaq üçün ən mürəkkəb maneələrdən biri olaraq qalır. Maliyyə iqlim tədbirlərinin sürətləndirilməsi üçün kritik faktordur. Lakin Paris sazişinin məqsədlərinə çatmaq üçün mövcud texniki həllərə baxmayaraq, maliyyələşdirmə nə lazımi sürətlə, nə də lazımi miqyasda həyata keçirilir", - deyə o bildirib.

C.Tindallın sözlərinə görə, OECD son zamanlar ümumi maliyyələşdirmənin Paris Sazişinin məqsədləri ilə uyğunluğunu təhlil edən hesabat yayımlayıb. Hesabatda qeyd olunur ki, son illərdə vəziyyətin yaxşılaşmasına baxmayaraq, ümumi maliyyələşdirmənin yalnız kiçik bir hissəsi açıq şəkildə sazişin məqsədlərinə uyğundur. Əhəmiyyətli bir hissə bu məqsədlərə uyğun deyil, eyni zamanda, maliyyələşdirmənin tələblərə cavab verib-vermədiyini müəyyənləşdirmək çətin olan böyük bir "boz zona" mövcuddur.

"Maliyyələşdirmə boşluğu o qədər böyükdür ki, onu yalnız özəl investisiyalar vasitəsilə aradan qaldırmaq mümkündür. Ümumi maliyyələşdirmə və investisiyaların təxminən 80 faizi özəl sektordan gəlməlidir", - deyə o əlavə edib.

O qeyd edib ki, OECD-nin 2022-ci ildə inkişaf etmiş ölkələr tərəfindən təqdim olunan illik 100 milyard dollar məqsədinə çatmaqla bağlı son hesabatı göstərib ki, bu məbləğin yalnız 18 faizi özəl sektordan daxil olub.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
1
olaylar.az

2Источники