RU

"Özelin Prezidentə zəngindən sonra CHP daxilindəki o qüvvələr..." - AÇIQLAMA

Ötən günlərdə Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının rəhbəri Özgür Özel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, Zəfər günü münasibətilə xalqımızı təbrik edib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, sözügedən zəng önəmli hal kimi dəyərləndirilə bilər. Onun sözlərinə görə, uzun müddət Cümhuriyyət Xalq Partiyası daxilində Azərbaycana qarşı qərəzli mövqe tutan siyasətçilər olub:

 

“Xüsusilə də Türkiyənin Azərbaycandakı keçmiş səfiri olmuş Əhməd Ünal Çeviközü misal göstərmək olar. Hesab edirəm ki, bu zəngdən sonra artıq CHP daxilindəki belə qüvvələr sıradan çıxarıla bilər. 11 noyabrda isə ölkəmizdə baş tutan COP29 Sammitində iştirak üçün CHP-dən olan İstanbul Böyük Şəhər Bələdiyyəsinin başçısı Əkrəm İmamoğlunun Bakıya səfəri, ümummilli lider Heydər Əliyevin məzarını və Türk Şəhidliyini ziyarət etməsi, daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb əlaqələrin inkişafı məsələsini müzakirə etməsi xüsusilə müsbət haldır.

 

Bu zaman bir çox fikirlər ortaya çıxdı: CHP-nin bu addımı atması AKP höküməti ilə Azərbaycan arasında soyuqluğun nəticəsi kimi ortaya çıxıb?

 

Əlbəttə ki, xeyr. Türkiyədə mövcud AKP-MHP iqtidarı ilə Azərbaycan arasında çox yüksək səviyyəli əlaqələr mövcuddur. Bu əlaqələr sağlam təməllərə söykənir. Odur ki, belə fikri qətiyyən qəbul etmək olmaz”.

 

S.Hümbətov bildirdi ki, CHP-də partiya rəhbərliyinin dəyişməsi AKP-CHP əlaqələrinin də sağlamlaşmağa doğru getməsinə səbəb olub:

 

“CHP Türkiyədə ciddi müxalif gücə malikdir. Həm parlamentdə millət vəkillərinin sayına, həm böyükşəhər bələdiyyələri, həm də hökumət sistemində təmsil olunma ilə bağlı ciddi çəkilərinin olması göz önündədir. Odur ki, Azərbaycanla münasibətlərinin inkişaf etdirilməsi hər iki tərəf üçün önəm daşıyır. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Türkiyənin və həmçinin hər hansı ölkənin daxili işinə qarışmır və qarışmaq niyyətində də olmadığını nümayiş etdirir”.

 

Günay 
 

Избранный
17
sfera.az

1Источники