Azərbaycanın bank sektoru “yaşıl layihə”lərə investisiyaları artıraraq ədalətli enerji keçidinə dəstəyini gücləndirib.
Bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib.
"Azərbaycan bankları "yaşıl və dayanıqlı layihə"lər üçün 1,2 milyard ABŞ dolları (2 milyard manat) ayırıb. Azərbaycan Mərkəzi Bankı öz növbəsində davamlı investisiyalar üçün yeni "yaşıl taksonomiya" tətbiq edib", - deyə o qeyd edib.
Y.Rəfiyev iqlim dəyişikliyinə dayanıqlığın artırılması üçün iqlim maliyyələşməsinə sadiqliyinə görə Kanadaya təşəkkürünü bildirib: "Kanada hökuməti ən az inkişaf etmiş ölkələrə xüsusi diqqət yetirilməklə adaptasiyanı dəstəkləmək üçün iqlim platformasına 1,5 milyard ABŞ dolları ayıracağını elan edib. 9 Kanada fondu və xeyriyyə təşkilatı növbəti onillikdə iqlim layihələrinə 290 milyon ABŞ dolları ayırmaq üçün birləşib".