İqlim dəyişikliyi mədəni irsin qorunması üçün ciddi təhlükə yaradır.
“Report”un məlumatına görə, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Bakıda COP29 çərçivəsində nazirlərin görüşündə bildirib.
"İqlim dəyişikliyi ilə mübarizədə yadda saxlamalıyıq ki, bu, təkcə texnoloji və ya siyasi problem deyil, həm də mədəni problemdir. Axı iqlim dəyişikliyi mədəni irsin həm maddi, həm də qeyri-maddi aspektlərinə əhəmiyyətli təsir göstərir", - o vurğulayıb.
Onun sözlərinə görə, qlobal istiləşmə, daşqınlar, dağıntılar, təbii fəlakətlər, zəlzələlər şəraitində mədəniyyət obyektlərinin də təhlükə altında olduğunu unutmamaq vacibdir: "Təbii fəlakətlər və iqlim dəyişikliyi zamanı nadir abidələri bərpa etməyə hazır olmalıyıq. Elə hallar olub ki, müharibə dövlətlərə dağıdılmış obyektləri bərpa etməyə imkan verməyib".
A.Raimkulova hesab edir ki, bu aspektdə mədəniyyət obyektlərinin rəqəmsallaşdırılması və rəqəmsal təhlili aktuallıq qazanır: "Bu istiqamətdə Fond Qazaxıstan, Özbəkistan, Macarıstan, Türkiyə, Azərbaycan və bir çox başqa ölkələrdə maddi və mədəni irs, eləcə də saray komplekslərinin regional tədbirləri ilə tanışlıq üzrə fəal addımlar atır".
O əlavə edib ki, Azərbaycanın Qarabağ regionunda işə xüsusi diqqət yetirilir.