RU

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Kulis.az Həsən Lütfinin şair Mir Kamil haqqında yazısını təqdim edir.

Hər bir şair yazdığı şeirlərlə özünü, öz yaradıcı kimliyini inşa edir. Gənc istedad Mirkamil Ağazadə də fəth etməli olduğu "Mir Kamil" zirvəsinə doğru inamla addımlamaqdadır. Bunun üçün onun kifayət qədər avantajları var: söz və mənəviyyat dolu fəzada böyüməsi, ədəbiyyat üzrə tamam-kamal təhsil alması və s. Bir dost kimi qeyd edim ki, o, hər şeydən öncə, insanların gözəl tərəflərini görməyə çalışan "arı xislətli" insandır. Həmçinin, həsəddən və qilü-qaldan uzaq, sənətdə zəhmətkeş, dostluqda mötəbər biridir.

Mir Kamilin ilkin yaradıcılıq illərinin zəhmətini bir yerə toplaması məni çox sevindirir. Onun bir müddət müəllimliklə məşğul olması, hazırda həm də nəsr sahəsində qələm işlətməsi ədəbi fitrətinin, əlvan istedadının aydın təzahürüdür.

Mir Kamilin yaradıcılığındaki bəzi gözəlliklərə misralar üzərindən nəzər yetirməyimizi istəyirəm:

Bilirəm ki, halsız-halsız yenə bizçün ağlayırsan,
Üşüyəndə təkliyindən özünü qucaqlayırsan.

Müztərib bir insanın özünü qucaqlaması hamıya məlum bir səhnədir. Belə halların mənəvi rentgeninin oxucuya təqdim edilməsi şeir vasitəsilə daha dadlı alınır: Mir Kamil burda insanın təklikdən üşüməsini qeyd etməklə, məsələyə şairanə aydınlıq gətirir.

Baş açmadım əvvəl dolaşıq badirələrdən,
Dərk eylədim axır səbəbin dərdə dözümlə.
Hər hadisə bir fəsli imiş ömrüm kitabında,
Söz-söz düzülüb hər biri rəbbani düzümlə.

Bu beytlərdəki məzmunun açarı "rəbbani" sözüdür, halbuki başqa sözlər də işlənə bilərdi. Rəbb, yəni, tərbiyə edən. Siraci, üzləşilən çətinlikləri ilahinin tərbiyə metodlarından biri hesab edir. Bəli, bircə sözlə məsələnin mahiyyətini açmaq yazıçının söz sərraflığından xəbər verir. Həmçinin, danışıqda çox az istifadə edilən "badirə" sözünün mənası şeirdə oxucuya tam bəlli olur və bu şux, ahəngdar söz oxucunun ixtiyarına verilir. Qədim, ancaq gözəl sözləri klassikadan bu günə çəkib gətirmək hünər tələb edir. Misal olaraq, Səməd Vurğun, "müsəlləh" sözünü öz məşhur misrasıyla işlək hala gətirmiş, xalqın leksikonuna daxil etmişdi.

"Bəxtəvər fırçanı hərdən yerə qoy, radionu aç,
Latte buğlansın əlindən biraz, ey qəhvəyisaç,
Arabir dincliyə qaç..."

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi, latte və qəhvə sözlərinin misra içində bir-birinə dostca göz qırpması, "qəhvəyisaç" və "dincliyə qaçmaq" ifadələrinin şeir içində həll olması kimi nüanslar Mir Kamilin ənənəyə hörmətiylə yanaşı yenilikçi ruhunu nişan verir (ümumiyyətlə, "Rəssam qız" şeiri onun ən möhtəşəm şeirlərindəndir).

"Dil tapıb gül nəfəsin dəydiyi daşlarla, gülüm,
Gecələr dar küçənizdə gəzim əvvəlki kimi".

"Yarın küçəsi" əruz şeirində ən çox toxunulan məsələlərdən olsa da, bu beytdə işlənən "dar küçə" və "daş" sözləri, görün, beytə necə də məxsusilik, orjinallıq gətirib.

"Getmiş bu Siraci, gözəlim, huşə qapında,
Ulduzlu səma yorğanıdır, yastığı torpaq."

"Yenə göydən yerə enməkdədir ağ donlu mələklər,
Nə mələk, yox, yox, işıq rəqsi edir ağ kəpənəklər!"

Bu iki beytdə atını dördnala çapan şeriyyət "yorğan" və "işıq rəqsi" yerlərində şaha qalxır. Bu poetika, Mikayıl Müşfiqin təbiriylə desək, "əsrlərin şah dağlarını" aşa biləcək qüdrətdədir.

Yazımın nəhayətində demək istəyirəm ki, Mir Kamil öz dünyası, öz nəfəsi, öz ətri olan şairdir. Onun bizi yeni yaradıcılıq uğurlarıyla sevindirəcəyinə, yaxın gələcəkdə işıqlı bir sima olaraq bütün xalqın sevimlisinə çevriləcəyinə şübhəm yoxdur. İlhamın gur, yolun açıq olsun, əziz dost!

Избранный
19
kulis.az

1Источники