RU

Dünyadakı uşaqların təqribən 93%-i çirkli hava ilə nəfəs alır - Səhiyyə naziri

Bakı, TurkicWorld

Dünyadakı uşaqların təqribən 93%-i, yəni 15 yaşınadək 1,8 milyard uşaq çirkli hava ilə nəfəs alır. Bu da kritik inkişaf fazaları zamanı pis sağlamlıq nəticələrinə gətirib çıxarır.

TurkicWorld-in məlumatına görə, bu sözləri Azərbaycanın Səhiyyə naziri Teymur Musayev COP29 çərçivəsində keçirilən tədbirdə deyib.

O bildirib ki, körpələr və uşaqlar xüsusilə havanın çirklənməsinə məruz qaldıqda bu, ağciyərlərin sağlamlığına ciddi mənfi təsir edir.

Nazir eyni zamanda Səhiyyə Nazirliyinin ətraf mühitin mühafizəsi ilə məşğul olan qurumlarla birlikdə ölkə ərazisində havanın keyfiyyətinə fəal şəkildə nəzarət etdiyini diqqətə çatdırıb:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq Sazişi çərçivəsində hər iki qurumun mütəxəssisləri Azərbaycanda havanı çirkləndirənlərin ölüm hallarına təsirinin monitorinqinə başlayıb. Əsas hava çirkləndiricilərinin sağlamlığa təsirlərini qiymətləndirməyə imkan verən ÜST tərəfindən hazırlanmış proqram təminatından istifadə etməklə növbəti beşillik dövr ərzində monitorinq nəticələrinin xülasə hesabatı hazırlanır. Havanın çirklənməsinin sağlamlığa təsirləri barədə ictimaiyyəti məlumatlandırmaq üçün maarifləndirici proqramlar davam etdirilir".

"Azərbaycan Tibb Universitetində "İqlim dəyişikliyi və sağlamlıq" fənni tədris olunur. UNİCEF-in dəstəyi ilə Səhiyyə Nazirliyi səhiyyə işçiləri üçün "Uşaqların ətraf mühitin sağlamlığı" mövzusunda təlimlər təşkil edib. Əsas məqsəd səhiyyə işçiləri arasında bilik və bacarıqların artırılması, iqlim dəyişikliyinin və ətraf mühitin çirklənməsinin təsirləri haqqında məlumatlılığın artırılması olub", - deyə T.Musayev vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
7
1
turkic.world

2Источники