RU

Azərbaycanın COP29-a ev sahibliyi etməsi tarixi hadisədir

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri 

Tərəflər Konfransı kimi tanınan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının 11-22 noyabr 2024-cü il tarixlərində ölkəmizin paytaxtı Bakıda keçirilməsi dünya birliyinin Azərbaycana siyasi töhfələrindən biridir.Bu il keçiriləcək konfrans 29-cu konfrans olduğu üçün COP29 adlanır. Hər il xüsusi təqvimlər üzrə keçirilən COP-un hədəfi qlobal karbon qazının (CO2) səviyyələrinin 1,5 dərəcədən yuxarı məhdudlaşdırılması istiqamətində irəliləyiş əldə etməkdir və onun missiyası, müddəaların müzakirəsi və həyata keçirilməsi üçün yüksək səviyyədə danışıqlar aparmaqdır.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Kioto Protokolu və Paris Razılaşması əsasında formalaşıb.COP29-un ölkəmiz üçün əhəmiyyəti və gələcək perspektivləri olduqca əhəmiyyətlidir. Konfransın Azərbaycanda keçirilməsi ölkəmizə bir çox aspektlərdə: siyasət, iqtisadiyyat, turizm, investisiya və regional liderlik də daxil olmaqla bir çox sahələrə töhfə verəcəyi gözlənilir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir.

Bakıda noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti öz işinə başlayıb. Ümumiləşdirilmiş şəkildə ifadə etmək olar ki, COP29 tədbiri dünyanın yaşıl gündəliyinə mühüm töhfə, riyakar dairələrə isə böyük siyasi zərbə oldu.

Azərbaycan Prezidenti cənab İlham Əliyev COP29-un Liderlər Sammitinin açılış mərasimində genişməzmunlu çıxış edib. Ölkə başçısı çıxışında qeyd edib ki, Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Multikulturalizmin dövlət siyasətimiz və həyat tərzimiz olduğunu vurğulayan dövlət başçısı Azərbaycan xalqının etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşadığını qeyd edib.

Çıxışı zamanı Möhtərəm Prezident cənab İlham Əliyev bildirib ki, “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin otuz ilə yaxın Ermənistan tərəfindən işğalına və bir milyona yaxın azərbaycanlının öz əzəli torpaqlarından didərgin düşməsinə baxmayaraq, biz güclü ölkə qura bildik, iqtisadiyyatı təmin etdik və müstəqil siyasət həyata keçirdik” “Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik və beləliklə, biz öz suverenliyimizi tam bərpa etdik. Bütün bunlar BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun oldu. Həmin qətnamələr otuz il kağız üzərində qaldı. Biz həmin qətnamələrin tələblərini öz gücümüzlə icra etdik, beynəlxalq hüququ və ədaləti bərpa etdik, Ermənistanın işğalına son qoyduq”.

Belə nüfuzlu tədbirin ölkəmizdə keçirilməsini istəməyən bəzi qüvvələrin cəhdinə baxmayaraq bu dünya səviyyəli tədbirə layiqincə ev sahibliyi etməsi ilə ölkəmiz onun rəhbərinin liderlik bacarığını bütün dünyaya nümayiş etdirməyi bacardı. Prezident İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı bildirib: “COP29-a ev sahibliyi edən ölkə seçildikdən sonra hədəfə çevrildik”. Özünü müstəqil QHT adlandıranların və bəzi siyasətçilərin ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa girdiklərini vurğulayan dövlət başçısı deyib ki, ölkəmizdə 250-dən artıq günəşli günün olmasına baxmayaraq, onlar bizi daha çox neft ölkəsi adlandırırdılar. Biz güclü ölkə qura bildik, müstəqil siyasət həyata keçirdik”

Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar bizə düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda, biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq.

COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın bir çox ölkələr və beynəlxalq təşkilatlarla siyasi əlaqələrinə daha da yüksək səviyyədə müsbət təsir göstərəcək. İqtisadiyyatını daha da gücləndirəcək, investisiya imkanlarının arealını genişləndirəcək, turizm potensialını dərinləşdirəcəkdir.

COP29-un ən yüksək səviyyədə təşkili ilə Azərbaycan bir daha sübut etdi ki, dünya ölkələri qlobal tədbirə ev sahibliyi seçimində səhvə yol verməyiblər. Bir sözlə, Azərbaycan növbəti dəfə ona göstərilən qlobal etimadı və etibarı doğrultmuş oldu.

Ölkə Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasəti, yüksək diqqəti, liderlik məharəti ölkəmizin nüfuzlu dövlətlər sırasında mövqeyini daha da möhkəmləndirərək nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edəcək.

Избранный
15
yeniazerbaycan.com

1Источники