RU

Daşnaksütyun “Qarabağ Hərəkatı”nın əleyhinə idi - Rubinyan

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan ölkənin Müstəqillik Bəyannaməsini tənqid edən Baş nazir Nikol Paşinyana qarşı çıxan “Daşnaksütyun” Partiyasına reaksiya verib.

Teleqraf.com xəbər verir ki, vitse-spiker “daşnaklar”ı vaxtilə Ermənistanın müstəqilliyi əleyhinə çıxmaqda ittiham edib.

“Daşnaksütyun” 1989-cu ildə Ermənistanın müstəqilliyinin əleyhinə idi. Həmin il partiya bürosunun nümayəndəsi Qrayr Maruxyan bu ifadələri sözbəsöz demişdi: “Daşnaksütyun” Partiyası müstəqilliyi özünün əsas məqsədi hesab edir, amma indi hesab edirik ki, xalqımızın rus xalqının köməyinə ehtiyacı olduğu bir vaxtda müstəqillik tələbini irəli sürməyin vaxtı deyil”.

Bundan əlavə, eyni partiya digər üç təşkilatla birgə bəyanatla çıxış edərək, xalqı vətənin nizam-intizamını pozmaqda, həm ali Sovet hakimiyyəti orqanları, həm də digər sovet respublikaları ilə normal münasibətlərə xələl gətirməkdə, eləcə də düşmənlərin mənafeyinə xidmətdə ittiham edərək, onu ölkənin iqtisadi, sənaye, təhsil və mədəni həyatını sarsıdan ifrat mövqelərdən çəkinməyə çağırmışdı”, - Rubinyan deyib.

Rubinyanın iddiasına görə, “Daşnaksütyun” 1989-cu ildə separatçı “Qarabağ Hərəkatı”na da qarşı çıxıb: “O zaman “Daşnaksütyun” digər partiyalarla birlikdə bəyan eləmişdi ki, xalq buna getməməlidir”.

Qeyd edək ki, “Qarabağ Hərəkatı” erməni millətçiləri və separatçılarının Ermənistan SSR və Azərbaycanın Qarabağ bölgəsində 1980-ci illərin sonunda başladıqları bölücü proses idi. “Hərəkat”ın ilkin məqsədi Qarabağı Azərbaycandan qoparıb Ermənistanın tərkibinə qatmaq idi. Bu separatçı məqsədə nail olunmadı.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
14
teleqraf.com

1Источники