“Azərbaycan COP29-u o qədər mükəmməl təşkil edir ki, bu, dünya ölkələrinə göstərilən bir master-kass kimi də qiymələndirilə bilər. Azərbaycan COP 29 konfransında dünyaya, ilk növbədə qlobal iqlim böhranına qarşı ədalətli həll yollarının zəruriliyini çatdırdı".
Bunu hafta.az-a iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.
E.Əmirov qeyd edib ki, Azərbaycan COP 29-da əsas 14 təşəbbüslə çıxış edib ki, bunların arasında əsasən iqlim maliyyəsi, hidrogen texnologiyaları, metan emissiyasının azaldılması istiqamətində görüləcək işlər dayanır. Eyni zamanda bilavasitə yeni kollektiv kəmiyyət hədəfinin müəyyənləşdirməsi ilə bağlı çağırışlar Azərbaycanın COP29-da dünyaya verdiyi mesajlar idi.
E.Əmirov Prezident İlham Əliyevin COP29-dan dünyaya verdiyi mesajlara diqqət çəkib.
“Prezident çıxışı zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətli iqlim maliyyələşdirilməsi, enerji keçidinə dəstək naminə təmiz enerji zonalarının yaradılması ilə bağlı vacib məqamları qeyd elədi.
Prezident ölkəmizin artan iqtisadi, siyasi qüdrətini bir daha vurğulayaraq Azərbaycana qarşı qarayaxma kampaniyası aparan dövlətlərə tutarlı cavab verdi. Bu, dünyanın bir çox aparıcı media qurumlarının diqqətini cəlb etdi və geniş işıqlandırıldı.
Azərbaycan ənənəvi neft ölkəsi olsa da, qeyri-neft ixracı üzrə artımı, xarici borcun səviyyəsi, eyni zamanda iqtisadiyyatın ayrı-arı sektorları üzrə inkişaf tempi Prezident tərəfindən vurğulanaraq ölkənin uğurlu inkişaf dinamıkası bir daha dünyaya çatdırıldı”.