RU

COP29 Paris İqlim Sazişinin "tilsimli" maddəsini də həll edir...

Image

Bakının ev sahibliyi etdiyi COP29 Konfransına dünya miqyasında böyük maraq ifadə edilir. Onu da qeyd edək ki, bu sammit həm də “Maliyyə COP-u” adlanır, çünki konfransın əsas gündəliyi xüsusilə həssas ölkələr üçün iqlim dəyişikliyi ilə mübarizə məqsədilə lazımi maliyyənin necə təmin edilməsidir. Elə bu səbəbdən COP29-a həm böyük maraq, həm də böyük ümidlər var.

Artıq o da məlumdur ki, COP29-da prioritet məsələlərdən biri də Paris İqlim Sazişinin 6-cı maddəsinə uyğun olaraq, tənzimlənən karbon bazarlarının formalaşdırılması və tənzimlənməsi ilə bağlı qərarın qəbul edilməsidir. Bu qərar bir çox dövlətlər, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün vacibdir. İlk növbədə o baxımdan ki, karbon bazarları həqiqətən də tənzimlənən vahid bazara çevrilə bilsə, bu, inkişaf etməkdə olan ölkələrə iqlim maliyyələşməsi ilə bağlı əlavə maliyyə mənbəyinə çıxış imkanı verəcək. Onlar inkişaf etməkdə olan ölkələrin öz iqlim fəaliyyətlərini maliyyələşdirməsi üçün əlavə gəlir mənbəyi ola bilər. Məhz tənzimlənən karbon bazarı imkan verəcək ki, dövlətlərin milli iqlim planları həyata keçirilərkən ildə 250 milyard dollar məbləğində vəsaitə qənaət olunsun. 2015-ci ildə Paris İqlim Sazişinin imzalandıqdan uzun müddət keçsə də, çoxsaylı müzakirələrə baxmayaraq, onun 6.4-cü maddəsi üzrə hələ də razılıq əldə etmək mümkün olmayıb. Bakı sessiyasının isə ilk günündə il ərzində aparılan fəaliyyətin nəticəsi olaraq bu razılaşma əldə olundu. Bu da ümumilikdə prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidləri artırıb. Bu hal qlobal temperatur artımının 1,5 dərəcə Selsi həddində saxlanmasına zəmin yaradır. Dünya 2015-ci ildə Parisdə keçirilən BMT konfransında iqlim dəyişikliyi səbəbindən temperatur artımını sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə yuxarı məhdudlaşdırmağa cəhd etmək barədə razılaşdı. Bu hədəf iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal səylərin mərkəzinə çevrilib. İqlim alimləri illərdir hökumətlərə xəbərdarlıq edir ki, onlar öz ölkələrinin emissiyalarını bu hədəf daxilində saxlamaq üçün kifayət qədər səy göstərmirlər. Çünki barəsində bəhs olunan sazişin 6.4-cü maddəsi üzrə hələ də razılıq əldə etmək mümkün olmayıb. Halbuki, BMT-nin iqlim orqanı IPCC temperaturun artımının1.5 dərəcədə qalmasının müsbət nəticələrini göstərib: dəniz səviyyəsinin yüksəlməsinə görə daha 10 milyon az insan evlərini itirəcək, su çatışmazlığı yaşayan insanların sayı 50 faiz azalacaq və mərcan rifi itkisi 99 faizdən 70 faizə düşəcək.

Təbii ki, hədəflər müəyyən etmək kifayət deyil və ölkələr onları həyata keçirməlidir. Məhz COP29 çərçivəsində belə razılıq üçün ilkin addımlar atılıb.   Bu da dünya üçün olduqca önəmli haldır. BMT-nin araşdırmasına əsasən, istixana qazları tullantılarının həcmi azalır, lakin bu proses ləng gedir, onun sürəti qlobal istiləşməni  cilovlamaq – bu əsrin sonuna qədər temperaturun Selsi şkalası ilə 1,5 dərəcədən çox yüksəlməsinə yol verməmək üçün kifayət deyil. Hesabat müəlliflərinin hesablamalarına görə, Paris Sazişini imzalamış 193 tərəfin iqlim barədə götürdükləri öhdəliklərin indiki vəziyyətində XXI əsrin sonuna qədər istiləşmə Selsi şkalası ilə 2,5 dərəcəyə çata bilər. Mövcud trayektoriyada 2030-cu ilə qədər tullantıların həcmi 2010-cu ilin səviyyəsi ilə müqayisədə 10,6 faiz artacaq. Əvvəl nəzərdə tutulmuşdu ki, bu müddətdə emissiyalar 13,7 faiz artacaq. Beləliklə, artım trayektoriyasını bir qədər azaltmaq mümkün olub.  BMT-nin bundan əvvəlki məruzəsində deyilirdi ki, istixana qazları tullantılarının artması 2030-cu ildən sonra da davam edəcək. Yeni tədqiqatın müəllifləri bildirirlər ki, bu ssenarinin qarşısını almaq mümkün olub, lakin 8 ildən sonra da tullantıların sürətlə azalacağı gözlənilmir. BMT-nin iqlim dəyişmələri barədə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil deyib: “2030-cu ilə qədər tullantıların azalması meyli onu göstərir ki, ölkələr bu məsələdə müəyyən tərəqqiyə nail olublar: “Lakin qlobal temperatur artımının Selsi şkalası ilə 1,5 dərəcə həddində qalması üçün tullantıların azalmasının zəruri həcminə və sürətinə hələ də yaxınlaşmamışıq”. BMT-nin iqlim dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupu 2018-ci ildə bəyan etmişdi ki, 2030-cu ilə qədər tullantıların həcmini 2010-cu ilin səviyyəsi ilə müqayisədə 45 faiz azaltmaq zəruri olacaq. Bu il həmin ekspertlər yeni elmi məlumatlara istinad edərək bildirirlər ki, azalmanın 43 faiz səviyyəsində olması da kifayətdir. Qlazqoda keçirilmiş BMT-nin iqlim dəyişmələri üzrə konfransında bütün ölkələr öz planlarını yenidən nəzərdən keçirmək barədə razılığa gəliblər, lakin cəmi 24 ölkə öz vədlərini yerinə yetirib. Saymon Stil deyib: “BMT-nin iqlim məsələləri üzrə Katibliyinin bu il ikinci məruzəsi keçənilki əsas məruzənin yenilənmiş variantıdır. Ümumi nəticələr təsəlliverici olmasa da, hər halda yeni məruzədə ümid yeri var”. COP29-da atılan addımlar bu ümidləri daha da artırır. Hər halda dünya qəbul edir ki, COP29-un yekunu olaraq həlledici qərarların qəbulu bəşəriyyətin xilasının mühüm şərtidir.

Ramil QULİYEV





Избранный
40
baki-xeber.com

1Источники