RU

“Qarabağ”ın dəvəti ilə 10 klub nümayəndəsi Bakıya gəldi

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın dəvəti ilə 10 klubun nümayəndəsi bu gün Bakıya təşrif buyurub.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansda yer alacaq komandalar noyabrın 15-i gün ərzində Bakıya gəliblər. Artıq bütün klub nümayəndələri Bakıdadır. COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunacaq alyansda Ağdam təmsilçisi ilə yanaşı 10 klub yer alacaq.

Azərbaycan çempionunun dəvəti ilə COP29-da iştirak edəcək klublar bunlardır: “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (Madrid), “Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu” (Portuqaliya), “Flamenqo” (Braziliya), “Malmö” (İsveç). Bu klubların hər biri iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malikdirlər. Sadalanan məsələlərdə daim həssas davranan, inkişaf edən və yaddaqalan layihələr reallaşdıran bu klublar alyans yaradılması barədə sənədə imza atacaqlar. Klublar dayanıqlılıqla bağlı sınaqdan keçirdikləri unikal layihələr barədə təqdimat edəcəklər. Sözügedən 11 tanınmış klub qurumun yaradıcıları hesab olunacaq. Sonradan dayanıqlılıq baxımından fəal olan digər klublar “Qarabağ” və ECA tərəfindən bu alyansa dəvət ediləcəklər.

Qeyd edək ki, alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da Mavi zonanın “Nəsimi” zalında baş tutacaq. Tədbir Mavi zona üçün akkreditasiyadan keçmiş hər kəs üçün açıq olacaq. Tədbirə saat 14:00-da start veriləcək.

Избранный
3
20
arena.az

10Источники