RU

Azad edilmiş ərazilərdə tullantıların müasir standartlara uyğun idarə edilməsi sisteminin qurulması işlərinə başlanılıb

Bakı, TurkicWorld

Dünya əhalisinin böyük bir hissəsi su qıtlığından əziyyət çəkir və gələcəkdə bu problemin daha da kəskinləşəcəyi gözlənilir.

TurkicWorld xəbər verir ki, bu barədə COP29 çərçivəsində "Azərbaycanın ekoloji fəaliyyətinin üçüncü icmalı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O qeyd edib ki, Dövlət Su Komissiyası çərçivəsində su ehtiyatlarının səmərəli istifadəsi, itkilərin azadılması, yeni su mənbələrinin yaradılması, uçotun təkmilləşdirilməsi, idarəetmənin elektronlaşdırılması və digər istiqamətlərdə genişmiqyaslı tədbirlər həyata keçirilir.

"Prezident İlham Əliyevin 2024-cü il 10 oktyabr tarixli sərəncamı ilə "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" təsdiq edilib. Milli Strategiyanın icrası su ehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasını, həmin sahədə idarəetmənin müasirləşdirilməsini, habelə beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur.

Bu gün atmosfer havasının keyfiyyəti ilə bağlı əsas narahatlıq nəqliyyat vasitələrinin sayının sürətlə artması və bir çox hallarda ekoloji standartlara cavab verməyən köhnə avtomobillərin istifadəsi ilə bağlıdır. Nəqliyyat sektorundan emissiyaların azaldılması üçün ölkənin avtomobil parkının yenilənməsi və ekoloji cəhətdən təmiz avtomobillərdən istifadənin genişləndirilməsi istiqamətində tədbirlər görülür. Elektrik və hibrid mühərriki ilə işləyən avtomobillər üçün güzəştlər, nəqliyyat vasitələrinin idxalına istehsal tarixindən asılı olaraq differensial yanaşma tətbiq edilir.

Tullantıların idarə olunması məsələsi də diqqət tələb edir. Bakı şəhərində məişət tullantılarının idarə edilməsində artıq nailiyyətlər vardır. Bölgələrdə müasir regional poliqonların və ötürücü məntəqələrin qurulması və mövcud poliqonların reabilitasiyası nəzərdə tutulur. Hazırda işğaldan azad edilmiş ərazilərdə tullantıların müasir standartlara uyğun idarə edilməsi sisteminin qurulması işlərinə də başlanılıb",- deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
29
2
turkic.world

3Источники