RU

Bakıda iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üzrə gecə-gündüz işləyirlər

“Burada, Bakıda müzakirəçilər iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üzrə yeni hədəf üzərində gecə-gündüz işləyirlər. Gediləsi uzun bir yol var, lakin hamı öz payına düşənin fərqindədir”.

News365.az xəbər verir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stilin Rio-de-Janeyroda keçiriləcək G20 sammiti ərəfəsində yayımladığı mesajında qeyd olunub.

O, G20 liderlərini iqlim dəyişikliyi ilə mübarizədə daha fəal rol oynamağa çağırıb:

“G20 liderləri Rio-de-Janeyroya yollanarkən, dünya baxır və iqlimlə mübarizənin dünyanın ən böyük iqtisadiyyatları üçün ən vacib məsələ olduğuna dair güclü siqnallar gözləyir. G20 heç bir ölkənin və ya bir qrup ölkənin təkbaşına həll edə bilməyəcəyi problemləri həll etmək üçün təsis edilib. Bu mənada, qlobal iqlim böhranı gələn həftə Rioda bir nömrəli məsələ olmalıdır”.

Saymon Stil qlobal iqlim dəyişikliyinin fəsadlarının artıq G20 ölkələrində də hiss edilməyə başladığını, tədarük zəncirlərini zədələdiyini, ərzaq qiymətlərində və inflyasiyada artıma səbəb olduğunu vurğulayıb.

“Emissiyaların sürətlə azaldılması olmadan heç bir G20 iqtisadiyyatı iqlim dəyişikliyindən qaynaqlanan iqtisadi qırğından qurtulmayacaq”, - icraçı katib deyib.

Saymon Stil bu istiqamətdə yaxşı xəbərlərin də olduğunu, bu il dünyada yaşıl enerji və infrastrukturuna 2 trilyon dollar ayrılacağını əlavə edib.

O, gələn həftə baş tutacaq G20 sammitindən son dərəcə aydın qlobal siqnallar göndərilməli olduğunu vurğulayıb.


Избранный
7
7
news365.az

6Источники