RU

Etibarlı istinad MƏNBƏYİ: Oxucuların böyük etimadını qazanan agentlik – FOTOLAR

Bu gün “Azəri-Press” Agentliyinin (APA) yaranmasının 20 ili tamam olur. “Azəri-Press” Agentliyi (APA) MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb.

Agentlik Azərbaycan, rus, ingilis və fars dillərində xəbər xidməti göstərir. Bundan başqa, APA ölkədə və dünyada baş verən ictimai-siyasi, mühüm hadisələrlə bağlı analitik yazılar hazırlayır. APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin, Türkiyə, Rusiya, Gürcüstan və İranda ofisləri fəaliyyət göstərir.

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Medianews.az-a bildirib ki, APA ötən 20 ildə nəinki Azərbaycanın media məkanında, ümumən ictimai mühitində oturuşmuş mütəhərrik struktura çevrilib. Onun sözlərinə görə, APA Azərbaycanda bir media məktəbi formalaşdırıb: “APA işini zamanın tələbinə uyğun qurmağı bacaran və inkişaf edən, obyektivliyi, dəqiqliyi və operativliyi fəaliyyətinin əsas meyarı kimi müəyyənləşdirən media orqanlarımızdan biridir. APA ötən 20 ildə nəinki Azərbaycanın media məkanında, ümumən ictimai mühitində oturuşmuş mütəhərrik struktura çevrilib. APA-nın yaranması yaxşı yadımdadır. APA-nı 5 illik və digər yubileylərində də ürəkdən iştirak etmişəm. İndi də 20 illik yubileyi münasibəti ilə APA-nı təbrik edir, onun bütün kollektivinə – rəhbərliyinə və hər bir əməkdaşına səmimi diləklərimi çatdırır, peşəkar fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram. Vüsalə Mahirqızı bu illər ərzində əzmkar fəaliyyət göstərərək istedadlı jurnalistləri APA-ya toplaya bilib. APA həm də bir media məktəbi formalaşdırıb. İndi “APA Holdinq” kimi geniş və çoxşaxəli fəaliyyət göstərən bu media subyekti 20 ildə getdikcə öz etibarını artırıb, ölkəmizdə və xaricdə istinad ediləsi sanballı media qurumuna çevrilib. Hesab edirəm ki, ötən müddətin nailiyyətləri növbəti uğurlar üçün real təminat və bazadır”.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu Medianews.az-a açıqlamasında APA-nın yüksək peşəkarlıq, obyektivlik və məsuliyyət prinsipləri əsasında cəmiyyətə dürüst informasiya çatdırdığını vurğulayıb. Qeyd edib ki, APA medianın inkişafına töhfə verməyi öz missiyası olaraq yerinə yetirir: “Ötən 20 il ərzində APA Holdinq yüksək peşəkarlıq, obyektivlik və məsuliyyət prinsipləri əsasında cəmiyyətə dürüst informasiya çatdırmağı, medianın inkişafına töhfə verməyi öz missiyası olaraq yerinə yetirib. Bu informasiya agentliyinin bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. APA-nın yaradıcılıq və innovasiya ilə dolu fəaliyyəti Azərbaycan media məkanında əlamətdar iz buraxıb, informasiya sektorunda yüksək standartlar yaradıb. Bu uğurlu yolun hər bir anında, həmçinin ölkəmizin beynəlxalq arenada təbliğində APA-nın göstərdiyi səylər xüsusi dəyərləndirilir. Bu əlamətdar gündə Vüsalə Mahirqızı başda olmaqla, APA-nın bütün kollektivini ürəkdən təbrik edir, yeni nailiyyətlər, yaradıcılıq uğurları və böyük inkişaf yolunda əzmkarlıq arzulayıram. Şübhə etmirəm ki, APA etibarlı informasiya mənbəyi kimi əldə etdiyi nüfuzu gələcəkdə daha da artacaq”.

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist, professor Vüqar Zifəroğlu isə Medianews.az-a deyib ki, “Azəri-Press” İnformasiya Agentliyi 20 illik fəaliyyəti dönəmində Azərbaycan media məkanında özünü kifayət qədər mötəbər informasiya qaynağı, xəbər mənbəyi kimi təsdiq edə bilib. Bu ilk növbədə komandanın peşəkarlığından irəli gələn məsələdir. Eyni zamanda jurnalistikanın professional meyarlarına, dəyərlərinə uyğun şəkildə öz fəaliyyətlərini qura bilməkdən qaynaqlanır. APA mötəbər mənbə, ciddi xəbər ünvanı olaraq, Azərbaycan media məkanında xüsusilə fərqlənir və seçilir. APA-nın müxbir məntəqələrinin olması, beynəlxalq əlaqələr yaratması da xüsusi qeyd olunmalı məqamlardır. Bu mənada mən, başda Vüsalə Mahirqızı olmaqla, APA-nın bütün kollektivini, həmkarlarımızı ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində böyük uğurlar, yeni müvəffəqiyyətlər arzu edirəm”.

İnformasiya agentliyinin keçdiyi 20 illik yola nəzər salan “APA Media Group”un baş redaktoru Nurşən Quliyev isə Medianews.az-a bildirib ki, ötən vaxt ərzində media qurumu böyük işlər görüb. Onun sözlərinə görə, çox kiçik kollektivlə fəaliyyətə başlayan APA-dan sonrakı illərdə jurnalist ordusu keçib: “20 il az müddət deyil. Bu 20 ildə APA-nın keçdiyi yola dönüb nəzər yetirsək, çox işlərin görüldüyünə şahidlik edə bilərik. APA çox kiçik bir kollektivlə fəaliyyətə başlayıb. İlk vaxtlar bizim cəmi yeddi nəfərlik heyətimiz var idi. Sonralar bu kollektiv böyüdü. İndiyə qədər ötən 20 il ərzində APA-dan böyük bir jurnalist ordusu keçib. Vaxtilə APA-da təcrübə keçən, işləyən, yolunu buradan salan, agentliyin böyüməsi üçün əmək sərf edən həmkarlarımız hazırda müxtəlif media qurumlarında, dövlət müəssisələrində, biznes strukturunda, eləcə də ayrı-ayrı sahələrdə fəaliyyət göstərirlər. Onlar APA-da çalışdıqları müddətdə bilik, bacarıq, peşəkarlıq baxımdan nə qazanıblarsa, təbii ki, Vüsalə xanım Mahirqızının, digər rəhbər şəxslərin, o cümlədən mənim də bunda müəyyən qatqımız, əməyimiz olub. İndi onların əldə etdiyi uğurları görüb qürurlanırıq”.

APA-nın Azərbaycan mətbuatında roluna və yerinə nəzər salan N.Quliyev deyib ki, informasiya agentliyi öz dəsti-xəttini, izini yaratmış bir media qurumudur: “Bu illər ərzində oxucuların böyük etibar və etimadını qazanmışıq. Dünyanın nüfuzlu media qurumları üçün də APA etibarlı istinad mənbəyinə çevrilə bilib. MDB məkanında, eyni zamanda Cənubi Qafqazda sayılan, seçilən, nüfuzu olan informasiya resursu olmağı bacarıb. Təbii ki, bu yerə gəlib çatmaq üçün böyük əmək sərf olunub. Bunun hamısını bir-bir sadalamağa ehtiyac yoxdur. Əsas odur ki, APA 20 yaşına gəlib çatıb. Bu 20 il ərzində ən əhəmiyyətli və vacib olan budur ki, APA Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi barədə xəbərləri, 44 günlük Vətən müharibəsinə dair məlumatları sadəcə ölkə daxilində deyil, bütün dünyaya yayıb. İnformasiya agentliyi olaraq APA bütün bu proseslərin bir hissəsinə çevrilib. APA-da hazırda çalışan, əziyyət çəkən, əmək sərf edən, həmçinin vaxtilə bizim kollektivin bir üzvü olan bütün həmkarlarımı 20 illik yubiley münasibətilə təbrik edirəm. Bu təbrikdən Azərbaycan mətbuatına da pay düşür. Çünki Azərbaycan mətbuatı da APA kimi bir dəyərə malikdir. Bu da Azərbaycan mətbuatının daha rəngarəng və sanballı olmasında mühüm faktor sayıla bilər”.

Ərtürk İSMAYIL

Избранный
14
medianews.az

1Источники