BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Kosmik 2030 Gündəliyi”nin məqsədlərinə fəal şəkildə töhfə vermək, o cümlədən kosmik iqtisadiyyat, kosmik cəmiyyət, kosmosa əlçatanlıq və kosmik diplomatiyanı inkişaf etdirmək
Kosmik həlləri müəyyən etmək, monitorinq və hesabat mexanizmi yaratmaq və şəffaflığı təmin etmək
Həmçinin, bəyanatda Azərkosmos və Millətlər Birliyi təşkilatının birgə (Commonwealth) tərəfdaşlığı çərçivəsində İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinə dəstək məqsədilə iqlim dəyişikliyində kosmik texnologiya və coğrafi məlumatlar vasitəsilə təhlillərin aparılması üçün hazırlanmış kompleks proqram da öz əksini tapmışdır. Sonda Sammitin nəticəsi olaraq 20-yə yaxın qlobal kosmik agentliyin liderləri “Kosmosa əsaslanan iqlim təşəbbüslərinin genişləndirilməsinə dair vəd sənədi”ni təsdiq etdilər. Bakıda təsdiq edilmiş bu öhdəlik sənədi növbəti COP tədbirləri üçün qlobal əməkdaşlığı, ölkələrin təcrübə mübadiləsini, iqlim dəyişikliyinin mənfi nəticələrini vaxtında və effektiv şəkildə yumşaltmağın həlledici yollarını ortaya qoyan bir sənəddir. Sammitin gedişində NASA astronavtları Soni Viliems və Nik Heik xüsusi olaraq iqlim dəyişikliyində kosmosu vacibliyini çatdırmaq məqsədilə COP29 tədbiri üçün beynəlxalq kosmik stansiyada çəkilmiş video müraciəti nümayiş olunub. Video müraciətdə astronavtlar kosmosdan baxdıqda Planetimizin hər saniyə dəyişdiyini vurğulayıblar. Bu Sammit kosmik sahədə rəqəmsal infrastruktur, iqlim fəaliyyəti, innovasiya, davamlılıq və qlobal əməkdaşlıq ilə dərindən inteqrasiya olunub. Kosmosun təkcə bir vasitə kimi deyil, elm, texnologiya, siyasət və fəaliyyəti birləşdirən körpü rolunu oynadığı vurğulanıb. Sammit kosmik agentliklər, beynəlxalq təşkilatlar, hökumətlər, tədqiqatçılar və özəl sektor arasında daha güclü tərəfdaşlıq qurmaq imkanı verir. Sammitdən sonra mütəxəssislərin, kosmik agentliklərin, beynəlxalq təşkilatların iştirakı ilə panel sessiyalar öz işinə başlayıb. Panellərdə yerin müşahidəsi, təbii fəlakətlərin idarə edilməsi, peyk texnologiyası və iqlim monitorinqi üçün süni intellektdən istifadəyə dair mövzuların müzakirəsi yer alıb.