RU

Cənubi Qafqazda vəziyyət DƏYİŞİR – Rəsmi Bakı buna RAZILIQ VERMƏYƏCƏK

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında dövlət başçıları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu ilin avqustunda Azərbaycana dövlət səfəri zamanı əldə edilmiş razılaşmaları, həmçinin Rusiyanın Baş naziri Mixail Mişustinin bu günlərdə Bakıya səfəri zamanı təmaslarını nəzərə alaraq, sənaye və nəqliyyat sahələrində qarşılıqlı faydalı layihələrin praktiki olaraq həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin hərtərəfli inkişafının davam etdirilməsinə dair qarşılıqlı maraqlarını bir daha ifadə ediblər. Müzakirə olunan məsələlərin icrası məqsədilə müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.

Sənaye və nəqliyyat sahələrində qarşılıqlı faydalı layihələrin praktiki olaraq həyata keçirilməsi məsələlərinin müzakirə edilməsi məsələsi istər-istəməz diqqəti Zəngəzur dəhlizinə yönəldir. Bu dəhlizin açılması istiqamətində vəziyyət hazırda nə yerdədir? Zəngəzur dəhlizinin indiyə qədər açılmamasına başlıca səbəb və ya maneə nədir? Rusiya bu maneənin aradan qaldırılmasında nə dərəcədə maraqlıdır, hansı təsirli addımlar atır?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Rusiyanın hazırda Azərbaycanla daha sıx əməkdaşlıq etməyə ehtiyacı var.

Onun sözlərinə görə, bunun əsas səbəbi Rusiyanın dünyadan demək olar ki, təcrid olunmasıdır: “Ukrayna savaşı ətrafında da müəyyən səhnəarxası danışıqların getməsi ilə bağlı məlumatlar var. Bu baxımdan, hazırda Rusiyanın dünyaya çıxış pəncərəsi qazanması üçün Azərbaycan strateji əhəmiyyət daşıyan ölkəyə çevrilib. Burada da təbii ki, Zəngəzur dəhlizinin böyük əhəmiyyəti var. ABŞ-də Donald Trampın hakimiyyətə gəlişi ilə Cənubi Qafqazda vəziyyətin dəyişəcəyi gözlənilir. Bu situasiyadan Rusiya maksimum səviyyədə yararlanmaq niyyətinin olduğunu büruzə verir. Çünki Trampın Cənubi Qafqaz siyasətinin Bayden Administrasiyasının Ermənistana verdiyi dəstəkdən nisbətən fərqli olacağı da istisna olunmur. Rusiyanın əsas iddialarından biri ondan ibarətdir ki, Zəngəzur dəhlizi açılsın və dəhlizə məhz Rusiya Sərhəd Qoşunları nəzarət etsin. Bu məsələdə Azərbaycanın mövqeyi Rusiya üçün böyük əhəmiyyət daşıyır. Son zamanlar Ermənistan siyasi dairələrində də müəyyən narahatlığın olduğu müşahidə olunur. Rəsmi İrəvan belə bir qənaətə gəlməyə başlayıb ki, Trampın hakimiyyətə gəlişi Ermənistanın mövqelərini daha da zəiflədə bilər. Ermənistan Cənubi Qafqazda təklənmiş dövlətə çevrilə bilər. Ona görə də Nikol Paşinyan hakimiyyəti son vaxtlar Azərbaycanla anlaşmağa, eyni zamanda Rusiya ilə münasibətləri normallaşdırmağa yönəlik addımlar atmaq niyyətini büruzə verir. Bu, artıq açıq-aşkar müşahidə olunan məsələdir”.

Politoloq vurğulayıb ki, Paşinyan hakimiyyəti müəyyən mənada təlaşa, tələskənlik əhval-ruhiyyəsinə qapılmağa başlayıb: “Maraqlı cəhətlərdən biri ondan ibarətdir ki, Paşinyanın son açıqlamasında erməni cəmiyyətinə real Ermənistan mesajları var. Yəni, baş nazir ermənilərə mesaj verir ki, Ermənistanın delimitasiya olunduqdan sonra dəqiqləşəcək sərhədlərindən kənarda Ermənistan yoxdur. Qonşu ölkələrlə, xüsusən də Azərbaycanla normal münasibətlər qaçılmazdır. Həmin mesajların sırasında müstəqilik aktının Ermənistan dövlətçiliyinin mövcudluğuna əngəl törədən faktorlar sırasında olduğuna dair eyham da var. Yəni, Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətini müəyyən mənada Azərbaycanla yekun sülh sazişinin imzalanmasına hazırlamağa çalışır. Digər tərəfdən, Paşinyanın açıqlamasında daha önəmli məqam var. Bu da ondan ibarətdir ki, Azərbaycanla strateji bir sənəd imzalamaq niyyətini bəyan edib. Həmin sənədə görə, guya Azərbaycan və Ermənistan gələcəkdə dinc və sülh şəraitində yaşamaq istiqamətlərini ortaq şəkildə müəyyən etməlidirlər. Təbii ki, bu sıraya Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ də daxildir. Paşinyanın açıqlamasında vurğulanır ki, rəsmi İrəvan Azərbaycana regional nəqliyyat kommunikasiya xətlərinin açılması ilə bağlı yeni təkliflər göndərib. Nəqliyyat kommunikasiya xəttinin açılması Zəngəzur dəhlizinin açılması anlamına gəlib çıxır. Çünki rəsmi Bakı Zəngəzur dəhlizi açılmadan heç bir nəqliyyat kommunikasiya xəttinin açılmasına razılıq verməyəcək”.

E.Xalidbəyli qeyd edib ki, Qərbdən tədricən bütün ümidlərini üzməyə başlayan Ermənistan Zəngəzur dəhlizinin açılması, xüsusilə bu prosesin Azərbaycanın şərtləri daxilində baş verməsi üçün razılıq vermək məcburiyyətində qalıb: “Əgər bu baş verərsə, Ermənistan öz gələcək təhlükəsizliyinə ABŞ və Qərbdən deyil, Azərbaycandan təminat almış olacaq. Eyni zamanda, Azərbaycanla iqtisadi, ticari münasibətlər qurmaqla Ermənistanın inkişaf perspektivlərinin önünü açmış olacaq. Təbii ki, Paşinyan hakimiyyəti hazırda buna can atır və tələsdiyi də hiss olunur. Yəni, Zəngəzur dəhlizinin yekun sülh sazişinin imzalanmasından sonra açılması kifayət qədər yüksəkdir. Təbii ki, Rusiyada da bu barədə Paşinyan hakimiyyətinin atdığı istiqamətlərlə bağlı məlumatlıdırlar. Ona görə də Azərbaycanla təmasları sıxlaşdırmağa çalışırlar ki, Zəngəzur dəhlizi açılacağı təqdirdə burada Rusiyanın maraqları da nəzərə alınsın. Çünki Azərbaycanın mövqeyi çox böyük önəm daşıyır. Rusiya da Azərbaycanla ortaq hərəkət etmək niyyətini büruzə verir. Əgər Zəngəzur dəhlizi açılarsa, Rusiya Zəngəzur dəhlizində mənfəət payını yerləşdirmək niyyətindədir. Hadisələrin hansı istiqamətlər alacağı Tramp Administrasiyasının səlahiyyətlərinin icrasına başlamasından sonra məlum olacaq. Zəngəzur dəhlizinin açılması qarşısında indiyə qədər ən böyük əngəllərdən ABŞ, Avropa İttifaqı və Fransa maraqları idi. Onlar Zəngəzur dəhlizinə nəzarət uğrunda Rusiya ilə rəqabət aparırdılar. Hazırda situasiya nisbətən dəyişməyə başlayıb. Rusiya ABŞ, Avropa İttifaqı və Fransanı bu prosesdən kənarlaşdırmağın mümkünlüyünə inanmış kimi görünür. Ona görə də Azərbaycanla daha sıx şəkildə tərəfdaşlıq etmək niyyətini büruzə verir”.

Nailə QASIMOVA

Избранный
28
50
medianews.az

10Источники