Avropa Birliyinin (AB) üzv dövlətlərinə İsraillə siyasi dialoqu dayandırmağı təklif edəcəm.
Teleqraf.com xəbər verir ki, bunu AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel deyib.
Borrel İsrailin Qəzza zolağı və Livandakı hərbi əməliyyatları ilə bağlı kəskin açıqlama verərək, yəhudi dövlətini beynəlxalq hüququ pozmaqda ittiham edib.
“Beynəlxalq qaydaların ardıcıl olaraq pozulduğu hallarda biz viza qadağaları və idxal məhdudiyyətlərindən tutmuş iqtisadi sanksiyalara qədər bir çox sanksiyalar tətbiq edirik. İndiyə qədər İsrail hər hansı ciddi nəticələrdən azad idi. Bu dəyişməlidir”, - AB-nin baş diplomatı bildirib.
Çıxışının davamında Borrel əlavə edib:
“Mən həmçinin AB-nin insan hüquqları üzrə xüsusi nümayəndəsindən İsrailin AB ilə assosiasiya sazişini yerinə yetirməsinə qiymət verməsini xahiş etmişəm və onu tezliklə üzv dövlətlərimizə təqdim edəcəm. Həmin qiymətləndirməyə əsasən, mən AB-yə üzv dövlətlərə İsraillə siyasi dialoqu dayandırmağı təklif edəcəm. Bütün bir il eşidilməyən istəklərdən sonra biz həmişəki kimi işləməyə davam edə bilmərik”.