RU

Xəzər İqlim və Dayanıqlılıq Mərkəzi yaradıldı

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Xəzər dənizi hövzəsi: risklərin qiymətləndirilməsi və aradan qaldırılması” mövzusunda dəyirmi masa müzakirələrində iştirak edib.

Azərbaycanın evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC , ADA Universiteti, IDEA İB, “Caspian İntegrated Scientific Network”, ABŞ-ın Kaliforniya Universiteti və BMT-nin Ətraf Mühit Proqramının birgə təşkil etdiyi toplantının açılışında çıxış edən Leyla Əliyeva Xəzər dənizinin ətraf mühitinin mühafizəsinin əhəmiyyətini vurğulayıb. İDEA rəhbəri Dünya göllərinin ümumi su ehtiyatlarının 40 faizdən çoxunu təşkil edən Xəzər dənizinin malik olduğu zəngin ekosistem barədə tədbir iştirakçılarına məlumat verilib. Leyla Əliyeva Xəzər dənizində yaşanan problemlərin bir sıra canlıların, o cümlədən suitilər, nərə və qızılbalıqların populyasiyasına təsir etdiyini bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti IDEA-nın müvafiq fəaliyyətlərinə, o cümlədən “Zəngin hövzələr”, “Bir damcı” layihələri və “Blue Marine Foundation” təşkilatı ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizində yaradılan ilk dənizkənarı mühafizə olunan ərazi seçilmiş Qızılağac Milli Parkı ilə bağlı bir sıra məsələlərə toxunub. Leyla Əliyeva qeyd edib ki, 2011-ci ildən bəri 7 mindən çox könüllünün yardımı ilə sahilyanı ərazilərdən 120 tona yaxın tullantı toplanaraq təkrar emal edilib. O, ətraf mühitin mühafizəsi sahəsində gənclərin rolunu toxunaraq Xəzər dənizinin gələcək nəsillər üçün qorunub saxlanılması üçün gənc mütəxəssislərin yetişdirilməsinin əhəmiyyətini vurğulayıb.

İDEA rəhbəri Xəzər dənizinin nadir ekoloji sisteminin qorunması naminə monitorinq və davamlı təhlillərin aparılmasının vacibliyini qeyd edərək beynəlxalq ekspertlər və tədqiqat mərkəzlərinin nümayəndələrini birgə layihə və təşəbbüslərlə çıxış etməyə çağırıb.

Dəyirmi masada Bakı Limanının baş direktoru Taleh Ziyadov, BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında ölkəmizin daimi nümayəndəsi Qalib İsrafilov, BMT “GRID-Geneva” proqramının rəhbəri Paskal Peduzzi, UCLA Universiteti Ətraf Mühit və Dayanıqlılıq İnstitutunun professoru, “CTrees” layihəsinin rəhbəri Sassan Saatchi, Bakı Limanının eksperti və CASPISNET-in koordinatoru Elnur Səfərov, Nazarbayev Universitetinin professoru Emil Bayramov və Rusiya Elmlər Akademiyası P.Şirşov adına Okeanologiya İnstitutunun professoru Andrey Kostyanoy fikir və mülahizələrini söyləyiblər.

Sonda Xəzər İqlim və Dayanıqlılıq Mərkəzinin yaradılması elan edilib.

XQ

Избранный
20
41
xalqqazeti.az

10Источники