RU

Milli dirçəlişlə başlayan zəfər yolu – Tənzilə Rüstəmxanlı yazır

Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpasında tarixi rol oynayıb.

O zaman ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi və 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı.

Milyonlarla insanın toplaşdığı “Azadlıq”meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi. “Ömür kitabı” ilə milli ruhumuzu yenidən dirçəldən Sabir Rüstəmxanlının da liderlərindən biri olduğu Meydan Hərəkatı Milli Azadlıq Hərəkatına çevrildi.

Azərbaycan xalqı azadlığı, dövlət mütəqilliyi uğrunda mücadiləyə qalxdı. Çətin bir yol olsa da, müstəqilliyin böyük nemət olması insanları heç nədən çəkindirmədi. “Azadlıq”, “Qarabağ bizimdir” kimi şüarlarla keçirilən mitinqlər Bakını, eləcə də respublikamızın şəhər və rayonlarını bürüdü. Bu artıq böyük bir oyanış idi.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Qarabağda yaşayan ermənilərin separatçılıq hərəkatı, yüz minlərlə azərbaycanlının tarixi torpaqlarından uzaqlaşdırılması istiqlal mübarizəsinin əsasını qoydu. Artıq 70 il hökm sürmüş imperiyanın əsl mahiyyəti hər kəsə aydın idi. Onun buxovlarından xilas olmaq məqamı yetişmişdi.

17 günlük Meydan Hərəkatı Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olundu.

Hər il Azərbaycanda 17 Noyabr Milli Dirçəliş gününün qeyd edilməsi məhz tarixi reallıqlara söykənir. Milli Dirçəliş yolu milli birlik və milli həmrəylikdən keçir. 17 noyabr hadisəsi sübut etdi ki, Azərbaycan xalqının məqsədi, məramı azadlıq, müstəqillikdir və bu yolda canlar fəda edilsə də, xalq iradəsini qırmaq qeyri-mümkündür.

Meydan hərəkatının 2-ci ildönümündə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyasında Muxtar Respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı.

Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. 1993-cü ilin iyun ayının 15-də onun yenidən Azərbaycana rəhbərliyə qayıdışı Azərbaycan həyatında dönüş nöqtəsi oldu. Azərbaycanda inkişafın yeni mərhələsi başlandı.

Müstəqil Azərbaycanın bütün sahələrdə qazandığı möhtəşəm nailiyyətlər Heydər Əliyev ideyalarının təntənəsi və milli tariximizin şanlı səhifələridir. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu və çoxşaxəli siyasi kursu ilə müstəqilliyimiz daha da möhkəmlənib. Ən əsası da odur ki, indi Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Əldə olunan bütün nailiyyətlər, nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkəmizin möhtəşəm Qələbəsini şərtləndirdi. İndi çox aydın görünür ki, Azərbaycan xalqının ən böyük arzusu və istəyi olan bu müqəddəs Qələbə təkcə 44 günün ərzində qazanılmayıb. Bu Qələbə və Qələbəyə aparan yol həmin Meydandan, torpaqlarını itirmiş, hər şeydən ümidi üzülmüş, iqtisadi böhrana düçar olmuş bir xalqın Ulu Öndər Heydər Əliyevə müraciəti və xalqın israrlı tələbi ilə onun hakimiyyətə qayıdışından, dövlətçilik ənənələrinin yaradılması və möhkəmləndiriməsi, hüquqi dövlət quruculuğu, milli iqtisadiyyatın dirçəldilməsi və inkişaf etdirilməsi istiqamətində görülmüş irimiqyaslı işlərdən başlamış və Prezident, Sərkərdə, Milli Lider kimi İlham Əliyevin fövqəladə tarixi uğurları ilə davam etdirilir. Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfər Milli Dirçəlişlə başlayan yolun zirvə nöqtəsi oldu.

Tənzilə Rüstəmxanlı
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı

Избранный
39
1
yenicag.az

2Источники