RU

Tahir Mirkişili: Sosial yönümlü xərclərin ümumi xərclərin 41%-nə çatdırılması müsbət haldır

Təqdim olunmuş layihəyə münasibət bildirmək üçün bir neçə, əsasən də 5 aspektə - növbəti il və sonrakı 3 il üçün proqnozlaşdırılan makro çərçivə, gəlirlərin bu çərçivəyə uyğunluğu, xərclərin dövlət və cəmiyyət qarşısında duran çağırışlarla uzlaşması, kəsirin riski və büdcə qaydasına diqqət yetirmək lazımdır.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Tahir Mirkişili bildirib.

Tahir Mirkişili deyib ki, cari ilin sonunda ölkədə ÜDM-in 4.2%, qeyri-neft sektorunun isə 6.4% böyüməsi, orta illik inflyasiyanın 2.7% olması, əhalinin real gəlirlərinin 4.5% artması yaxşı göstəricidir: “Nəzərə alsaq ki, cari ildə qlobal iqtisadi artım təxminən 3% olub, inflyasiya 5.8% olub, o zaman bizim göstəricilərin yüksək olması dərhal nəzərə çarpır. Biz bu göstəricilərə bəzi ölkələr kimi süni şəkildə idxalı və ixracı, yenidən ixracı, sanksiyalarla alver edərək deyil, təbii şəkildə, heç bir beynəlxalq qanun pozuntuları etmədən nail olmuşuq. Bu nöqteyi nəzərdən, növbəti ilə ÜDM artım tempinin 3.5%, qeyri-neft sektorunun 4.9% proqnozlaşdırılması da məqbuldur”.

Deputat hesab edir ki, baza ssenari üzrə neftin qiymətinin 70 dollardan götürülməsi reallığa çox yaxındır: “Maliyyə Nazirliyinin təqdimatına görə, qiymətin 60 dollara qədər düşdüyü halda dövlət büdcəsinin neft-qaz gəlirlərinin 340 mln manat azalacağı göstərilir. Bu halda belə hökumətin bu riski idarəetmək imkanlar mövcud olacaq. Hesab edirəm ki, qaz qiymətləri baza ssenaridə göstərilən 242 dollardan çox olacaq. Avropa Birliyi və Çin iqtisadiyyatında baş verən hadisələr bunu deməyə imkan verir. Həm də nəzərə alsaq ki, dünyanın yaşıl enerji gündəliyində qaz “keçid yanaçaq” kimi qəbul edilir, bu o demək ki, yaşıl gündəlikdə belə qaza olan tələbat artacaq”.

Tahir Mirkişili qeyd edib ki, növbəti ildə orta illik inflyasiyanın 4.6%-dək yüksələcəyi yaxşı xəbər olmasa da, qlobal inflyasiyanın növbəti ildə 4.3% olacağı ilə bağlı proqnozlar bu rəqəmi məqbul edir: “Dövlət büdcəsinin gəlirləri 1.928 mlrd manat artırılaraq 38.316 mlrd manata çatdırılıb. Bunun da 19.5 mlrd manatı qeyri neft qaz sektorundan formalaşır (qeyri neft qaz ÜDM-in 21% i). DNF fondundan transfert artımını nəzərdə tutmasaq, o zaman artım 228 mln manatdir. Gəlirlər ÜDM-in 29.7%-ni təşkil edir. 129.2 mlrd manatlıq ÜDM üçün 38.3 mlrd manatlıq dövlət büdcəsi gəlirləri məncə məqbul hesab edilə bilər. Qeyri-neft qaz (QNQ) sektorunun gəlirlərinin 924 mln manat artırılması (5%) QNQ artım proqnozlarına uyğundur, hətta deyərdim ki, proqnozu da üstələyir. Dövlət vergi xidmət tərəfindən proqnozlaşdırılan qeyri-neft sektoru üzrə daxilolmaların 9% və ya 1 mlrd manat artırılması sektor üzrə ÜDM-in artım tempini üstələsə də, dövlət büdcəsi üçün yaxşı xəbərdir. Əminəm ki, ölkədə vergi mədəniyyətinin formalaşmasına və effektiv icra mexanizmlərini yaradılmasına nail olan DVX bu öhdəliyi icra edə biləcək. Dövlət Neft Fondundan transfertin artırılması indiki geo-siyasi vəziyyətdə çağırışların tələbi ilə reallaşdırılacaq. Dövlət Gömrük Komitəsi tərəfindən də nail olunan bu ilin icra göstəriciləri növbəti ildə 165 mln manat artırılmış öhdəliyi icra etməsinə əminlik yaradır. Digər tərəfdən, dövlət büdcəsinin xərcləri isə 1625.3 mln manat artırılaraq 41367.6 mln manata çatdırılıb, ÜDM-də çəkisinin 32% olması məqbuldur. Hərbi xərclərin artırılmasını dəstəkləyirəm, indiki zamanda bu bizim üçün çox vacibdir. Sosial yönümlü xərclərin ilk dəfə olaraq 1.370 mlrd man artırılalaraq ümumi xərclərin 41%-nə çatdırılmasını əhalinin sosial rifahının yaxşılaşması baxımından müsbət hal hesab edirəm. 2025-ci il Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin cari il ilə nisbətən azalaraq 2.4% olması da məqbul göstərici sayıla bilər. Kəsirin maliyyələşməsində daxili borclanmaya üstünlük verilməsi əvvəlki illərdə tətbiq olunan metodlardan biridir. Kəsirin maliyyələşməsində ciddi risklər görünmür. 025-ci ilin dövlət büdcəsi haqqında Qanun layihəsinə dair İzahata əsasən isə “Büdcə sistemi haqqında” Qanuna, o cümlədən büdcə qaydasına dəyişiklik edilməsi və icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin yuxarı həddinin yalnız ortamüddətli dövrün sonuna müəyyənləşdirilməsi nəzərdə tutulub. 2028-ci il üzrə müvafiq göstəricinin 15,5% səviyyəsində müəyyən edilməsi təklif olunur. Bu yanaşma çevik idarəetməyə şərait yarada bilər”.

Избранный
24
1
apa.az

2Источники