RU

"İnsan kapitalına investisiyaların davamlı kənd təsərrüfatı transformasiyasına təsiri” mövzusunda panel müzakirələr keçirilib

Bakıda noyabrın 22-dək davam edəcək COP29 beynəlxalq iqlim konfransı çərçivəsində Mavi Zona ilə paralel olaraq, Yaşıl Zonada da tədbirlər davam edir.

“İki sahil” xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi, Beynəlxalq Aqrar Tədqiqatlar üzrə Məsləhət Qrupu (CGIAR) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə Yaşıl Zonada "AgriFuture 2024: İnsan kapitalına investisiyaların davamlı kənd təsərrüfatı transformasiyasına təsiri” mövzunda tədbir təşkil olunub. Tədbirdə dayanıqlı və ədalətli gələcək üçün qadınların, gənclərin və innovasiyaların gücləndirilməsinin iqlim təsirlərinə davamlı kənd təsərrüfatında rolu və iqlim fəaliyyətinə təsiri, iqlimə davamlı aqro-qida sistemləri üçün insan kapitalı: liderlik, elm və icma perspektivləri mövzularında panel müzakirələr keçirilib.

Tədbiri açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, kənd təsərrüfatı iqtisadiyyatın dəstəklənməsi, əhalinin məşğulluğunun təmin olunması, ərzaqla təminatda vacib rol oynayır. Hazırda iqlim dəyişikliyi, məhdud resurslar və dəyişən bazar tələbləri aqrar sahəyə hər tərəfdən təzyiq edir. Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı icra edilən tədbirlərin tərkib hissəsi kimi gənc və qadınların potensial imkanlarının düzgün qiymətləndirilməsi, onların məşğulluq səviyyəsinin artırılması, innovativ layihələrdə iştirakının stimullaşdırılması aqrar siyasətin əsas hədəflərindəndir.

Panel sessiyada çıxış edən Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) icraçı direktoru İsmahane Elouafi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin direktoru Kaveh Zahedi iqlim dəyişikliyi, qida təhlükəsizliyi və su qıtlığı kimi qlobal çağırışların həlli istiqamətində qadınların və gənclərin fəal iştirakının vacibliyinə toxunub, kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqinin əhəmiyyəti, rəqəmsal həllərin istehsalın avtomatlaşdırılmasında rolu, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, məhsuldarlığın artırılması yolları ilə bağlı fikirlərini bölüşüblər.

Nazir Məcnun Məmmədov fermerlərin üzləşdikləri çətinliklərin həlli istiqamətində Azərbaycanın kənd təsərrüfatı, ətraf mühit və iqlim məsələlərini özündə ehtiva edən Fermerlər üçün “Bakı Harmoniya İqlim Təşəbbüsü”nün növbəti gündə daha ətraflı müzakirələrə açılacağını diqqətə çatdırıb. Qeyd olunub ki, Hamoniya kənd təsərrüfatında, qida sistemlərində və su idarəçiliyində iqlim dəyişikliyinə uyğunlaşma və davamlı inkişafın təşviqinə yönəlməklə, müxtəlif təşəbbüsləri, koalisiyaları və tərəfdaşlıqları birləşdirən mərkəzi platforma rolunu oynayacaq, kənd təsərrüfatı sistemlərinin transformasiyasını dəstəkləyəcək. Həmçinin davamlı kənd təsərrüfatını dəstəkləyən investisiyaları səfərbər etməyə imkan verəcək, kənd təsərrüfatının onurğa sütunu və gələcək dayanıqlığın əsas hərəkətverici qüvvəsi olan fermerlərin, xüsusilə qadınların və gənclərin imkanlarının artırılmasına xidmət edəcək.

“İqlimə davamlı aqro-qida sistemləri üçün insan kapitalı: liderlik, elm və icma perspektivləri” mövzusunda panel sessiyada Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzinin (İCARDA) mütəxəssisi Akmal Əkrəmxanov, Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova, “Agroficient” startapının baş direktoru Emil Hüseynli, “Digital Umbrella” şirkətinin rəhbəri Ulduzə Xəlilova və CGIAR-ın Mərkəzi və Qərbi Asiya və Şimali Afrika üzrə regional direktoru Aly Abousabaa çıxışlarında fərdi təsərrüfatlara dəstək, ərzaq təhlükəsizliyinin təmin olunması, iqlim dəyişikliyinin aqrar sahəyə təsiri, rəqəmsal kənd təsərrüfatı, torpaq və su resurslarından səmərəli istifadə, təbii sərvətlərin və ekoloji tarazlığın qorunması, aqro-ərzaq sistemlərinin rəqəmsal transformasiyası, kənd yerlərinin və icmaların davamlı inkişafı üçün dayanıqlı kənd təsərrüfatı sisteminin qurulması mövzularına toxunub, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Избранный
11
3
ikisahil.az

10Источники