RU

Muxtar Babayev: COP29 çərçivəsində qeyri-bazar yanaşmalarına dair 6.8-ci maddə qəbul edilib

COP29 çərçivəsində bu gün qeyri-bazar yanaşmalarına dair 6.8-ci maddə qəbul edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"Biz artıq sübut etdik ki, uğur əldə edə bilərik. İlk gündə gündəliyi qəbul etməklə ilk testi keçdik. Daha sonra COP29 komandasının qalan fikir ayrılıqlarını həll etmək üçün intensiv iş günləri gəldi. Biz 6.4-cü maddənin standartları ilə bağlı razılığa gəldik. Bu, 6-cı maddə üzrə danışıqların tamamlanması yolunda mühüm addımlardır", - deyə nazir qeyd edib.

Nazir həmçinin, "Zərər və İtkilər Fondu"nun imzalanmasını, qəbul edən tərəflə etibarlı idarəçilər arasında razılaşmaların bağlanmasını və yerli icmalar və yerli xalqlar üçün Platforma çərçivəsində Bakı İş Planının yaradılmasını vurğulayıb. Onun sözlərinə görə, bu addımlar COP29 çərçivəsində əldə olunan əhəmiyyətli irəliləyişi əks etdirir.

Bununla yanaşı, Babayev danışıqların tempi ilə bağlı narahatlığını ifadə edib. O vurğulayıb ki, tərəflər prosesləri sürətləndirməli və razılaşdırılmış qərara gəlməlidir.

"Bu həftə danışıqların son mərhələyə qədəm qoyduğu bir vaxtda dünyanın hər yerindən nazirləri qəbul edəcəyik. Siyasətçilərin ədalətli və iddialı bir razılığa nail olmaq gücü var. Onlar bu məsuliyyəti yalnız yerinə yetirməməli, həm də dərhal və konstruktiv şəkildə hərəkətə keçməlidirlər", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
1
3
operativmedia.az

4Источники