Avropa İttifaqı (Aİ) Rusiyaya və Yaxın Şərqdəki qruplara hərbi tədarük etdiyi iddiası ilə İrana qarşı sanksiyaları genişləndirib və Tehrana qarşı ticarət məhdudiyyətləri əlavə edib. Yeniavaz.com xəbər verir ki, bu barədə Brüsseldə iclası keçirilən Aİ Şurası məlumat yayıb. “Bu gün Şura Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə, eləcə də Yaxın Şərq və Qırmızı dəniz regionunda silahlı qruplar və təşkilatlara hərbi dəstəyi ilə əlaqədar İrana məhdudlaşdırıcı tədbirlərin əhatə dairəsini genişləndirmək qərarına gəlib. Bu əlavə tədbir İranın pilotsuz uçuş aparatlarının, raketlərinin və əlaqədar texnologiya və komponentlərinin ötürülməsi üçün gəmi və limanlardan istifadəni hədəfləyir”, - sənəddə qeyd olunub. Qərar həmçinin, raketlərin və PUA-ların hazırlanmasında və istehsalında istifadə olunan komponentlərin Aİ-dən İrana ixracına, ötürülməsinə, tədarükünə və ya satışına qadağa qoyur. Bundan əlavə, Aİ şəxslər və qurumların sahib olduğu, idarə etdiyi və ya nəzarət etdiyi, ya da İran PUA və ya raketlərinin və ya əlaqəli texnologiyaların və komponentlərin ötürülməsi üçün istifadə etdiyi limanlar və şlüzlərlə hər hansı əməliyyatları qadağan edir. Aİ həmçinin İranın ən böyük gəmi sahibi şirkəti olan İran İslam Respublikası Dəniz Gəmiçiliyi Qrupu və onun direktoru da daxil olmaqla bir nəfəri və dörd təşkilatı qara siyahıya salıb. Siyahıya İran silah və sursatlarını daşıdığı iddia edilən üç Rusiya gəmi şirkəti də daxil edilib.