RU

Mateo Reteqi və Marko Baroni - A Seriyasında ayın ən yaxşıları!

“Atalanta”nın italiyalı hücumçusu Mateo Reteqi İtaliya A Seriyasında (2024/2025 mövsümü) oktyabr ayının ən yaxşı futbolçusu seçilib.

Arena.az bu barədə A Seriyasının rəsmi saytına istinadən xəbər verir.

23 yaşlı futbolçu ötən ay keçirdiyi 4 oyunda 6 qol və 3 məhsuldar ötürməyə imza atmaqla bu uğura nail olub.

Qeyd edək ki, Reteqi cari mövsümdə A Seriyasında ayın ən yaxşı futbolçusu seçilən ilk “Atalanta” oyunçusudur. Əvvəlki aylarda “İnter”in fransalı futbolçusu Markus Türam (avqust) və “Napoli”nin gürcü hücumçusu Xviça Kvaratsxeliya (sentyabr) ən yaxşı seçilmişdilər.

Mateo Reteqi “River Pleyt” və “Boka Xuniors” kimi klubların yetirməsidir. O, icarə əsasında “Estudiantes” və “Talyeres”də də forma geyinib. Hücumçu 2022-ci ilin fevralında “Boka Xuniors”dan icarə əsasında “Tiqre” klubuna keçib. “Tiqre” “Boka Xuniors”a 8.05 milyon avro ödəməklə onun transfer hüquqlarını aldıqdan sonra 15,25 milyona “Cenoa”ya satıb. “Atalanta” isə Reteqini 2024-cü ilin avqust ayında 22 milyon avro müqabilində heyətinə qatıb. Futbolçunun bu klubla 2028-ci 30 iyununa qədər müqaviləsi mövcuddur.

Reteqi “Atalanta”nın heyətində 17 oyuna çıxıb, 11 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Mateo 2023-cü ildən dəvət aldığı İtaliya yığmasında 18 oyuna 6 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

İtaliya A Seriyasında oktyabr ayının ən yaxşı məşqçisi də müəyyənləşib. Bu ada “Latsio”nun baş məşqçisi Marko Baroni layiq görülüb. Onun komandası oktyabr ayında 4 oyuna 3 qələbə qazanıb, 1 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, bu mövsüm Marko Baronidən öncə bu mükafatı “Torino”nu çalışdıran Paolo Vanoli (avqust) və “Napoli”yə rəhbərlik edən Antonio Konte (sentyabr) qazanmışdılar.

Marko Baroni 2024-cü ilin iyul ayından “Latsio”nu çalışdırır. O, paytaxt təmsilçisini 16 oyuna çıxarıb, 12 qələbə, 1 heç-heçə, 3 məğlubiyyət görüb. 61 yaşlı italyan mütəxəssis daha öncə “Verona”, “Leççe”, “Recina”, “Kremoneze”, “Frozinone”, “Benevento”, “Novara”, “Peskara”, “Virtus Lansano”, “Syena”, “Ankona”, “Südtirol”, “Karrareze” kimi klublarda da baş məşqçilik edib.

Избранный
14
arena.az

1Источники