RU

Gecələr yuxuma girərdi Allah - Günün şeiri

Kulis.az "Günün şeiri" layihəsindən Adil Mirseyidin "Gecə yağışı" şeirini təqdim edir.

Bir gecə oyandım yağış səsinə,
Bilmədim hardayam, kiməm, nəçiyəm.
Göylərdən qovulmuş mələyəm, bəlkə...
Bəlkə də, bir sərxoş meyxanəçiyəm.

Necə inanırdım bəxt ulduzuma,
Mən sözün sehrinə bel bağlayırdım.
Gecələr yuxuma girərdi Allah
Mən ona sirr verib, sirr saxlayardım

Nə tüfəng asılıb divardan, nə saz,
Bəlkə, öz ömrümü uydurmuşam mən.
Bəlkə, yüz il əvvəl oynamalıydım,
Bəlkə, bu yuxudan gec durmuşam mən.

Nə bir at kişnəyir, nə köpək hürür,
Divar saatı da susub qorxuda.
Yüz il öncə yağan yağışın səsi,
Bu gecə oyadıb məni yuxudan.

Göylərdən qovulmuş mələyəm, bəlkə...
Bəlkə də, bir sərxoş meyxanəçiyəm.
Bir gecə oyandım yağış səsinə,
Bilmədim hardayam, kiməm, nəçiyəm.

Избранный
8
kulis.az

1Источники