Vaxtaşırı yüksək rütbəli məmurlar övladları, aşkarlanan var-dövlətləri ilə gündəmə gəlirlər. Onlardan biri də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur.
R.Babaşov daha çox oğlu Elşən Babaşzadə ilə medianın diqqətinə gəlir. Onun oğlunun sahib olduğu bahalı maşınlar barədə sosial şəbəkələr və saytlar çox yazıb. İndi də Elşən Babaşzadə 275 min dollar (450 min manat) dəyərində olan avtomobilinə dövlət nömrə nişanı almaqla gündəm olub.
Bildirilir ki, E.Babaşzadə “Mersedes Benz G-63 AMG” markalı maşının 10 LL 077 nömrə nişanını 77 LL 077 ilə əvəzləyib. 77 LL 077 Elşən Babaşzadənin öz adına qeydiyyata alınıb.
Atası yüksək dövlət vəzifə tutan bir şəxsin belə bahalı maşın sürməsi bəzi şübhələrə yol aça bilər. Elşən Babaşzadə hətta bizneslə məşğuldursa belə, onun bahalı əmlakı, aksessuarı atasını hədəfə çıxarır, haqlı şübhələrə səbəb olur. İctimaiyyətdə sual yaranır ki, icra başçısının oğlunun sürdüyü yarım milyonluq maşının alınmasında korrupsiya amili rol oynayıbmı? Rəcəb Babşovun korrupsiya əməlləri haqda əlimizdə fakt olmadığından onu korrupsioner adlandıra bilmərik. Amma dövlət orqanları bu faktdan çıxış edib, Rəcəb müəllimin fəaliyyətini yoxlamalıdırlar.
Məsələn, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi atası yüksək vəzifədə çalışan Elşən Babaşov ətrafında araşdırma apara bilər. Qanunla aparmalıdır. Şübhəli əmlak aşkarlanırsa, bu, hüquq mühafizə orqanlarının diqqətini çəkməlidir. Həmçinin Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi bu ailənin gəlirləri, xərcləri, sahib olduğu əmlakla bağlı aidiyyatı üzrə sorğular verməli, araşdırmalar aparmalı, dindirmələr həyata keçirməlidir. Necə ola bilər ki, aylıq maaşı 2 minə belə çatmayan icra başçısının oğlu 450 min manatlıq maşın sürür? Biznesi var? O zaman o biznesin özü də araşdırma predmeti olmalıdır. Tutaq ki, oğul Babaşzadə tender qalibi olub, ordan əldə etdiyi pulla özünə 450 minlik maşın alıb. Bu zaman həmin tender də mütləq araşdırılmalıdır. Çünki söhbət dövlətin vəsaitindən, xalqın pulundan gedir.
Globalinfo.az atası icra başçısı vəzifəsi tutan Elşən Babaşzadənin bahalı əmlakları ilə bağlı aidiyyatı dövlət qurumlarının araşdırma aparıb-aparmadığını öyrənməyə çalışır. Bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və digər qurumlara sorğu hazırlayırıq. Həmin sorğunun nəticəsini ictimaiyyətə açıqlayacağıq.
Xatırladaq ki, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, məmurlar, xüsusilə də icra başçıları yerlərdə xalqın xidmətçisi olmalıdırlar. Onların övladlarının qanunsuz hərəkətləri barədə də ölkə başçısı bir neçə dəfə xəbərdarlıq edib.
İnanırıq ki, cənab Prezident bilsə ki, Rəcəb Babaşovun oğlu 450 minlik avtomobilə sahibdir, bu məsələ ilə bağlı araşdırma aparılması haqda qəti göstəriş verər.
Paytaxt.org
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта