RU

“Azərbaycan hər şeyə sahib olmaq iqtidarında, Ermənistan isə hər şeyi itirmək riski ilə üz-üzədir!

“Сaliber.az” saytının siyasi təhlilçisi və eksperti Orxan Amaşovun ABŞ Dövlət Departamentinin keçmiş xüsusi müşaviri Pol Qoblla müsahibəsi
Orxan Amaşov: − Salam! Azərbay­can-Ermənistan sülh prosesi dayandırılıb: İndi Bakı Qərbin vasitəçiliyindən getdik­cə daha çox məyus olur, İrəvan isə Mosk­va platformasında müzakirələrdə iştirak etmək istəmir. Qərblə Rusiya arasında qarşıdurma Cənubi Qafqaza adladığı belə bir vaxtda bəzi ekspertlər iddia edirlər ki, tərəflər arasında birbaşa ikitərəfli da­nışıqlar ən yaxşı və optimal həll yoludur. Əlbəttə, bunu söyləmək reallaşdırmaqdan daha asandır. Bugünkü qonağım ABŞ Dövlət Departamentinin keçmiş müşaviri Pol Qobldur. 
Sizi görmək çox xoşdur, necəsiniz?
Pol Qobl: – Yaxşı, sağ olun!
− Çoxdandır görüşmürük. Sizinlə 2022-ci ilin iyunundakı son müsahibəmi yaxşı xatırlayıram. Əlbəttə, o zaman yerlərdəki şərait bugünkündən əsaslı şəkildə fərqlənir­di. İndi isə çox şey dəyişib. Başlıca dəyişik­lik isə odur ki, sentyabrın 20-də Azərbaycan Qarabağın qalan ərazilərində də özünün su­verenliyini bərpa etdi. 2025-ci ilə iki il qal­mış, 2023-cü ildə siz Azərbaycan tərəfinin belə qəti tədbirlər həyata keçirəcəyini görə bilirdinizmi? 
− Əgər bir tərəfdən Azərbaycanın, di­gər tərəfdən Ermənistanın gücləri arasında­kı disproporsiyanı nəzərə alsaq, bu imkan həmişə olub. Sonralar isə daha çox imkan­lar oldu. Görünür, dünya ictimaiyyəti Ru­siya-Ukrayna münasibətlərindən və Yaxın Şərqdəki vəziyyətdən belə qənaətə gəldi ki, güc tətbiq etmək tamamilə məqbuldur. Bu da yəqin idi ki, əgər Rusiya Ukrayna­ya müdaxilə etməsəydi və ya Yaxın Şərqdə müharibə alovlanmasaydı, Bakı öz ünvanına deyiləcək daha az tənqidlə qarşılana biləcək addımlar atmaqda çətinlik çəkərdi. Bu haqda çox danışmışam və yazmışam ki, əgər Ermə­nistan ciddi güzəştlərə getməsə, Azərbaycan son nəticədə yalnız güclərin disproporsiya­sına görə yerlərdə qalib gələcək. Ona görə də bu baş verəndə mən təəccüblənmədim. Ermənistanın hər hansı addımı atmaq istəmə­diyi və Ermənistanın beynəlxalq səviyyədə dəstəyi itirməsi faktını nəzərə alsaq, aydın idi ki, Azərbaycan bunu edəcək. Prezident Əliyev bunlardan istifadə etdi.
− Siz belə bir iddia ilə razısınızmı ki, indi 2023-cü ilin noyabrına olan vəziyyətdə Qarabağ məsələsi həll edilib? Əlbəttə, Qa­rabağ ermənilərinin geri qayıtması və Qərb tərəfdən Azərbaycana təzyiqlər məsələsi qa­lır. Amma əsasən məsələ həll olunub. Siz bu fikirlə razısınızmı?
– Yox, məsələ hətta sözdə də deyil. Nəzərə alaq ki, 100 min erməni Qarabağdan Ermənistana və başqa ölkələrə gedib, buna qədər isə 700 min azərbaycanlı oradan qaç­mağa məcbur olub və indi geri qayıtmaq istə­yir. Bu, gələcəyə kölgə salacaq. Düşünürəm, biz burada münaqişənin yalnız bir mühüm fazasının başa çatmasından danışırıq. Bütün bu çətinliklər 30 il əvvəl Azərbaycan ərazi­sində yaradılmış “Artsax” deyilən qurumla bağlı olub və bu çətinliklər hələ uzun müddət bizimlə qalacaq. Hər iki tərəfdən itkilər verən insanlar, onların doğmaları bununla, sadəcə barışmağa hazırlaşmırlar. Mən hesab etmirəm ki, biz yeni hərbi qarşıdurmadan və ya Azər­baycan ərazisində ermənilərin nəzarətində olmuş ərazilərin bərpa edilməsindən danışı­rıq. Əgər bütün bunlar Qarabağ münaqişəsi­nin bitməsi anlamına gəlirsə, o zaman deyə bilərik ki, bəli, biz buna nail olduq. Yox əgər kimsə desə ki, Qarabağ münaqişəsilə bağlı bütün məsələlər bitdi, bu doğru deyil. Mən dəfələrlə demişəm ki, Qarabağ münaqişəsi Cənubi Qafqazda xalqların və ərazilərin ni­zamlanması ilə bağlı olan böyük problemin bir hissəsi olub. Həll olunmamış problemlər­dən biri Zəngəzur dəhlizi məsələsidir. 
– Biz bu haqda sonra danışacağıq...
– Düşünürəm bütün bunlar Qarabağ böh­ranı ilə əlaqədardır. Bu, “Artsax”ın ərazisin­dən daha böyük ərazidir. 
– Yəni Siz deyirsiniz ki, münaqişənin bir fazası başa çatıb və tezliklə yenisi başlaya­caq. 1990-cı illərin əvvəllərində, daha dəqiq desək, 1992-ci ilin yanvarında – Siz ABŞ Dövlət Departamentinin sovet millətləri üzrə xüsusi müşaviri vəzifəsindən istefa verən­dən dərhal sonra Dövlət Departamentinə Qarabağ məsələsinin həllinin üç variantı­nı təqdim etmisiniz. Birincisi, ermənilərin Qarabağdan çıxarılması, ikincisi, iki dövlət arasında döyüşlərin dayandırılması üçün Ermənistanla Azərbaycan arasında böyük səddin çəkilməsi, üçüncüsü isə, Qarabağın Ermənistana verilməsi. Sonra isə müxtəlif səbəblərə görə bu variantların həyata ke­çirilməsinin mümkün olmadığını bildirib, onlardan imtina etmisiniz. Daha sonra da hansısa bir plan – Qobl planı – Zəngə­zurla Qarabağı dəyişməyi təklif etmisiniz. Yəni Zəngəzuru Azərbaycana, Qarabağı isə Ermənistana versinlər. Əlbəttə, indi ərazi dəyişdirilməsi qəbuledilməzdir, çünki artıq Azərbaycan Qarabağa tam şəkildə nəzarət edir. Sizin bütün planlarınızda, o illərdə Qarabağ ermənilərinin Azərbaycanın yu­risdiksiyası altında yaşaması sıfıra bərabər olub. Bununla bağlı fikirlərinizdə bir dəyi­şiklik olubmu?
– Bu, 30 il əvvəl olmuşdu. Həm də bu, o zaman Qarabağa gəlməyi planlaşdırılan o vaxtkı dövlət katibi üçün yazılmışdı. Ameri­kalılar bütün məsələləri həll etməyi sevirlər. Əgər siz onlara deyirsinizsə, hansısa problem var, o zaman onların birinci sualı belə olur: biz onu necə həll edə bilərik? Ona görə də mən çalışırdım mümkün həlləri təqdim edim. Mən həmişə bilirdim ki, bunu həll etmək çox çətin olacaq. 1980-ci illərin sonu və 90-cı illərin əvvəllərində mən düşünmürdüm ki, azərbaycanlılar Ermənistanın böyük bir əha­lisini öz əraziləri olan Qarabağda qəbul edə bilərlər. Etimadla bağlı problemlərin yarana biləcəyi tamamilə normaldır, ola bilərdi və ermənilər əraziləri tərk edə bilərdilər. Mən çalışırdım bunları təklif edim və həyata keçi­rim: əgər siz fikrinizi əsaslandırmaq istəyir­sinizsə ki, 1991-1992-ci illərdə çoxları necə etmək istəyirdilər ki, Qarabağ Ermənistan ərazisi olsun və ya Ermənistanın nəzarətin­də olsun, o zaman bilməlisiniz, Ermənistanın istədiyinə nail olmaq üçün yeganə bir üsulu var idi, o da Azərbaycana onun həmişə istədi­yi bir təklifi etmək – Azərbaycan “materiki” ilə Naxçıvan arasındakı Zəngəzur dəhlizini vermək. Bu haqda isə SSRİ dağılandan heç iki həftə keçməmiş yazılmışdı, o zaman real olmayan dəyişikliklər dövrü idi. Əgər ermə­nilər Qarabağın Ermənistanın anklavı kimi tanınmasını və ya Ermənistanın tərkibində və onun nəzarətində olmasını istəyirdilərsə, onda İrəvan Bakıya onun həmişə istəyində olduğunu təklif etməli idi. Düşünürəm, 1992-ci ildə bundan daha düzgün yanaşma tapmaq çox çətin olardı. Bu haqda da mən o essedə yazmışdım, lakin əksər insanlar onun ancaq son iki abzasını oxuyurdular. 
– Bu 3 min 300 sözdən ibarət olan esse idi. 
– Gerçəklik belədir ki, zaman ötdükcə böyük neft və qaz ehtiyatlarına sahib olan Azərbaycan get-gedə güclənəcək, inkişaf et­miş sənayesi və təbii sərvətləri olmayan Er­mənistan isə daha da zəifləyəcək. 90-cı illər­də həmin yanaşma Ermənistan üçün özünün sabitliyini və Qarabağdakı mövqeyini qoru­maq üçün yeganə vasitə idi. Çünki sonra Azərbaycan olduğu mövqedə qalmayacaqdı və gələcəkdə elə tədbirlər görərdi ki, etnik ermənilər özləri regiondan çıxıb gedər və bu da Qarabağdakı erməni qurumlarının məh­vinə səbəb olardı, həm də gələcəkdə hansısa məqamda Azərbaycan güc vasitəsilə Zəngə­zuru aça bilərdi. Ermənistan isə buna qarşı heç nə çıxara bilməyəcəkdi. 1992-1993-cü illərdə ərazi dəyişikliyinin baş verməməsi səbəbindən biz indi elə bir vəziyyətdəyik ki, Azərbaycan hər şeyə sahib olmaq iqtidarın­da, Ermənistan isə hər şeyi itirmək riski ilə üz-üzədir. 
Mən o adamlardanam ki, 44 günlük mü­haribədə tam imkanı ola-ola irəli getməyib dayandığı və Stepanakerti (Xankəndini) al­madığı üçün Prezident Əliyevi alqışladım. Əlbəttə Azərbaycan bunu edə bilərdi, ermə­niləri özü qovmadı. Bu özünü saxlamağı ba­caran güc kimi Azərbaycana etimad gətirdi. Bu alqışalayiq idi. Ancaq indi Azərbaycan bunu etdi və Stepanakerti (Xankəndini) aldı. Bu da 100 min erməninin regiondan kütləvi axınına səbəb oldu. İndi sual belədir: Zəngə­zur dəhlizi necə olacaq? Sizin hansı marşrutu­nuz var? Mən başa düşürəm ki, yeni hadisələr üzündən mənim 1992-ci ildəki ideyam artıq ikinci plana keçir, ancaq 1992-1993-cü illə­rin hadisələrində əks olunan məntiq inandırı­cı olaraq qalır, ancaq qəbuledilməzdir. 
Əgər indi Ermənistan ciddi güzəştlərə getmirsə, son nəticədə o daha təcrid edil­miş vəziyyətə düşəcək. Ermənistanın Sünik vilayətindən deyil, İrandan keçəcək marşrut haqqında bütün bu danışıqlar Ermənistanı daha çətin vəziyyətdə qoyacaq. Bütün tarix bax, budur. Mən yazdıqlarımı danmıram. Sa­dəcə, elə hesab edirəm ki, 30 ildən sonra bu plan artıq yersizdir. 
– Azərbaycanın rəsmi mövqeyi ondan ibarətdir ki, o heç vaxt Qarabağ erməniləri­nin çıxıb getməsinə çağırış etməyib. Əksinə, onları qalmağa çağırıb, bəyan edib ki, onlar qayıda bilərlər. Siz Qərbdə çox populyarla­şan və Ermənistanın ürəkdən qəbul etdiyi bir rəvayət səsləndirdiniz ki, Qarabağ böl­gəsi üzərində suverenliyini bərpa etdikdən sonra Azərbaycan ermənilərin Sünik, azər­baycanlıların isə Zəngəzur adlandırdıqları əraziləri ələ keçirmək niyyətindədir. Bu, çox məşhur bir rəvayətdir. Sizcə, bu rəvayətin mahiyyəti Azərbaycanın niyyətləri ilə bağ­lıdır, yoxsa Rusiya ilə? Çünki açıq-aydın görünür ki, Qərb Ermənistanı dəstəkləmək istəsə də, rəvayətə görə, Azərbaycanın bunu Türkiyənin köməyi və Rusiyanın hərəkətsiz­liyi ilə edəcək. Sizcə, bu rəvayət kimə işarə edir – Azərbaycana, yoxsa Rusiyaya?
– Baş verənlərin hamısı Moskvanın necə hərəkət etməsilə bağlıdır. Hər şey Rusiyanın Ukraynaya təcavüzündən sonra Qərblə onun arasındakı qarşıdurma ilə bağlıdır. Bu, ay­dındır. Məsələ ondadır ki, Cənubi Qafqaz­da hansı marşrut açılmalıdır? 2020-ci ilin noyabr ayındakı üçtərəfli bəyanat razılaşma yox, sadəcə bəyanat idi. Əgər o həyata keçi­rilsəydi, Ermənistan böyük fayda əldə edərdi: nəqliyyatla bağlı vəziyyəti yaxşılaşardı. Əgər marşurut İrandan keçərsə, onun Rusiya ilə sıx münasibətlərini, xüsusən də Türkiyə və Qər­bə qarşı sıx əməkdaşlıq etməsi nəzərə alınsa, Ermənistanın da Qərblə əməkdaşlığa hazır olması o deməkdir ki, Tehran və Moskva açıq və ya gizli koordinasiyada Azərbaycanın Qərb-Şərq marşrutundan istifadəsinə mey­dan oxuya bilər. Ermənistan da çox şey itirə­cək, çünki o Rusiya ilə əlaqə qurmaq üçün lazım olan marşrutu əldə edə bilməyəcək. Bu, ola bilsin ki, Ermənistanın Moskvadan daha da uzaqlaşacağına, əvəzində Fransanın ona təsirinin artmasına gətirib çıxaracaq. 
Mən Qarabağ böhranının həll olundu­ğunu deyə bilmirəm, çünki bu münaqişənin gələcəkdə də davam etdirilməsi üçün başqa imkanlar görürəm. Bəlkə də buna Qarabağ münaqişəsi deməyəcəklər, amma fakt budur ki, Cənubi Qafqazda geosiyasi vəziyyəti Ru­siyanın sovet dövründəki, hətta ondan əvvəl­ki dövrdəki davranışı müəyyən edir. Ona görə də bu, hələ uzun müddət bizimlə qalacaq.
– Məşhur “Qobl planı” özünəməxsus bir həyat qazanıb. İlkin ideya mübadilə eh­tiva edirdi, lakin sonra Ermənistan–Azər­baycan danışıqları zamanı biz bu planın müxtəlif aspektlərdə bəzi təzahürlərini və reinkarnasiyasını müşahidə etdik. Məsələn, 2021-ci ildə Azərbaycan Laçın və Zəngəzur dəhlizlərinin eyni iş rejimi ideyasını irə­li sürdü. Orada mən “Qobl planı”nın bəzi elementlərini gördüm və elə indi də çox maraqlı hadisələr baş verir. Azərbaycan bildirir ki, Qarabağ erməniləri qayıda bilər, lakin onlar Azərbaycan vətəndaşlığını qə­bul etməlidirlər. Həmçinin Qərbi Azərbay­can düşüncəsi də var ki, bu da 80-ci illərin sonlarında müasir Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz ata-baba yurdlarına könüllü və ləyaqətlə qayıtmasını nəzərdə tutur. Deməli, Zəngəzur və Qarabağ məsələləri bir-birinə bağlıdır. Eyni fenome­ni görmüsünüzmü?
– Olar, əlbəttə, “Qobl planı” məntiqini buna tətbiq etmək olar. Amma mən hesab edirəm ki, bu, Cənubi Qafqazın dərin ərazi və demoqrafik strukturunun bir hissəsidir. Biz Cənubi Qafqazda xalqların, ərazilərin nizam­lanmasının şahidi olduq. İndi Azərbaycan, Ermənistan və Gürcüstan sovet dövründə­kindən qat-qat monoetnikdir. Bu, doğum sə­viyyəsi, azlıqların getməsi və s. ilə şərtlənir. Biz həmçinin Moskvanın, məsələn, Cənubi Osetiya və Abxaziyada, müvəqqəti də olsa sərhədləri yenidən müəyyənləşdirməyə ça­lışdığını da görmüşük. Ermənistan isə bunu “Artsax”ın köməyi ilə etməyə çalışdı. Mosk­vanın sovet dövründə etdiyi geosiyasi fərqlər məhz bunlardır. Buna təəccüblənməyə dəy­məz. 
Nəzərə alın ki, siz bir şey etsəniz, qarşı tərəf də cavab olaraq nəsə edəcək, danışıq­lar adətən belə gedir. Əgər insanlar bütün problemlərin həlli üçün geosiyasi model kimi “Qobl planı”nı tətbiq etsəydilər – hərçənd onlar bunu indi də edə bilərlər – lakin planın müəllifi bunu etməzdi. Haqqında danışılma­mış mühüm hadisələrdən biri 1991-ci ildə baş verdi. O zaman biz bu ölkələrin etnik zəmin­də necə yenidən qurulduğunu gördük. Rusiya istisna olmaqla, hər bir postsovet respubli­kası etnik cəhətdən 1991-ci ildə olduğundan daha da etnikləşdi. Biz postsovet dövründə məhz belə nizamlanmanı gözləyirdik, lakin bu hələ də başa çatmayıb, etnik mübahisələr davam edir. Onların bir çoxu beynəlxalq diqqəti cəlb edə bilməyib, məsələn, Tacikis­tan, Qırğızıstan və Özbəkistan, Özbəkistanda Qaraqalpaqstan məsələsi var və s. 
Rusiya Cənubi Qafqazda baş verən bütün hadisələrdə maraqlıdır. Hətta Rusiyanın Uk­raynaya təcavüzünü də bura əlavə edə bilər­siniz, çünki Moskvanın Şərqi Ukraynanın tarixinə yanaşmasını nəzərə salın, – orada ruslar yaşayır, deməli, bura Rusiya ərazisidir. Biz hər yerə yayılan geosiyasi tendensiyanın şahidi oluruq. Cənubi Qafqazda gördüklə­rimiz isə unikal təcrübə deyil, yalnız bir alt qrupdur. Bununla bağlı başqa bir şey də söy­ləyəcəyəm, hərçənd o qədər də oxşar deyil. 
1992-1993-cü illərdə Ermənistanın qələ­bəsindən sonra yüz minlərlə azərbaycanlı öz evlərini tərk edib. Mən 90-cı illərin sonların­da Bakı ətrafındakı qaçqın düşərgələrində ol­muşam. Heç bir ölkə, heç bir hökumət bu qə­dər qaçqını görməyi dana bilməz və onların geri qayıtması təmin edilməlidir. Yetərincə diqqət verilməyən məqamlardan biri də on­dan ibarətdir ki, torpaqlarından qoparılan in­sanlar 25 ildən artıqdır qaçqın düşərgələrində yaşayırlar və təbii, yaşadıqları yerlərə qayıt­maq istəyəcəklər. Əgər Azərbaycan hökuməti bunu həyata keçirə bilsə, o zaman ölkənin gələcəyini müəyyən etmiş olar.
– Necə bilirsiniz, sizcə, Azərbaycanın Zəngəzur dəhlizinin əvəzinə İran marşrutu­na yan alması, Ermənistanda qarşılıqlı mü­nasibətə səbəb olan bir taktika növüdürmü? Zəngəzur dəhlizi Bakı üçün çox vacibdir, biz bunu başa düşürük. Axı bu, Azərbayca­nı Naxçıvanla birləşdirən əsas marşrutdur. İrandan keçən marşrut isə alternativdir. Su­alım belədir: siz bunu Ermənistan tərəfin­dən qarşılıqlı münasibətə səbəb olmaq üçün taktiki tədbir hesab edirsinizmi?
– Düşünürəm ki, bəli, bu, ikili məna daşıyan taktikadır, yəni bu, İrəvana təzyiq göstərmək və onu güzəştə getməyə, o cüm­lədən Sünik – Zəngəzur vasitəsilə nəqliyyat əlaqələrinə məcbur etmək üçün nəzərdə tu­tulub. Məncə, bu, daha əhəmiyyətli dərəcədə taktikadır. İnanmıram ki, hər hansı azərbay­canlı Zəngəzur dəhlizinin Ermənistanın tərki­bində qalmasını məqbul saysın. Düşünürəm, onlar hesab edirlər ki, Azərbaycan onu öz tərkibinə daxil etməlidir. Azərbaycanda, hətta hakimiyyətdə belə, Ermənistanın bir müddət əvvəl türk-müsəlman sivilizasiya­sının bir hissəsi olmadığını söyləyən və Er­mənistanın özünün mövcudluğu məsələsini gündəmə gətirənlər var. Bunlar marjinal səs­lərdir, lakin bu, Azərbaycanın bölünməz ölkə olması, bölünməməsi, Azərbaycanın Bakı­dan Türkiyəyə Naxçıvandan keçən birbaşa marşruta sahib olması konsepsiyasıdır. Bu, azərbaycanlı düşüncəsi üçün son dərəcə va­cibdir. Düşünürəm ki, onların Arazdan keçən alternativ yoldan necə danışması da müəy­yən mənada taktikaya bənzəyir. Elə bilirəm, insanlar çətin ki, - “Zəngəzur Azərbaycanın bir hissəsinə çevrilməlidir” konsepsiyasından uzaqlaşsınlar. Bu, siyasətin aparıcı qüvvəsinə çevriləcək. Amma bu o demək deyil ki, siz ora qoşun göndərməyə hazırlaşırsınız. Mən İrandan keçməklə Naxçıvana getmək üçün viza almaqdan ötrü İran səfirliyində növ­bəyə duran azərbaycanlıları gördüm. Düşün­mürəm ki, hər hansı Azərbaycan siyasətçisi bunun davam etməsini istəsin.
Tehran Azərbaycanla Naxçıvan arasında maneəsiz, vizasız gediş-gəlişə icazə verəcək­mi? İcazənizlə söyləyim ki, mən buna çox şü­bhə edirəm və tutarlı səbəbim var. Bəli, bunu zamanla yoluna qoymaq olar. Amma Tehra­nın öz gündəmi var və onun Azərbaycan və Türkiyə ilə münasibətləri pisləşə bilər. Bu isə gələcəkdə istənilən tərəf üçün çox riskli ola­caq. Ona görə də, İran öz ərazisindən keçən marşrutdan Bakı və Ankaraya qarşı istifadə edə bilər. Əgər o bunu etsə, problem həll olunmayacaq. Düşünürəm ki, Azərbaycanda bunu çox gözəl başa düşürlər, ona görə də onların bu marşrut haqqında dedikləri bir növ taktikadır, çünki bu, Bakının uzunmüddətli hədəflərini əks etdirmir.
– Bəli, əlbəttə, Bakı Naxçıvana birbaşa, maneəsiz çıxış əldə etmək istəyir, amma dü­şünmürəm ki, hökumət hər hansı ekstrater­ritoriallıq ideyası irəli sürsün. Əgər xatırla­yırsınızsa, 2023-cü ilin əvvəlində Prezident Əliyev Almaniyada demişdi ki, biz Laçın yolunun girişində SBM (Sərhəd-buraxılış məntəqəsi) yaratmaq istəyirik, Ermənistan da Zəngəzur dəhlizinin hər iki başında sər­həd məntəqələri yarada bilər. Mənim nöq­teyi-nəzərimə görə, bu, bir növ Azərbayca­nın mövqeyinin dəyişdiyinin göstəricisi idi. Əvvəlcə biz dəyişmiş ekstraterritoriallıqdan danışdıq. Təbii ki, dinamika da daim dəyişir. Baxaq görək, gələcəkdə nə baş verəcək. 
Sizdən bu yaxınlarda ABŞ Konqresində keçirilən dinləmələr barədə soruşmaq istər­dim. Dövlət katibinin köməkçisi Ceyms O'Brayen Azərbaycan Xarici İşlər Nazirli­yinin bəlli reaksiyasına səbəb olan açıqla­malar verib. Sizcə, Ermənistan–Azərbay­can sülh prosesi kontekstində Vaşinqtonun tutduğu hazırkı mövqe, həqiqətən, fayda­lıdırmı? Aydındır ki, Azərbaycan Qərbin, xüsusən də Amerikanın vasitəçiliyinə şübhə ilə yanaşacaq. Biz yaxşı xatırlayırıq ki, Er­mənistan–Azərbaycan sülh prosesində Va­şinqtonda aparılan danışıqlar çərçivəsində bir çox mühüm razılaşmalar əldə olunub. Onlar iki istiqamətə bölünmüşdü – Qarabağ erməniləri ilə daxili dialoq və Bakı ilə İrəvan arasında hökumətlərarası danışıqlar. O za­man–2023-cü ilin əvvəlində Brüssel prosesi kollapsa düşmək həddində idi. Məhz onda Vaşinqton çox mühüm rol oynadı. Dövlət katibi Blinken Azərbaycan və Ermənistanın dövlət başçıları arasında görüş təşkil etdi. Növbəti aylarda Ermənistan–Azərbaycan sülh prosesində Vaşinqtonun rolunu necə görürsünüz?
– Düşünürəm ki, uzunmüddətli perspek­tivdə ABŞ dünya gücüdür və belə də qala­caq. Qısamüddətli perspektivdə Birləşmiş Ştatlar diqqətini başqa məsələlərə yönəldib. Amma gəlin xatırlayaq, Bakı ətrafa baxır və deyir: Moskva 2020-ci ilin noyabrından, bəyanatı imzalayandan sonra ciddi vədlər ve­rib, amma heç nə etməyib. Rusiyanın Cənubi Qafqazda təsiri zəifləyib. Hesab edirəm ki, Bakının Moskvaya və ya Vaşinqtona deyil, Türkiyəyə baxması təəccüblü deyil. Düşü­nürəm, hazırda diqqətdən yayınan belə bir fakt var: Rusiya danışıqları təşkil edəndə özü orada iştirakçıya çevrilir, Vaşinqton danışıq­lar təşkil edəndə isə bu ölkələrin bir-biri ilə danışmasına imkan yaradır. Vəziyyət tama­milə fərqlidir. Birləşmiş Ştatların hər şeyin həll olunmalıdır kimi konkret bir gündəliyi yox idi. Bakının özü artıq güclənən regional oyunçu kimi çıxış edir, beynəlxalq aktorların rolu isə zəifləyir. Mən gələcəkdə də belə da­vam edib-etməyəcəyini bilmirəm.
Amma gəlin baxaq görək, nə baş verir. Azərbaycan öz ərazisinə nəzarəti bərpa etdi və beynəlxalq ictimaiyyətdən heç nə eşidil­mədi. 100 min erməni Qarabağı tərk etdi. Əgər Rusiya–Ukrayna müharibəsi və ya Yaxın Şərqdə müharibə olmasaydı, o zaman bəlkə də daha ekspressiv çağırışlar, nələrsə etmək lazım olduğuna dair narahatlıqlar ifadə olunardı. Amma indi hamı bununla barışıb. 
Mən Vladimir Putinin düşündüyü və söy­lədiyi kimi çoxqütblü dünyaya doğru irəlilə­diyimizə inanmıram. Düşünürəm ki, dünya daha da mürəkkəbləşəcək. Əgər biz dünya müharibəsinə doğru getsəydik, regional güc­lər təkbaşına hərəkət edəcəkdilər. Əgər Bakı Vaşinqtondan məyusdursa, bu o demək de­yil ki, o, Moskvanın tərəfinə keçəcək. Mən belə düşünmürəm. Mənə elə gəlir ki, Bakı hamıdan məyus olub və təkbaşına hərəkətə keçmək qərarına gəlib. Bununla belə, Bakı və Ankara öz hərəkətlərini sıx təmasda əlaqələndirirlər. Bu aydındır. Arazdan keçən marşrut ideyasının təşəbbüskarı məhz Tür­kiyə Prezidenti oldu və Bakı da bu təşəbbü­sün ardınca getdi. Türkiyə ilə İran arasındakı gərgin münasibətləri nəzərə alsaq, bu da çox maraqlıdır. Əksinə yox, ən azı ictimaiyyətə açıqlanmadı. Əliyevlə Ərdoğan Naxçıvanda görüşəndə bir ağızdan danışdılar. Düşü­nürəm ki, vəziyyət Vaşinqton və ya Moskva­dan çox az asılıdır, daha çox regional güclər və regiondakı amillər əsas rol oynayır. Hə­mişə beləmi olacaq? Yəqin ki, yox. Söyləyə bilmərəm ki, yaxın bir neçə ay ərzində böyük dəyişikliklər olacaq. Biz Zəngəzur dəhlizi ət­rafında mübahisəyə regional oyunçuların çox vacib olduğu regional mübahisə kimi baxaca­ğıq. Mən fransızların Ermənistanda nəsə edə­cəyinə, onların nəyəsə təsir edə biləcəklərinə tam əmin deyiləm. Amma ermənilərin və fransızların nə düşünməsindən asılı olmaya­raq, proseslərin davam edəcəyinə inanıram.
(ardı var)

Избранный
154
xalqqazeti.az

1Источники