Professor Nailə Sultanova: Bu xəstəliyin erkən diaqnostikası və profilaktikası gələcək nəslin sağlamlığı baxımından mühüm məsələdir“Raxit - sümük toxumasının qeyri-kafi minerallaşması nəticəsində sümüyün formalaşmasının pozulması ilə təzahür edən, körpə və erkən yaşlı uşaqların xəstəliyidir. Aparıcı etioloji amili həyatın ilk iki ilində, uşaqların intensiv böyümə dövründə vitamin D və onun metabolitlərinin, kalsium və fosfor mübadiləsin çatışmazlığıdır”. Bunu ATU-nun II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Nailə Sultanova uşaqlarda raxit-D vitamini çatışmazlığı ilə bağlı “Təbib”in əməkdaşı ilə söhbətində bildirib.Professor vurğulayıb ki, hazırda vitamin D-nin immun sisteminə, apoptoza, ürək-damar, reproduktiv və başqa sistemlərə təsir mexanizminin öyrənilməsi son illərin nailiyyətləri kimi qiymətləndirilir: “Müasir ədəbiyyatlarda uşaqlar arasında D vitamini çatışmazlığının bir çox xəstəliklərin ağırlaşmasına səbəb olduğu açıqlanır. Bu vitamin uşaqların həyatında çox böyük əhəmiyyətə malikdir. Erkən yaş dövrlərində onun çatışmazlığı zehni inkişafın ləngiməsinə, depressiyaya, sümük toxumasının inkişafına mənfi təsir göstərməklə yanaşı, immun sisteminin zəifləməsinə də səbəb olur. Bir sıra tədqiqatçılar D vitaminini orqanizmdə baş verən bir çox mübadilə proseslərində fəal iştirak etdiyi üçün hormon da hesab edirlər. D vitamini bağırsaqlarda kalsium və fosfatların sorulmasında, mineral duzların sistemli daşınmasında və sümüklərin minerallaşması prosesində mühüm rol oynayır, həmçinin böyrəklər tərəfindən kalsium və fosfatların xaric olunmasını tənzimləyir. D vitamini çatışmazlığının əsas klassik klinik təzahürlərini raxit, osteomalasiya və sınıq riskinin olması təşkil edir. Statistik məlumatlara əsasən, dünya əhalisinin 70%-ə qədəri müxtəlif dərəcələrdə D vitamini defisitindən əziyyət çəkir”.Sözünə davam edən Nailə xanım vurğulayıb ki, uşaqlarda raxitin klinik əlamətləri 2-3 aylıqda müşahidə edilir: “Valideynlərin narahatlığına səbəb olan hallar uşağın oyanıq olması, kəskin səslərdən diksinməsi, çox tərləməsi, başın ənsə nahiyəsində tüklərin tökülməsi, turş qoxulu yapışqan tərin təsirindən dərinin qıcıqlanması, əzələ tonusunun azalması (uşağın fiziki inkişafı ləngiyir - yaşıdlarından gec oturmağa, iməkləməyə və ayaq üstə durmağa başlayır), böyük əmgəyin kənarlarının yumşaq olmasıdır. Laborator olaraq biokimyəvi müayinədə fosforun miqdarının azalması, fosfotazanın aktivliyinin artması təyin olunur. Bu əlamətlər 2-3 həftə davam edir”.Mütəxəssisin sözlərinə görə, xəstəliyin «çiçəklənmə» dövründə artıq sümük toxumasının zədələnməsi deformasiyalar şəklində özünü göstərir. Kəllə sümüklərində: ənsə nahiyəsində kraniotabes, burnun yəhərəbənzər, kəllə sümüklərinin kvadrat formada olması, alın və təpə qabarlarının böyüməsi - «olimpik alın», əmgəklərin və kəllə tikişlərinin açıq qalması, dişlərin gec çıxması. Döş qəfəsi sümüklərində: qabırğaların sümük hissəsinin qığırdağa keçən yerində «raxit təsbehləri» olması, döş qəfəsində «çəkməçi döşü», «toyuq döşü» kimi deformasiyalar, Harison şırımı. Onurğa sütununda: kifoz, lordoz, skolioz kimi deformasiyalar. Ətraf sümüklərində: biləklərin qalınlaşıb «raxit bilərziyi» şəklində olması, çanaq sümüklərində daralma (yastı raxit çanağı) və borulu sümüklərdə deformasiya, bud, qamış, incik sümüklərinin diafizlərində osteomolyasiya nəticəsində sümüklərdə «Х-vari», «О-vari» deformasiyalar, «coxavara», «coxa valqa». Borulu sümüklərin rentgenoqrafiyasında osteoporoz, metafizlərin qədəhəbənzər genişlənməsi, kortikal qatın nazik olması, böyümə zonası kənarlarının girintili-çıxıntılı olması aşkar edilir. Bu mərhələdə qanın biokimyəvi analizində D hipovitaminozu, hipofosfatemiya, hipokalsiemiya, qələvi fosfatazanın artması qeyd olunur. Rekonvalessensiya dövründə uşağın ümumi vəziyyəti yaxşılaşır, sinir və vegetativ pozuntular bərpa olunsa da, əzələ hipotoniyası və sümüklərdəki deformasiyalar qalır”.Raxitin müalicəsindən də bəhs edən həkim qeyd edib ki, bu, kompleks şəkildə aparılır: “Burada əsas məqsəd kalsium-fosfor mübadiləsini normallaşdırmaq, metabolik asidozu aradan qaldırmaqla D vitamini defisitini bərpa etməkdən ibarətdir. İlk olaraq raxitin müalicəsində uşaqların həyat keyfiyyətini yaxşılaşdırmaq, düzgün qida rejimini tərtib etmək, Günəş vannaları qəbul etmək, gündəlik rejimi yaxşılaşdırmaq və s. kimi qaydalara riayət etmək lazımdır. D vitamini preparatları, kalsium və maqnezium tərkibli dərmanlar, bir qrup vitaminlər polivitamin şəklində tətbiq olunur. Son illər D vitamini preparatlarının daha çox sulu formalarına üstünlük verilir. Sulu məhluldan istifadə edərkən nəinki vaxtında doğulan, həmçinin vaxtından əvvəl doğulan körpələrdə, mərkəzi sinir sisteminin perinatal zədələnməsi və digər patoloji vəziyyətləri olan uşaqlarda həzm sisteminin yetişməməsini nəzərə alaraq xolekalsiferolun daha yaxşı sorulmasını təmin etmək olar.Beləliklə, raxit erkən yaş dövrünün ciddi xəstəliklərindən olub, pediatrların və valideynlərin xüsusi diqqətini tələb edən defisit vəziyyətidir. Bu xəstəliyin erkən diaqnostikası və profilaktikası gələcək nəslin sağlamlığı baxımından mühüm məsələlərdən biridir. D vitamini defisitinin bütün dünya üzrə «epidemiya» xarakteri alması raxitin inkişafında əhəmiyyət daşıyan bütün amillərə diqqətlə yanaşılmasını, diaqnostika və müalicəsinin müasir elmi prinsiplərə əsasən təşkil edilməsini önə çıxarır”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта