Gözümü açandan bəri hər il fevral ayında Xıdır Nəbi bayramının keçirildiyini görmüşəm. Rəhmətlik anam deyərdi ki, heç nə olmasa da, buğda mütləq qovrulmalıdır, həmin gün evdən iyisi çıxmalıdır. Atam həmin gün konfet alıb gətirərdi. Axı qaranlıq düşən kimi əli torbalı, yanağı qışın sazağından qızarmış bayram əhvallı, şən gülüşləri binanı bürüyəcək payını istəyən uşaqlar gələcəkdi.
Xıdıra xıdır deyərlər,
Xıdırın payın verərlər,
-deyib beləcə dolu torba gözləyərdilər. Xıdır payı qoyulmaqla yanaşı, torbanı kimisi meyvə, çərəz, konfetlə də doldurardılar. Bir sözlə, qapıdan əliboş qaytarmaq yox idi. Belə inam var idi ki, elə Xıdır İlyasın özü də uşaqların içindədir. Pay verilməsə, Xıdır İlyas küsər, atını çapıb gedər, ruzi-bərəkəti də özü ilə aparar. Beləcə gördük, götürdük, daha sonra özümüz bu ənənəni sevdik, qoruduq, yaşatdıq. İndi də bu günü uşaq həyəcanı ilə gözləyirəm. Bəzən bir həftə qabaq gedib bazarlıq edirik: buğda, küncüt, çətənə, qoz, fındıq, badam, fıstıq və öz istəyimizə uyğun nemətlərdən alıb həmin günə hazırlıq görürük. Yaxşı xatirimdədir ki, fevral ayının ikinci həftəsinin cümə axşamı hansı tarixə düşürdüsə, məhz həmin gün Naxçıvan şəhərində biz o bayramı qeyd edərdik. Günümüzdə də Xıdır Nəbi bölgələrdə fərqli günlərdə keçirilir. Niyə məhz fevralda?
Xalq təqviminə əsasən, qış çillələrə bölünür: Böyük çillə, Kiçik çillə və Boz ay. Dekabr ayının 20-də daxil olan Böyük çillə yanvar ayının 31-i gecəsi öz yerini Kiçik çilləyə verir. Fevral ayının 1-dən etibarən Kiçik çillə, necə deyərlər, öz hökmünü göstərməyə başlayır. Böyük çillə ilə müqayisədə Kiçik çillə nə qədər sərt keçsə də, qarşıda bizi allı-güllü yaz gözləyir. Daha doğrusu, zəhmət dolu ay gözləyir. Yaza qədər qovurma küplərini, zirzəmilərinə yığdıqları qış azuqələrini bitirən insanlar yenidən torpağa qayıdırlar.
Еtnоqrafik matеriallara əsaslansaq, bayram kiçik çillənin yarılandığı gün, yəni fеvralın 9-dur. Bu mərasimi keçirməklə qışın oğlan çağına meydan oxuyan insanlar bir növü istiliyi çağırırlar. Həmçinin Novruz çərşənbələrinə hazırlaşan insanlar səməni qoymaq üçün buğda payını da həmin gün ayırarlar.
Naxçıvanda Xıdır Nəbinin əsas simvоlu qоvurğa və qоvut hеsab еdilir. Qovrulmuş buğdadan bir pay götürər, kirkirə, əl daşı (dəstər) adlanan alətlə çəkilib un halına gətirilər. Ona dоşab, şəkər tоzu əlavə еdilər, əldə forma verilib, qablara düzülər. İnanca görə Xıdırın ən çox sevdiyi qovutdur. Bunun üçün qovutu süfrəyə verməklə yanaşı, evin dörd küncünə qoyarlar. İnanırlar ki, Xıdır gəlib qovutun üzərinə barmaq basacaq, bununla da o evdə bar-bərəkət artacaqdır. Xıdır bolluq, yaşıllıq, ölümsüzlük, yenilik, sevinc daşıyan hami ruh kimi dəyərləndirilər. Ona hörmət, ehtiram göstərilərsə, o da həmin yerə hörmətlə yanaşar, o evə bolluq arzulayar. Odur ki, həmin günü insanlar təmtəraqla, sevinclə qeyd edər. Evlərində olan naz-nemətlərdən süfrəyə düzər, nişanlı qızlara, təzə gəlin köçənlərə pay apararlar.
Bəzi kəndlərdə həmin gün cana istilik verən xəşil də hazırlanıb süfrəyə verilər. Mərasimin ən şən və maraqlı hissəsi qaranlıq düşən kimi uşaqların (bəzən böyüklər də qatılır) əllərində torba Xıdır payı yığmasıdır. Mərasimin keçirildiyi hər kənddə, hər obada uşaqların şən gülüşü ətrafı bürüyər. Torbanı atıb gizlənər və uca səslə oxuyarlar:
Çatma, çatma çatmaya,
Çatma yerə batmaya.
Xıdırın payın kəsənin,
Ayağı yerə çatmaya.
İlk buğda qovrular. Bir neçə buğdanı götürüb subay qızlar üçün dilək tutarlar. İnanca görə, sacda hansı buğda ilk kənara sıçrasa, demək həmin qız üçün qısa zamanda xoş xəbər gözlənilir. Hətta bu mərasim vaxtı doğulan uşaqlara Xıdır, İlyas, Nəbi kimi adlar da verilib.
Naxçıvanda geniş yayılan bu mərasim Kiçik çillə dövründə müxtəlif vaxtlarda keçirilir. Məsələn, Ordubadın Kələki kəndində bu mərasimi qışın yarılanması ilə bağlı hər il fevralın 4-ü qeyd edirlər. Rayonun Tivi, Nəsirvaz, Biləv, Behrud, Parağa kəndlərində isə kiçik çillənin ömrünün son günləri-cümə axşamısı qeyd olunur. Bu il həmin gün fevralın 15-nə təsadüf edir. Şərurun Aşağı Yaycı, Yuxarı Yaycı, Axura kəndlərində isə bu mərasim fevralın 5-i icra olunur.
Bu günlərdə sosial şəbəkələrdə Xıdır Nəbi ilə bağlı müxtəlif fikirlərə rastladıq. Xıdır Nəbi Azərbaycanın hər yerində olmasa da, bəzi rayon və kəndlərində yaşadılmaqdadır ki, bunun də ən geniş və təntənəli mərasim forması qeyd etdiyimiz kimi Naxçıvandadır. Jurnalist Əzizə İsmayılova yazır: “Biz görməmişik, amma ana nənəm həmişə bu bayramdan danışardı. Deyərdi ki, onların dövründə əsas bayramlardan biri olubmuş”. Elxan Rəşidov adlı digər bir izləyici yazır: Biz tərəfdə, Şəki zonasında nənələrimiz (Allah onlara rəhmət eləsin) bu bayramı xüsusi qeyd edərdilər. Hətta, rəhmətlik babam "qazı və quzuları" rəvayətini də danışardı. Bizim məktəb illərində kiçik çillə doğurdan da çox sərt keçərdi. Başqa bir izləyici isə bu mərasimin Tovuzda hər il fevralın 10-da qeyd olunduğunu bildirir: “Qovut unu (7 cür dənli bitkidən üyüdürlər ilk öncə qovururuq sonra üyüdürük) və mütləq evdəkilərin hər birinin adına bir lopa yandırırlar. Səbirsizliklə gözləyirəm. Qovut ununu isə şirin su ilə və ya bəhməzlə qarışıdırırlar çayla içirlər. Qışın çətin dövrünü keçdiklərini bayram edər, boxçalarında qarğıdalı və buğda qaldığını göstərərdilər, qovurğa və qovut hazırlamaqla. Bayram 3 gün keçirilərdi, kimin evində buğda qalmamışdısa, bu bayramda onlara bugda yığıb pay verərdilər, qışdan salamat çıxdıqlarina sevinər, bir-birinə kömək əli uzadardılar”.
Sosial şəbəkələrdə ən çox müzakirə olunan Xıdırın keçirilmə tarixidir. Bununla bağlı mübahisələr çoxdur ki, biz bəzi kəndlərdən sitat gətirməklə bunun səbəblərini az da olsa, açıqladıq.
Nəticə etibarilə, bu ənənə günümüzdə yaşadılır. İnanclara toxunmaq olmaz. Əsas odur ki, insanlar bu ənənəni sevə-sevə, bayram əhvalında keçirirlər. Uşaqlar şənlənir, insanlar sanki qışın soyuğundan silkinib, yaza hazırlıq görürlər.
Əgər bu inanclar qəlbimizə istilik, ruhumuza rahatlıq verirsə, ona uzunömürlülüyü də biz verməliyik. Necə ki, bizdən əvvəl bu ənənə olub və bizə ötürülüb, biz də bu ənənəni bütün zənginliyi ilə qeyd etməklə uşaqlarımıza ötürməliyik.
Ruhiyyə Rəsulova
Naxçıvan televiziyasının baş redaktoru
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта