RU

“Türkiyə-Azərbaycan dostluq-qardaşlıq “ münasibətləri əbədidir

Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçiləndən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə reallaşdırması indiyədək əsası qoyulmuş ənənənin davamı olmaqla yanaşı, tarixi dostluğa, qarşılıqlı etimada, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrə ehtiramın bariz nümunəsidir. Bu nümunə xalqlarımızın dil, din, mədəniyyət yaxınlığına, doğmalığa əsaslanır. Bu nümunədə sevincli və kədərli günlərdə bir-birinin yanında olmaq kimi dövlətlərarası münasibətlər səviyyəsini aşan müstəsna durum, fövqəladə üstünlük var. Qeyd edək ki, Türkiyənin dövlət və hökumət başçılarının xaricə ilk rəsmi səfərlərinə Azərbaycandan başlamaları da artıq xoş ənənəyə çevrilib. Həm bu mənada, həm də Azərbaycan–Türkiyə qardaşlığının nümunəviliyinin ifadəsi baxımından qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın vaxtilə səslən-dirdiyi dəyərli fikir var: “Türkiyə ilə Azərbaycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir. Bu münasibətlərin memarlarından biri olan böyük lider, hörmətli Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan eyni millətin iki ayrı dövlətidir. Mərhum prezidentin iki ölkə arasında əlaqələrin ideal qiymətini ifadə etmək üçün istifadə etdiyi bu şüar real həyatda əksini tapıb. Sevincdə də, kədərdə də bir olan Türkiyə və Azərbaycana bütün dünya qibtə ilə bахır”.

Prezident İlham Əliyevin dövlət başçısı seçildikdən sonra Türkiyəyə səfəri qarşılıqlı işbirliyində yeni səhifə açdı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəf-müqabilidir. İki qardaş dövlətin başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanıb. Azərbaycan–Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir. 





Qeyd edək ki, Azərbaycan–Türkiyə qardaşlığa söykənmiş əlaqələri, müttəfiqliyi, xüsusən də hərbi müttəfiqliyi, bütövlükdə, Avrasiya məkanında sülh və təhlükəsizlik üçün son dəcərə müstəsna təminatdır. Hesab edirik ki, bu mənada üzərində dayanılmalı olan başlıca məqam İkinci Qarabağ müharibəsidir. Qardaşlığın mühüm sınağı olan bu müharibə hər iki dövlətin mətanət, iradə və dözümünün birgə təzahürünə, nəsillərə miras qalacaq nümunəsinə çevrildi. dünya bu qardaşlığın, dostluğun sarsılmazlığının 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, ötən ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı şahidi oldu. Hər iki hadisə sübut etdi ki, Türkiyə və Azərbaycan həm sevincli, həm də kədərli anlarında biri-birinin yanında olmalarını sözdə deyil, əməldə təsdiqləyirlər. İkinci Qarabağ müharibəsinin başlandığı ilk anlardan Türkiyənin siyasi və mənəvi dəstəyini hiss edən və bundan böyük güc alan Azərbaycanın sonrakı addımlarına diqqət yetirdikdə qardaş ölkənin Prezidentinin daim cənab İlham Əliyevin yanında olduğunu görürük. Zəfər paradı, ardınca Qarabağın tacı Şuşada müttəfiqlik sənədinin imzalanması, daha sonra iki dost ölkənin prezidentlərinin iştirakı ilə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının dünyaya açılması və sair kimi biri-birindən mühüm hadisələr dostluğumuzun təqdimatlarıdır. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Azərbaycan Prezidenti əməkdaşlığımızın önəmli istiqamətlərindən biri kimi hərbi sahədə işbirliyimizi də xüsusi vurğuladı. Bildirdi ki, ordularımız bir yumruq anlamına gəlib. Hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm də Azərbaycanda keçirilir, hərbi gücümüz daha da artır. İkinci Qarabağ müharibəsi, ötən il həyata keçirilən antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub. Ötən ilin fevralında Türkiyədə dəhşətli zəlzələ baş verərkən Azərbaycanın qardaşlıq dəstəyindən də bəhs edib. Bildirib ki, hazırda Azərbaycanın maliyyə dəstəyi əsasında Kahramanmaraşda 32 hektar ərazidə 1000 evin və 799 iş yerinin inşa edilməsi bunun bariz nümunəsidir. Onu da qeyd edək ki, zəlzələnin baş verdiyi andan Azərbaycan yalnız dövlət deyil, sıravi vətəndaşları səviyyəsində belə bu qardaşlığı humanitar yardımları ilə təsdiqlədi. Həmçinin ötən ilin mart ayında Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün Qarabağın tacı Şuşada keçirilməsi nəzərdə tutulduğu halda Prezident İlham Əliyev qardaş ölkədə zəlzələnin baş verməsini nəzərə alaraq dəstək məqsədilə bu tədbirin Türkiyədə keçirilməsi təşəbbüsü ilə çıxış etdi və bu təşəbbüs dəstəkləndi. Azərbaycan-Türkiyə qardaşlığını təsdiqləyən hadisələrin miqyasını bir yazıda əhatə etmək mümkünsüzdür. Azərbaycan-Türkiyə dostluğu tarixin sınaqlarından şərəflə çıxan və bu gün dünyaya nümunə olan birlik, həmrəylikdir. Bu fikir daim böyük qürur hissi ilə qeyd edilir ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur. Bu birlik bütün istiqamətlərdə qurulub və nümunədir. Hər bir səfər münasibətlərdə yeni səhifənin açılmasına imkanlar yaradan mühüm məqamlarla zəngin olur. Bu baxımdan dövlət başçısı İlham Əliyevin Prezident seçildikdən sonra ilk rəsmi səfərini qardaş ölkəyə reallaşdırması sarsılmaz birliyimizə, həmrəyliyimizə yeni əlavələr edəcək. Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində göstərdiyi səyləri dəstəkləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu fikirləri Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj kimi dəyərləndirilməlidir: “Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik”.

Sailə Salahova

Избранный
444
gundem.az

1Источники