RU

NİYƏ UKRAYNADA MÜHARİBƏ BAŞ VERDİ? - Bundan yayınmaq mümkün idimi?

Şahin Cəfərli
(Siyasi təhlilçi)Bu gün Putin faşizminin Ukraynaya hücumunun 2-ci ildönümü tamam olur. Siz oxuculardan kimsə hesab edə bilər ki, müasir Rusiyanı faşist dövlət adlandırmaq emosional qiymətləndirmədir. Belə olmadığını anlamaq üçün hazırda Rusiyanı idarə edənlərin və ümumən rus imperialistlərinin Ukraynaya baxışının nə, necə olduğuna nəzər salmaq yetərlidir. Məsələn, Dmitri Medvedevin ən yeni – 2 gün əvvəlki açıqlamasına baxaq: o, işğal olunmuş ərazilərdə Rusiya hakimiyyətini qəbul etməyən ukraynalı əhalini Sibirə, islah-əmək müəssisələrinə sürgünə göndərməyi təklif edir. Medvedev ötən ay verdiyi müsahibədə isə açıq bildirir ki, Rusiyanın problemi Ukraynada “nasistlər”in və ya başqa kimlərinsə hakimiyyətdə olması-olacağı deyil, problem ümumən müstəqil Ukraynadır və nə qədər ki, “tarixi Rusiya ərazilərində yaradılmış” Ukrayna dövləti var, Rusiya onunla müharibəni davam etdirəcək. Putin özü də dəfələrlə (o cümlədən T.Karlsona müsahibəsində) bəyan edib ki, müasir Ukrayna dövləti tamamilə sovet dövrünün məhsuludur (детище советской эпохи), tarixdə Ukrayna dövləti, Ukrayna xalqı olmayıb, Ukrayna dili də yoxdur. Müasir rus faşizminin ideoloqlarından biri Vladislav Surkov (Aslanbek Dudayev) 2 il əvvəl – müharibəyə 1 həftə qalmış yazdığı məqalədə qeyd edirdi ki, müasir Rusiyanın qərb sərhədləri 1918-ci ildəki Brest sülhünün müəyyən etdiyi sərhədlərlə eynidir, bu isə qəbuledilməzdir. Surkov bolşeviklərlə o vaxtkı Almaniya arasındakı bu anlaşmanı şərəfsiz sülh (похабный мир) adlandırır və yazır ki, bu sərhədlər Rusiya üçün dar və darıxdırıcıdır, ərazinin ölçüsü vacib məsələdir, məkana ("rus dünyası" hesab etdikləri bütün ərazilərə) nəzarət yaşamaq üçün əsas şərtdir. Bu fikirlər kayzer, Veymar və nasist Almaniyalarında irəli sürülmüş Lebensraum ideyasının analoqudur. Müharibə Rusiyadakı bu cür radikal baxış səbəbindən Ukrayna üçün qaçılmaz aqibət oldu. Putin rejimi yalnız o halda Ukraynaya hücumdan vaz keçərdi ki, Kiyev Moskvaya tam boyun əysin. Söhbət təkcə müstəqillik və suverenliyin itirilməsindən getmir, ümumən Ukrayna milli identikliyinin itirilib, yenidən böyük rus etno-kultural dünyasının tərkib hissəsinə çevrilərək onun içərisində əriməkdən gedir. Başqa sözlə, Ukrayna dövləti və xalqı üçün 2 seçim var idi: ya müqavimət, ya da təslimiyyət və tədricən yox olmaq perspektivi... Ukrayna xalqı birincini seçdi. Bu seçim havadan götürülməyib, tarixi təməli var.
Şərqi slavyan tayfalarının yaşadığı coğrafiya XIII əsrdə Kiyev Rus Dövlətinin çöküşündən sonra zamanla Böyük Moskva Knyazlığı və Böyük Litva Knyazlığına ayrıldı və bu xalqlar fərqli inkişaf yolu keçdilər. Hazırkı Ukrayna ərazilərinin əksər hissəsi Böyük Litva Knyazlığının (sonra Reç Pospolitanın) tərkibində olub. Litva Knyazlığı ilə Moskva Knyazlığının siyasi quruluşu və idarəetmə sistemi fərqli idi. Litva Knyazlığı “Priviley” deyilən Xüsusi Qanunla (bir növ Konstitusiya) idarə olunurdu və hökmdar (qospodar) Seym (parlament) tərəfindən seçilirdi. Moskva Knyazlığında isə totalitar sistem var idi və hakimiyyət irsən ötürülürdü. Böyük Litva Knyazlığının şəhərlərində Maqdeburq şəhər hüququ tətbiq olunurdu və siyasi həyat, iqtisadi fəaliyyət, mülkiyyət məsələləri hüquq normaları ilə tənzimlənirdi. Yəni yerli özünüidarəetmə mövcud idi. Ukrayna milli identikliyi və onların Moskva Knyazlığındakı qardaş toplumdan (müasir rusların atalarından) fərqli etno-kultural-linqvistik xüsusiyyətləri bu şəraitdə formalaşmağa başladı. Ukraynalılar Qərbi Avropada baş verən mütərəqqi dəyişikliklərin, oradan gələn müasir ideyaların az və ya çox dərəcədə təsiri ilə fərqli bir xalq-toplum kimi ortaya çıxdılar. Ruslar isə Qızıl Orda dövlət quruluşundan əxz etdiklərinin əsasında bir sistem qurdular. İstər knyazlar, çarlar, imperatorlar dövründə (təhkimçiliyin 1861-də formal ləğvinə rəğmən), istər SSRİ zamanında, istərsə də indiki Rusiya Federasiyası dövlətində rusların vəziyyəti ciddi dəyişikliklərə məruz qalmadı, onlar hüquqsuz kütlə olaraq qaldılar. Bu səbəblərdən müasir ukraynalılar və müasir ruslar tarixi-mədəni yaxınlığa baxmayaraq, fərqli millətlər və toplumlardır. Ukraynalılar tarixi təcrübənin yetişdirdiyi azad ruhlu insanlardır, ruslar isə yox. Postsovet Ukraynasında bütün cəhdlərə baxmayaraq, avtoritar rejimin qurula bilməməsinin əsas səbəbi budur.
Azad, müstəqil və demokratik Ukrayna dövləti rus imperializmi üçün ekzistensial təhdiddir. Bu cür Ukraynanın qonşuluqdakı Avropa Birliyi və NATO üzvləri ilə sıx tərəfdaşlıq şəraitində mövcudluğu rus imperialistlərinin yaddaşında Böyük Litva Knyazlığı ilə Böyük Moskva Knyazlığı arasındakı tarixi rəqabəti canlandırıb, onların özünüqoruma instinktini tətikləyir. Ukraynasız rus imperiyası yarımçıq qalır, periferik bir derjava olmaqdan o yana keçə bilmir. Məhz buna görə bu müharibə Ukrayna üçün bir ölüm-qalım və mövcudiyyət mübarizəsidir. Düşmənin məqsədi sırf torpaq qoparıb kifayətlənmək deyil, belə olsaydı, bəlkə də Ukrayna bəzi ərazilərini güzəştə gedib, birdəfəlik xilas olardı və öz yoluna davam edərdi. “Ukrayna ağıllı siyasət aparsaydı, bu müharibədən yayına bilərdi” deyənlərin bu düşüncəsi təməlsizdir, tarixi gerçəklərdən xəbərsizliyin, yaxud həmin gerçəkləri unutmağın nəticəsidir və ciddi qəbul olunmamalıdır.

Избранный
614
azpolitika.info

1Источники