RU

Xocalı faciəsinin qatili ermənidir, bəs səbəbkarı KİMDİR? - TARİXÇİ AÇIQLADI

“Hadisə olub keçsə də səbəbkar tapılmır. Qatilin kimlyi bilinir. Qatil özünü gizlətmir də. Amma səbəbkar hələ ki, tapılmır. Qatil ermənidir. Bəs səbəbkar kimdir?” Bu barədə SİA-ya açıqlamasında AMEA-nın əməkdaşı, tarixçi dosent Zaur Əliyev deyib.

Onun sözələrinə görə, erməni silahlı dəstələrinin Xocalıya hücumunu şəhərin əlverişli, strateji mövqeyi ilə əlaqələndirmək olar: “7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşirdi. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Bu faktı Ermənistanın hazırki prezidenti Serj Sarkisyanın ABŞ-ın Karnegi Fondunun proqram direktoru, Qarabağ üzrə tanınmış britaniyalı ekspert Tomas de Valla verdiyi müsahibəsində açıq-aşkar görmək olar. Xocalı faciəsinin iştirakçısı olan Sarkisyan müsahibəsində deyir: "Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı ilə idi, çünki orada OMON var idi, orada nə isə araşdırırdılar, insanları həbs edirdilər”.

Xocalı şəhəri 4 yaşayış məntəqəsinin - Xocalı, Qaladərəsi, Dərələyəz, Həsənabad kəndlərinin birləşməsindən yaranmışdı. 1988-ci il hadisələrinə qədər Xocalının 1000 nəfərə qədər sakini vardı. Xocalı şəhərinin ümumi sahəsi 160,2 ha idi. Şəhər Xankəndindən 14 kilometr aralıda—şimal-qərb tərəfdə yerləşirdi. 1992-ci ilin noyabr ayına kimi, yəni Xocalı ermənilərin tam mühasirəsinə düşənə qədər şəhərdə 5800-5900 nəfər adam yaşayıb. Bu şəhərdə Özbəkistandan qovulan 54 Məhsəti türkü, Ermənistandan yaşayış yerlərini məcburi tərk etmiş 80, Qarabağın müxtəlif yerlərindən qovulan 210 və respublikanın digər yerlərindən köçmüş 50 ailə də məskunlaşıb. Hadisə baş verən gün orada 100-ə yaxın tikintidə işləyən fəhlə qrupu da var idi. 1991-ci ilin noyabrında keçmiş SSRİ DİN qoşunları Dağlıq Qarabağdan çıxarıldıqdan sonra Xocalıya quru yolla gediş-gəliş tam kəsilib. Əlaqə ancaq "AZALAERO"-nun vertolyotları vasitəsilə həyata keçirilib. 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa marşrutu ilə uçan helikopter ermənilər tərəfindən vurulduqdan sonra Xocalı şəhəri ilə bu əlaqə də kəsilib”.

Tarixçi bildirib ki, əməliyyatda 366-cı motoatıcı alayın artilleriya divizyonu, zenit batareyası, tank rotası, 23 ədəd PDM və rus əsgərlərindən ibarət 463-cü əlahiddə kimyəvi mühafizə hissəsi, 909 saylı əlahiddə kəşfiyyat batalyonu iştirak etmək üçün hazırlanmışdı: “1992-ci il 23 yanvar tarixində 366-cı alayın 194 nəfər ləzgi, tatar, qazax, özbək və ürək qızdırmadıqları digər müsəlman əsgərlərini təxris etmişlər. Təxris olunmuş hərbçilərin yerinə isə Fransa, ABŞ, Liviya və sair kimi ölkələrdə fəaiyyət gostərən erməni, ərəb və digər millətlərdən olan terrorçular gətirmişdilər”.

Müsahibimiz qeyd edib ki,Xocalı hadisəsinə 4 gün qalmış – fevralın 22-də Azərbaycan Respublikasının o zamankı prezidentinin yanında baş nazir, DTK-nın sədri və digərlərinin iştirakı ilə Təhlükəsizlik Şurasının iclası oldu. Həmin iclasda qərara gəldilər ki, əgər Xocalıdan camaat çıxarılsa, ermənilər bunu oraya girmək üçün əsas kimi qəbul edəcəklər: “Yəni biz özümüz onları. Xocalıya girməyə təhrik etmiş olacağıq. Hətta Təhlükəsizlik Şurasının üzvləri də inanmırdılar ki, ermənilər sonradan genosidə çevrilən belə bir işə gedərlər. Onlar düşünürdülər ki, xalq oradan getsə Xocalını özümüz təslim etmiş olacağıq. Siyasi uzaqgörənliyin olmaması, situasiyanı bilməmək Xocalı hadisəsinin baş verməsinə gətirib çıxardı. "Asala” terror təşkilatına məxsus hərbi düşərgədə təlim görmüş 26 nəfərlik mütəşəkkil qrup artıq yanvar ayından Xankəndində idilər və 366-cı alayın komandiri Yuri Zarviqarovun razılığı ilə Xocalı üzərinə hazırlanan hücum planında iştirak etmək üçün hazır idilər. Ermənilərin Xocalı soyqırımında onlar tərəfdə iştirak edən ərəblər haqqında da çoxsaylı məlumat var. Gürcüstan üzərindən qalxıb Ermənistan üzərindən Xocalıya gələn iki hərbi helikopteri sürən Livan ərəbləri olmuşdur ki, onlar şəhəri bombalamışlar. Daha sonra piyada qoşunla şəhərə daxil olub vəhşilik edənlər içində ərəblər də olublar. Xocalı soyqırımının şahidi Raisə Aslanova "Human Rights Watch” beynəlxalq təşkilatının araşdırmalar aparan nümayəndəsinə deyib: "Xocalıda Montenin dəstəsində olan ərəb mənşəli terrorçular uzun müddət arxa ciblərində gəzdirdiyi bıçaqları çıxararaq, öldürməyə başladılar. Onlar neçə-neçə insanı doğradılar".

“İstintaqla müəyyən edilmişdir ki, erməni silahlı qüvvələri Xocalı şəhərinə quldurcasına, gecə saat 22:00 radələrində basqın etmişdir. Əvvəlcə şəhəri şiddətli artilleriya atəşinə tutublar. Sonra isə çoxsaylı ağır tanklar, PDM və zirehli transportyorlar vasitəsilə şəhərə daxil olublar. Evlərində yatmış dinc əhalini vahiməyə salaraq vəhşicəsinə məhv etməyə başlayıblar. Bu zaman qadın, uşaq və ya qocaya aman vermədən qarşılarına çıxanı atəş yağışına tutaraq tank, PDM və digər texnika altına salaraq əzmiş, məhv etmişlər. Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılıb. Şəhərə hücum toplardan, tanklardan, "Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olub. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiylədir. Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilib və onlar gülləbarana tutulublar. Mühasirədən çıxmağı bacarmış dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetiriblər. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, adamları diri-diri torpağa basdırıb və ya yandırıb, cəsədlərin bir qismini minalayıblar. Ermənistanın prezidenti Serj Sarkisyanın cinayətdə bilavasitə iştirakı bu barədə Qarabağ münaqişəsindən bəhs edən "Qara bağ” kitabının müəllifi, məşhur jurnalist Thomas de Vaala verdiyi müsahibədə təsdiqlənib. Müsahibəsində aşkar surətdə Xocalı planının dinc əhaliyə qarşı soyqırım siyasəti əsasında hazırlandığını etiraf edir. Sarkisyan etiraf edir ki, "Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu.

Xocalıda baş verən qanlı hadisənin soyqırım olduğunu digər ermənilər də etiraf edirlər: “Onlardan biri, Xocalı soyqırımı ilə əlaqədar ən mənfur, ən mənhus dırnaqarası yazılar, əsərlər yazan müəllif Nazaryandır. Onun "Xocalı işi” adlı xüsusi qovluğu internetdə var. Hətta orada da yazılır: "Əlbəttə, heç şübhə yoxdur ki, Xocalı hadisələri genosidi xatırladır, genosidə bənzəyir”. Yəni Xocalı məsələsində Azərbaycan xalqına qarşı ən böhtançı, uydurma, qeyri-elmi mövqedən çıxış edən erməninin belə bir etirafı olduqca ciddi məsələdir. Kanada ermənisi, hüquqşünas Vaskel Sitaryan İspaniyada nəşr edilən "Levante” qəzetinin 1992-ci ilin 26 mart sayında yazır: "Biz ermənilər 26 fevral Xocalıda baş verən hadisələrlə bağlı özümüz-özümüzü dünyada rüsvay etdik. Bizim üçün ağır olan beynəlxalq məhkəmələr qurulacaq. Kimdir erməni millətini məhkəmə qapılarına sürükləyən?”. Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə nümayəndələrindən biri Karen Ohancanyan müsahibəsində deyir: "Mən Ermənistanda yeganə adamam ki, Xocalıda yaşayan Azərbaycan millətindən olan dinc vətəndaşlara qarşı zorakılığa görə şəxsən öz adımdan üzr istəmişəm.” Azərbaycan Respublikasında Xocalı faciəsi ilə bağlı başlanan istintaq işi üzrə 3000 nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilib. 800-dən artıq ekspertiza keçirilib. Nəticədə 39 nəfərin (onlardan 18-i keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının hərbi qulluqçuları, 8-i Xankəndi və Əskəran Daxili İşlər Şöbəsinin əməkdaşlarıdır) Xocalı qətliamında iştirakı tam sübuta yetirilib. Onlar axtarışdadırlar”-deyə, tarixçi bildirib.

Müsahibimiz sonda vurğulayıb ki, qanlı soyqırımdan az bir müddət keçsə də, indi çox acı həqiqətlər aşkarlanıb: “Ağrı içində qovrula-qovrula bir acı həqiqətin hökmü ilə razılaşırsan, o dəhşətli qırğın olmaya bilərdi! Bəs günahkarı kimdir bu soyqırımın? Faciə kimin laqeydliyi, biganəliyi ucbatından baş verdi? Bu xalqın taleyi ilə oynayan kimlər idi? Hansı çirkin məqsədə qurban verdilər bu xalqı? O "niyyət", o "məqsəd" məgər işgəncə ilə ölən analardan, bacılardan, qardaşlardan uca idimi bu adamlar üçün? Niyə vaxtında tədbir görüb xalqı xilas etmədilər? Axı, bunu vaxtında etmək olardı! Hadisə olub keçsə də səbəbkar tapılmır. Qatilin kimlyi bilinir. Və qatil özünü gizlətmir də. Amma səbəbkar hələ ki, tapılmır. Qatil ermənidir. Bəs səbəbkar kimdir? İndi çoxları bu sözü təkrarlayır: Xocalı siyasətin qurbanı oldu. Doğrudanmı belədir? Doğrudanmı kimlərsə hakimiyyət ehtirasına bürünüb Xocalı camaatını qırğına verdi? Əlbəttə ki, həqiqətin üzə çıxması üçün zəmin yaranıb, qatillər və əmr verənlərin bir hissəsi əlimizdədir, qaranlıq suallar aşkarlanacaq onların istintaqı zamanı”.

Müəllif: Rəşid Qarayev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
273
50
sia.az

10Источники