- Müəllif, Aygül Mehman
- Vəzifə, BBC Azərbaycanca
Azərbaycan hökuməti ölkədə LGBTQİ+ icması üzvlərinə “hüquqlarının pozulmasına görə” 125 min avro məbləğində kompensasiya ödəyəcək, Avropa Məhkəməsinin qərardadında göstərilir.
Sənəddə bildirilir ki, Azərbaycan hökuməti şikayətçi LGBT icması üzvlərinin hüquqlarının pozulduğunu etiraf edib.
Məhkəmənin verdiyi qərarda deyilir ki, Azərbaycan hökuməti, eyni zamanda məhkəmə qarşısında çəkilmiş xərclər və məsrəflər üçün 3 min avro ödəməyə hazır olduğunu bildirib.
LGBTQİ+ icmasının bəzi üzvləri təxminən 7 il əvvəl Bakıda bir sıra hüquqlarının pozulması, o cümlədən "qanunsuz həbsləri" ilə bağlı Avropa Məhkəməsinə şikayət etmişdilər.
Məhkəmə prosesi 5 il davam edib və proses zamanı aparılan danışıqlar nəticəsində Azərbaycan hökuməti şikayətçilərə təzminat verilməsi tələbiylə razılaşdığı üçün məhkəmə qərardad qəbul edərək, işə xitam verib.
Azərbaycanlı hüquq müdafiəçiləri bildirirlər ki, bununla Azərbaycan hökuməti ilk dəfə LGBTQİ+ icması üzvlərinin hüquqlarının pozulduğunu “etiraf edib”. Lakin onlar, eyni zamanda AİHM-ın bu qərardadının kuirlərin hüquqları ilə bağlı vəziyyəti dəyişdirəcəyinə ümid etmirlər.
Sənəd bir neçə gündür yayımlanıb, amma Azərbaycanın aidiyyəti qurumları bu məsələ ilə bağlı reaksiya verməyib.
BBC Azərbaycanca Azərbaycan Daxili İşlər Nazirliyi, Ali Məhkəmə ilə telefon əlaqəsi saxlasa da, onlar AİHM-in qərardadıyla “tanış olmadıqlarını” bildiriblər.
Milli Məclisin insan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu BBC-yə deyib ki, “hüququn təməl əsası adət və ənənələrdir" və LGBTQİ+ların hüquqlarının qorunması ilə bağlı qanun “Azərbaycan cəmiyyətinin ictimai münasibətlərinin sifarişi olmadığı üçün” qəbul olunmur.
1. Qərardadda nə yazılıb?
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube, 1
Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) aprelin 11-də Azərbaycanla bağlı elan etdiyi qərardad 2017-ci ilin sentyabr ayında polis reydləri zamanı saxlanılmış LGBT icmasının üzvlərinin şikayətləri ("A. və 24 digərləri Azərbaycana qarşı” işi) ilə bağlıdır.
2017-ci ilin oktyabr ayında Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda deyilirdi ki, “vətəndaşların çoxsaylı müraciətləri əsasında” Bakı şəhərində “sentyabrın 15-dən 30-dək həyata keçirilmiş tədbirlərlə 83 nəfər saxlanılıb”.
LGBTQİ+ icmasının iddiasına görə, onlar həmin vaxt “cinsi orientasiyalarına görə saxlanılaraq, qanunsuz olaraq inzibati həbsə” məhkum olunublar.
AİHM-in qərardadında göstərilən şikayətlər bunlar olub:
- Polis məmurları və həbsxana gözətçilərinin şikayətçiləri ağır rəftara məruz qoyması və yerli hakimiyyət orqanlarının bununla bağlı araşdırma aparmaması;
- Şikayətçilərin saxlanma şəraitinin pis olması;
- Qanunsuz və əsassız həbslər;
- Ədalətli məhkəmə prosessual təminatlarının pozulması;
- Heç bir məhkəmə qərarı olmadan həbsdə saxlanılarkən məcburi tibbi müayinələr;
- Pis rəftara görə şikayətlərlə bağlı səmərəli daxili müdafiə vasitələrinin olmaması;
- Şikayətçilərin faktiki və/yaxud qəbul edilən cinsi oriyentasiyası və gender kimliyi əsasında ayrı-seçkilik.
Sənəddə vurğulanır ki, Azərbaycan hökuməti heç kimin onlara təkid etməsinə ehtiyac görmədən etiraf etmək istəyir ki, şikayətçilərin insan haqları konvensiyasında təsbit olunmuş hüquqlarının pozulduğunu tanıyır.
BBC barəsində iddialar olan aidiyyatı qurumlarla – Azərbaycan Daxili İşlər Nazirliyi və Ali Məhkəmə ilə əlaqə saxlasa da, qurum sözçüləri sənədlə tanış olmadıqlarını bildiriblər.
Ali Məhkəmədən isə sənədlə tanış olmaq üçün "vaxt lazım olduğunu" bildiriblər.
2. LGBT qərardadı necə qarşılayıb?
LGBTQİ+ hüquqlarının müdafiəçisi Vahid Əliyev deyir ki, “A. və 24 digərləri Azərbaycana qarşı” işi üzrə məhkəmə prosesi 5 ildən çox davam edib və bu iş üzrə fəaliyyət göstərən hüquq müdafiəçilərinin də, kuirlərin də ona “ümidləri böyük” olub.
“AİHM-nin bu qərardadı, əslində, qurumun hökumətin təklif etdiyi barışıqla razılaşması deməkdir. Kənardan baxan biri üçün hökumətin hüquq pozuntusunu tanıması və təzminat təklifi pozitiv görünsə də, bu qərardadın, düşünürəm ki, icma üçün həyati dəyişikliyə aparacaq heç bir yanı yoxdur”, - o, təəssüflə vurğulayır.
“Həyati dəyişiklik” deyəndə hüquq müdafiəçisi bu qərardadın gələcəkdə icmanın hüquqlarını qoruyacaq hər hansı vəd verməməsini nəzərdə tutur.
“Bu qərardad gələcəkdə icmanın qarşılaşacağı zərərin qarşısını almaq üçün qabaqlayıcı tədbirləri əhatə etmir. Qərardadın Avropa Şurası Nazirlər Komitəsinə düşməməsi, eyni zamanda qabaqlayıcı tədbirlər planının olmamasına gətirir çıxarır. Zərər riski altında olan LGBTQİ+ vətəndaşların müdafiəsi üçün tədbirlər mütləq şəkildə həyata keçirilməlidir”, - Vahid Əliyev vurğulayır.
O əlavə edir ki, sənəddə “təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün hər hansı bir müddəa qeyd edilməyib”.
Vahid Əliyev, həmçinin “polis tərəfindən zorakılıq və işgəncə görən LGBTQİ+ların təqsirkarların məsuliyyətə cəlb edilməməsi ilə ədalətə çıxışı limitlənir” deyir.
2017-ci ildə LGBTQİ+lar saxlanılarkən Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov BBC Azərbaycancaya bildirmişdi ki, paytaxt sakinlərinin çoxsaylı şikayətlərinə əsasən belə bir tədbir keçirilib: "Saxlanmadır.. Onlar həkim müayinəsinə aparılıb, onlardan yalnız 5 nəfərində QİÇS və siflis, daha 1 nəfərində isə təkcə QİÇS xəstəliyi aşkar edilib". Ehsan Zahidov həmin vaxt polisin reydlərini "tam əsaslı" olduğunu demişdi.