RU

Sülh sammiti və ya Qərbin İKİÜZLÜLÜYÜ: Azərbaycan torpaqları işğal altında olanda niyə belə konfrans təşkil olunmadı? – ŞƏRH

Bu həftə Qərb İsveçrədə Qlobal sülh sammiti keçirəcək. Analitiklərin proqnozlarına görə, Rusiya-Ukrayna probleminin həllini hədəfləyən bu tədbir birtərəfli addımdır və sülhə gətirməyəcək.

Burada bir sual yaranır – bizim torpaqlarımız işğal altında olanda niyə belə konfrans təşkil olunmadı? Niyə Qərb Azərbaycanın 20 %-dən artıq torpaqlarının işğal altında olmasına və 1 milyon əhalisinin öz torpaqlarından didərgin düşməsinə bu qədər biganə yanaşdı?

Mövzu ilə bağlı interpress.az-ın suallarını politoloq Əlimusa İbrahimov cavablandırıb.

O bildirib ki, Azərbaycanla Ermənistan münaqişəsində Qərb həmişə birtərəfli qaydada Ermənistanın tərəfini tutub, Rusiya-Ukrayna münaqişəsində isə ancaq öz mövqeyini güdür.

“Həqiqətən Azərbaycanla Ermənistan arasında münaqişənin mövcud olduğu müddətdə nə Qərb, nə də ABŞ bu münaqişə ilə bağlı ciddi bir toplantı və ya konfrans keçirmədi. Onların etdikləri ATƏTİ-in Minsk Qrupu çərçivəsində ara-sıra Azərbaycan və Ermənistana səfər edərək danışıqlar fonu yaratmaqdan başqa heç nə olmadı. Elə məhz buna görə də Cənubi Qafqaz regionunun ən ciddi münaqişəsi hesab olunan Azərbaycan-Ermənistan münaqişəsi bu qədər vaxt apardı və sonda onların istəmədiyi nəticələrə gətirib çıxardı.

Nədən onlar Azərbaycanın 20 faizdən artıq torpaqlarının işğal altında olmasına və 1 milyon əhalisinin öz torpaqlarından didərgin düşməsinə bu qədər biganə yanaşırdılar?

Çünki haqq, ədalət, beynəlxalq hüquqlara əməl etmək onları maraqlandırmırdı. Onları maraqlandıran əsas məsələ Ermənistana yardım etmək və Azərbaycanı torpaqlarının işğalı ilə barışdırmaq idi.

Ukrayna ilə məsələdə isə Qərb və ABŞ dəridən qabıqdan çıxır. Çünki Ukraynanın məğlub olması Qərb və ABŞ hərbi sisteminin Rusiya qarşısında aciz qalması deməkdir. Ukraynanın məğlubiyyəti dünyaya Rusiya simasında yeni qlobal bir gücün çıxması deməkdir ki, bu gücə görə gələcəkdə onlar dünyanın taleyi ilə istədikləri kimi davrana bilməyəcəklər”, – Əlimusa İbrahimov bildirib.

Politoloq hesab edir ki, Qərbin və NATO-nun yardımları Ukraynaya kömək etməyəcək, əksinə, onlar Rusiyanı nüvə silahından istifadə etməyə sövq edəcəklər.

“Görünən odur ki, NATO-ya daxil olan ölkələrin Ukraynaya yardım etmək istiqamətində gördükləri tədbirlərin hamısı boşa çıxır. Yəni ən azından onların istədiyi nəticəni vermir. Belə olan halda Ukraynaya yardım edənlər daha da qəzəblənir və müharibənin daha da uzadılması üçün yeni-yeni taktiki gedişlər edirlər.

Düşünürəm ki, Qərbin və elə Rusiyanın da müharibə səhnəsinə çıxardığı bütün vasitələr effektsiz olanda yeni, bu vaxta qədər cəbhədə istifadə olunmamış silah növü meydana çıxacaq ki, bu da nüvə silahıdır”, – politoloq fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
245
30
interpress.az

10Источники