Bakının Şüvəlan qəsəbəsində 3 polis əməkdaşının və bir mülki şəxsin qətlə yetirilməsi məni bir vətəndaş və hüquqşünas kimi sarsıdıb. Bu ağır cinayəti törədən Rövşən Allahverdiyevin keçmişini və baş vermiş hadisənin səbəblərini, faciənin törədilməsinə yaranmış şəraiti araşdırarkən məni bir məsələ düşündürdü: bu dəhşətli hadisənin törədilməsində günahkar bəzi hakimlər deyilmi? Çünki Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd edilir ki, Rövşən Allahverdiyev axtarışda olub. Səbəbi də onun barəsində vətəndaşları xüsusilə külli miqdarda bir neçə epizod üzrə aldatması ilə bağlı dələduzluq işi üzrə cinayət işinin açılması olub. Onun barəsində 2 dəfə məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçilsə də, sonralar digər hakimlər tərəfindən həbs qəti imkan tədbiri dəyişdirilərək ev dustaqlığına buraxılıb. Niyə?
Bu fikirləri Demokrat.az-a açıqlamasında Xəzər rayonunun Şüvəlan qəsəbəsində 3 polis əməkdaşının və bir mülki şəxsin vəhşicəsinə qətlə yetirilməsinə münasibət bildirən Demokratiya və İnsan Hüquqlar Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Tanınmış hüquqşünas deyib ki, əgər Rövşən Allahverdiyev bir şəxsi işə düzəltmək adı ilə aldadaraq 20 min manat pulunu dələduzluq yolu ilə ələ keçirirsə, sonra başqa birini aldadaraq torpaq sahəsini özəlləşdirmək adı ilə onun 1 milyon 141 min 500 manat pulunu mənimsəyirsə, digər bir epizodda vətəndaşı 139 min və 320 min manat aldadaraq əmlakını ələ keçirmiş, daha dəqiq desək, dələduzluq etmiş şəxs barəsində niyə həbs qəti imkan tədbiri seçilməyib? Başqa bir düşündürücü sual: onun barəsində seçilmiş həbs qəti imkan tədbiri nəyə əsasən ev dustaqlığı ilə əvəvəz edilib? Axı biz məhkəmə praktikasında dəfələrlə şahidi olmuşuq ki, ayrı-ayrı fərdləri 50, 100, 200 min dələduzluğa görə həbs edirlər və barələrindəki həbs qəti imkan tədbiri 3-4 ay seçilməklə istintaq aparılır. Amma bu epizodda isə vətəndaşları 2 milyon manata yaxın aldatmasına baxmayaraq, həmin şəxs azadlığa buraxılır. Görəsən, bunun səbəbi nə idi? Əgər onun barəsində hakimlər tərəfindən həbs qəti imkan dəyişdirilərək ev dustaqlığına buraxılmasaydı və sonralar o, istintaqdan yayınmaq məqsədilə qaçıb gizlənməsəydi və azalıqda olmasaydı, bu ağır cinayət hadisəsi baş verməzdi.
Ç.Qənizadənin fikrincə, 3 cəsur polis əməkdaşının və bir mülki şəxsin qətlə yetirilməsində günahkar məhz o həbs qəti imkan tədbirni hansısa maraqlar naminə dəyişmiş hakimlərdir. Hüquqşünas hesab edir ki, bu fakt dəqiq araşdırılmalıdır: “Ümumiyyətlə, bəzi hakimlərin islahat adı altında nöqtə, vergül və ya mübtədanın, xəbərin yerinin düz işlədilməməsi bəhanəsi ilə işləri geri qaytarmaq və yaxud həbs qəti imkan tədbirindən imtina etməklə ölkədə islahatın aparılmasına yox, cinayətlərin artmasna şərait yaradırlar. Bu baxımdan, çox istərdim ki, məhkəmə hakimiyyəti yerlərdə müzakirələr aparmalı və məhkəmə presedentləri ilə bağlı yerlərdə yerli hakimlərə tövsiyyələr olunmalıdır. Bu presedentlər, əslində, qərarların qəbulu zamanı mütləq bir şəkildə nəzərə alınmalıdır. Onda bu suala cavab tapılmış olar. O zaman hakimlər birinə hə, birinə yox deyə bilməyəcəklər. Əgər hakimlər bu presedentləri ciddi nəzərə alacaqlarsa, cəmiyyətdə də məhkəmə hakimiyyətinə inam artacaq”.
Ç.Qənizadə 20-30 minə görə kimlərinsə həbs edilməsinin, ancaq bundan dəfələrlə çox məbləğdə dələduzluq edənlərin azadılğa buraxılmasının cəmiyyət və hüquqşünaslar tərəfindən başadüşülən olmadığını bildirib: “Çox təəssüf edirəm ki, hakimlər hər dəfə onun barəsində həbslə əlaqəli olmayan qətimkan tədbiri seçməklə həbsə alınmasını əngəlləyiblər. Bu da sonda hamımıza bəlli olan çox acınacaqlı hadisənin baş verməsinə gətirib çıxarır. Bəzi cinayət törətmiş şəxslərin azadlıqda qalması həm də yeni cinayətlərin törədilməsinə şərait yaradır. Hesab edirəm ki, bu iş ciddi araşdırılmalı, Rövşən Allahverdiyevi ağır cinayətlərinə görə azadlığa buraxan hakimlərin fəaliyyəti araşdıırılmalıdr”.
Telegram kanalımız