RU

Maestronun sənət yuvası

Niyazinin Mənzil-muzeyi – 30

Milli dirijorluğu ucaldan fitri istedad, ömür və sənət yolunun parlaq mənzərəsi və bir mənzildə dolaşan sənətkar ruhu... Düz 30 ildir ki, görkəmli dirijor və bəstəkar, Xalq artisti Niyazinin mənzil-muzeyinə daxil olan hər kəs bu auraya düşür. 

Burada unudulmaz sənətkara aid bütün bilgilər tarix üçün əbədi olaraq arxivləşdiri­lib. Mənzil-muzey xalqımızın maddi-mənəvi xəzinəsinin zəngin guşələrindəndir. Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1958-ci il­dən ömrünün sonunadək, yəni 1984-cü ilədək ömür-gün yoldaşı Həcər xanımla bu ünvan­da yaşayıb. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan ev-muzeyinin açılışı 1994-cü il sentyabrın 18-də ulu öndər Heydər Əliyevin iştirakı ilə gerçəkləşib. 

Muzeyə daxil olanları öncə maestronun divardan asılan böyük portreti salamlayır. Memorial otaqlar, ekspozisiya zalı və qonaq otağında onun ölməz ruhunu hiss edirsən, bir daha bəstəkar-dirijorun sənət əzəmətinə şa­hid olursan. 

Bu tarixi məkanın fəaliyyəti ilə yaxından tanış olmaq üçün muzeyin direktoru, Əmək­dar mədəniyyət işçisi Rza Bayramovla görüş­dük. Müsahibimiz dedi:

– Muzey Niyazi irsinin toplanması, qorunması, tədqiqi, təbliği və nümayişi is­tiqamətində səmərəli fəaliyyətini davam etdirir. Hər bir muzeyin siması onun zəngin fondları və eksponatlarıdır. Muzeyin sərvəti isə onun fondlarındakı eksponatların dəyəri və qədəri ilə ölçülür. Son 2 ildə maestronun yaradıcılığına aid 47 material əldə etmişik. Bunlar, əsasən, fotolar, kitablar, proqramlar, sənədlər, afişalar, DVD və CD diskləridir. Təkcə 2024-cü ildə əldə olunmuş material­ların sayı 24-dür. Azərbaycan Musiqi Mədə­niyyəti Dövlət Muzeyi Niyazi irsinin tədqiqi və təbliği istiqamətində də xeyli iş görüb.

Mənzil-muzeyində maestroya aid əşya­lar, yaradıcılığını əks etdirən eksponatlara nəzər yetirmək bir ayrı ovqat yaradır. Əlbət­tə, burada yer alan hər bir əşyanın mədəniy­yətimizin təbliği baxımından böyük əhəmiy­yəti var. Əsas amal bu əşya və eksponatlar vasitəsilə xalqımızın yüksək mədəniyyətə, incəsənətə malik olmasını təbliğ etmək, bü­tün bunları gələcək nəsillərə tanıtmaqdır. 

Direktordan öyrəndik ki, muzey yaradı­larkən maestroya aid əldə edilmiş materialla­rın sayı 4707 ədəd olub. Hazırda isə muzeydə qorunub saxlanılan eksponat və sənədlərin sayı 6500-dəkdir. Bunlar əsasən, maestro­nun müəllif not əlyazmaları, proqramları, sənədləri, kitabları, afişaları, rəsm əsərləri, qramofon valları, fotoşəkilləri və şəxsi əşya­larından ibarətdir. Niyaziyə aid materiallar, eyni zamanda, Azərbaycan Tarix Muzeyində 273 ədəd, S.Mümtaz adına Azərbaycan Döv­lət İncəsənət və Ədəbiyyat arxivində 1604 qovluqda 4905 ədəd, Dövlət Səs Yazıları Arxivində 214 ədəd saxlanılır. Ümumiyyətlə, Niyazi arxivinin zənginləşdirilməsi, tədqiqi və təbliği məqsədilə toplama işləri həmişə diqqət mərkəzində saxlanılır.

Ən son nəşr “Niyazi xatirələrdə” kita­bıdır. 1987-ci ildə “İşıq” nəşriyyatında rus dilində çıxmış “Maestro Niyazi. Xatirələr, məqalələr, məktublar” kitabının “Xatirələr” bölməsini ilk dəfə olaraq muzey əməkdaşlar dilimizə çeviriblər və bu, 2023-cü ildə Azər­baycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən “Niyazi xatirələrdə” kitabı adı ilə nəşr edilib. Bu kitabda görkəmli ədəbiyyat və incəsənət xadimlərinin maestro haqqında xatirələri muzeyin zəngin kolleksiyasının fotomaterialları ilə birlikdə təqdim olunub. Niyazinin şəxsiyyəti və yaradıcılığı ilə və ümumilikdə, XX əsr Azərbaycan musiqi mə­dəniyyəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitaba, həmçinin Azər­baycan və Türkiyənın ünlü incəsənət xadim­lərinin xatirələri əlavə edilib. Eyni zamanda, xatirələr toplusunun elektron variantı ilə mu­zeyin saytında tanış olmaq olar. 

Muzeydə vaxtaşırı olaraq ölkəmizin mu­siqi həyatında baş verən əlamətdar hadisələrə həsr edilən tədbirlər, Niyazinin xatirə ge­cələri, sərgilər təşkil olunur. Bu gün muzeyə elmi-tədqiqat işləri üçün müraciət edənlərin sayı da yetərincədir. Muzeyin direktoru bu barədə də danışaraq dedi:

– Hər zaman Niyazinin fond materialla­rından istifadə üçün muzeyə üz tutan hər bir şəxsə, təşkilata, elm və mədəniyyət müəs­sisələrinin nümayəndələrinə film, o cümlə­dən veriliş çəkilişi üçün müraciət edən tele­viziya şirkətlərinə müvafiq qaydada imkanlar yaradılıb. Muzeyə mütəmadi olaraq arxivlər­dən istifadə etməklə tədqiqat işləri aparmaq üçün müxtəlif tədris, elm və mədəniyyət müəssisələrinin nümayəndələri – bəstəkar­lar, musiqişünaslar, ali təhsil ocaqlarının ba­kalavr və magistrləri müraciət edirlər. Eləcə də hər il tələbələr muzeydə tədris təcrübəsi keçirlər. Dünya şöhrətli xarici qonaqlar – di­rijorlar, bəstəkarlar da ölkəmizə səfərə gələn­də unudulmaz həmkarlarını yad etməkdən ötrü muzeyə baş çəkirlər. 

Son dövrlərdə məşhur opera müğənnisi, RF Xalq artisti Tamara Sinyavskaya, M.İ.Q­linka adına Ümumrusiya Musiqi Mədəniyyə­ti Muzeylər Birliyinin baş direktoru Mixail Brızqalov, dünya şöhrətli dirijorlar Yuri Temirkanov (Rusiya), Vyaçeslav Voliç (Be­larus), Andris Vekumnieks (Latviya), Gürer Aykal, məşhur pianoçu İdil Biret (Türkiyə) və başqaları Niyazinin mənzil-muzeyində qonaq olublar. 

Rza Bayramov onu da xüsusi vurğuladı ki, maestronun mənzil-muzeyinə dövlətimiz yüksək qayğı göstərilir. Prezident İlham Əli­yevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyətimizə və incəsənə­timizə göstərdikləri yüksək diqqət muzey əməkdaşlarını daim ruhlandırır. 

Mənzil-muzeydə bir daha əmin olduq ki, Niyazi sənəti əbədidir. Onun istedadı və ya­radıcılıq fəaliyyəti əsl ümumxalq məhəbbəti qazanıb.

Ceyhun ALIŞLI
XQ

Избранный
97
xalqqazeti.az

1Источники