RU

Pullar oğurlanmayacaq, 2-3 qəpik dərdi də çəkməyəcəyik

"Mərkəzi Bank Azərbaycanda daha bir yerli təşkilata elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim edib.

Baş bank ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi prosesinin hazırda davam etdiyini açıqlayıb".

Bu barədə VI çağırış parlamentinin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu, o deməkdir ki, yaxın zamanlarda sözügedən lisenziyaya sahib olan təşkilatların sayı arta bilər: 

"İndiyədək belə lisenziya üçün 20-dən çox elektron pul və ödəniş təşkilatı müraciət edib. 

"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanuna uyğun olaraq elektron pul təşkilatı elektron pulu emissiya və elektron pul ilə əlaqəli ödəniş əməliyyatlarını icra edən, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini həyata keçirmək hüququ olan hüquqi şəxsdir. Bu lisenziyanı alan təşkilat elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrasını, ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətini, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrasını, ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqini, pul köçürməsini və s. xidmətləri həyata keçirə bilir". 

V. Bayramov əlavə edib ki, tezliklə Azərbaycanda elektron pulların dövriyyəsi buraxılması mümkün olacaq: 

"Elektron pullar ödəniş sistemini asanlaşdırmaqla yanaşı mərhələli şəkildə gələcəkdə kağız pullardan istifadənin minimumlaşdırılmasına səbəb ola bilər. 

Bu banklar üçün yeni imkan olmaqla bərabər pul bazarı üçün də yeni məhsul buraxılışdır. Eyni zamanda, elektron pullar şəffaflığın artırılmasına da xidmət edir. Bu pullar vətəndaşlarımız üçün elektron yığım və hətta pul bazarında əməliyyatlar hesabına gəlir mənbəsinə də çevrilə bilər”. 

Qeyd edək ki, bu gün dünyanın əksər ölkələrində elektron pullardan istifadə olunur və bu sektorun qlobal inkişafı da müşahidə edilir. 2023-cü ildə dünyada digital ödəniş bazarının gəlirləri 111.2 milyard dollar olub. 

Elektron pullar, kağız və ya metal kimi fiziki əşyalar əvəzinə kompüter fayllarında saxlanılan, qabaqcıl təhlükəsizlik sistemləri və şifrələrlə qorunduğu üçün rəqəmsal mühitdə istifadə asanlığını təmin edən, dəyəri müəyyən edilən pul növüdür. Hətta bu pulların gələcəkdə fiziki pulları tam əvəz edəcəyi iddia edilir. 

Azərbaycanda elektron pullar dövriyyəyə buraxılacağı təqdirdə hansı sahələrdə tətbiq olunacaq? 

İqtisadçı-ekspert Fuad İbrahimov “Cebhe.info”-ya bildirib ki, dünya praktikası mərhələli şəkildə elektronlaşma istiqamətində hərəkətin olduğunu göstərir: 

“Bu gün kriptovalyutalar yaranır. Bunlar hamısı bu qəbildən olan proseslərdir. Ən azından bir əsirlik dövrdən sonra insanların cüzdanı barkotla müəyyən olunacaq. Yəni pullar görünən, nominal olmayacaq. Hər hansı dəyərli məhsul, qızıl, gümüş şübhəsiz qalacaq. Ancaq bütün ödənişlər, dövriyyələr məhz elektron, yəni nağdsız ödəniş portalları ilə aparılacaq. Biz bu istiqamətdə gedirik. Bu gün Azərbaycanda həmin qəbildən olan təşkilata lisenziyanın verilməsinə gəldikdə biz hələ irəlidə deyilik. Bu, bir çox Avropa ölkələrindən, ABŞ, Asiya istiqamətində inkişaf etmiş Sinqapur, Malayziyada daha geniş vüsət alıb və irəlidədirlər. Hazırkı addımı müsbətə doğru hesab edirəm”. 

Ekspertin fikrincə, gizli iqtisadiyyatın, vergidən yayınmanın, kölgə iqtisadiyyatının aradan qaldırılması üçün ən birinci təsirli addım məhz elektron ödənişlər vasitəsilə həyata keçiriləcək:

“Yəni bu, bizim iqtisadiyyatımızı şəffaflaşdırır, şaxələndirir, yeni imtiyazlar yaradır ki, kimsə öz fəaliyyətini nəzarətdən kənarda qoymasın. 

Dövriyyəyə buraxılan elektron puldan istifadə mümkün olacaq. Məsələn, əvvəllər mağazaya gəldikdə cibində pul olmadıqda vətəndaş heç nə ala bilmirdi. Müəyyən bir dövr kartdan istifadə edilir, hazırda heç kartı da üzərlərində götürmürlər. Telefon vasitəsilə prosesi həll edirik. Nə proses baş verir? Demək ki, elektronlaşma gedir. Nominal pul vəsaitinin dövriyyəsi azalır. Bütün sahələrdə - bazarda, taksidə və s. sahələrdə də belə olacaq. Birincisi, vətəndaşlar pullarının oğurlanması dərdini çəkməyəcək, ikincisi, nə xidmət göstərilirsə, məsələn, 1,15 qəpikdirsə həmin məbləğ çıxılır. Yəni 2 manat ödəyib 80 qəpik almırlar. Yəni 3-5 qəpik ortada itmir. Elektron dövriyyənin çox gözəl göstəriciləri var. Bununla insanlar da rahat yaşamağ doğru daha bir addım atır”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
65
25
cebheinfo.az

10Источники