RU

AĞADADAŞ VƏ RASKOLNİKOV-Nadir Quliyev yazır

Balta olayından heç cür qopa bilmirəm. Çünki bu məsələyə özəl baxışım var. Dəfələrlə yazsam da, çoxları məni başa düşmür. Başa düşənlər, dəstək verənlər də var, təbii ki, ancaq hiss edirəm ki, toplum ümumən anlamaqda çətinlik çəkir.Siyasətə marağım olsa da, tip olaraq yazıçıyam. Mənə böyük, tanınmış, məşhur yazıçı olmaq qismət olmadı, çünki Dostoyevski, Markes, elə bizim Əkrəm Əylisli kimi yaza bilmədim. Zənnimcə, tək deyiləm və hazırda bu problemi çoxları yaşayır. Bunun səbəbləri çox dərindədir. Odur ki, sadəcə yazı-pozu adamı deyə bilərsiniz. Çünki yazıçı böyük addır.Məsələyə bir qədər fərqli yanaşmağım, ondan qopa bilməməyim da elə yazı-pozu adamı olmağımdan qaynaqlanır.Həmişə belə olmuşam və dəyişə də bilmirəm. Bu mövqeyim mənə çoxlu düşmən də qazandırır, ancaq özümlə bacara bilmirəm. Son iki gündə burada nə qədər adamla deyişmiş, dalaşmış, nə qədərini dostluqdan atmışam. Məni də bloka salanlar olub.Arada özümü rusvay etdiyimi düşünürəm. Axı səhərin alatoranında əlinə balta alıb hospitala hücum edən adamı necə müdafiə etmək olar?!Dünənəcən rəğbət bəsləyən insanlar buna görə məndən üz döndərir, qanunsuz, hətta cinayətkar hərəkətə haqq qazandırdığımı söyləyirlər.Ağırdır. Ancaq təsəllim də var: “…rüsvay gərək həmişə aşiq”.Səhər düşündüm ki, bu hadisədən çıxış edərək, yaxşı bir povest, hətta roman yazmaq, Ağadadaşı “milli Raskolnikovumuza” çevirmək, ya da elə Markes sayağı təxminən “Gözlənilən balta əhvalatı” adlı sosial-psixoloji povest guppuldadaraq, xalq artistinin, onu “qəhrəmancasına” döyən adamın, alqışlayan kütlənin daxili aləmini açıb tökmək, qanunların sıfra yaxın olduğu ölkədə nədənsə hamının qanundan danışmağa başlamasının psixo-analizini vermək olar.Ancaq bunun üçün Dostoyevski, Markes, bədəbəddə Əkrəm Əylisli olmalısan. Yaşadığın mühit onları yetişdirən şəraitə yaxın, xalqda yazı-pozuya, əsərə maraq, dəstək olmalıdır.Bunlarsa yoxdur. Səhər fb-dəki bildirişlərə baxıram, Ruhin Əliyev adlı profil mənə yazıb: “Kart paylaşıb, millətdən pul dilənən dalbayovdan bundan artıq nə gözləmək olar…” Sonra da blok edib ki, cavabımı oxumasın. Onun rəyini sildim. Amma kaş ki, silməzdim və necə savadsız yazdığını sizə göstərəydim. Şifahi dilimizə ruscadan keçən təhqiramiz sözü də əsl tərəkəmə ləhcəsində yazıb. Hələ bir adına baxın… Ruhin… Yox bir, Putin…Adlarımız çox önəmlidir. Onlar bizi dünyaya gətirən, tərbiyə edib cəmiyyətə buraxan valideynlərimizin daxili dünyasından, mənəviyyatından, mədəni və intellektual səviyyəsindən xəbər verir.Amma istedadlı insanlar, xüsusən də yazıçılar elə bir az “долбоёб” olurlar. Dostoyevski və Markes də “долбоёб” idilər. Amma bütün dünyada öz millətlərinə nə boyda hörmət qazandırıblar.Xalqları da onları dəstəkləyib, ortaya çıxmalarına kömək olub və onlar da borclu qalmayıblar.Mənə kart paylaşmaq ideyasını elə həmin bu Ruhin Əliyevlə eyni nəslin nümayəndəsi olan bir gənc, virtual “dost” verdi. Dedi ki, Nadir müəllim, burada utanılası bir şey yoxdur, siz yazılarınızı, əsərlərinizi, tərcümələrinizi satırsınız. Bu, çox normaldır. Sadəcə formal fərq var. Bir var kitab çap etdirib, nağd pula satırsan, bir də var, çap etdirmədən elektron variantda satır, ödənişi kartla qəbul edirsən.Doğrusu, “ağzıgöyçək”lərin buna dilənçilik deyiləcəyi ağlıma gəldi, ancaq düşündüm ki, işdən çıxarılan, qəsdən iş verilməyən yazı-pozu adamı üçün müasir dövrdə öz zəhmətinin məhsulunu elektron variantda satmaq niyə dilənçilik sayılsın ki? Bir yazıçı, tərcüməçi dar günündə öz xalqına yox, erməni xalqına müraciət etməlidir?İkincisi də, lap dilənçiyəm. Mən qabiliyyətdə, onlarla kitab tərcümə etmiş və yazmış, mətbuatda minlərlə yazısı dərc olunmuş, indi də hər gün bir neçə məqalə yazan bir insanın dilənçilik etməsinə görə kim utanmalıdır? Mənsub olduğu xalq, onun qurduğu dövlət və formalaşdırdığı hakimiyyət, yoxsa özü? Əgər bu suala düzgün cavab verə bilmiriksə, onda nə dövlət qurmuşuq, nə də hökümət formalaşdıra bilmişik. Hamısı yalan-palandır. Bu elə qanunların işləmədiyi yerdə qəfil yadımıza qanun düşməsi kimi bir şeydir.Üçüncüsü, dilənçilik namusunu, şərəfini satmaqdan, oğurluqdan, əyrilikdən, hər cür fahişəlikdən daha yaxşıdır. Ən azından ona görə ki, “dilənçi” təxəllüsü ilə yazan şairimiz var: Piruz Dilənçi. Amma üzr istəyirəm, oğru, oğraş, qəhbə, anasıgöyçək təxəllüslərindən hələ heç kəs istifadə etməyib. Təcrübədən deyə bilərəm ki, sosial şəbəkələrdə tərbiyəsizlik edənlərin, söyüş söyənlərin, təhqir yazanların hamısının ya anası qəhbədir, ya da dədəsi buynuzlu. Yaxud da bacısının və arvadının hesabına hökküldəyənlərdir.Ağadadaş qanunu pozub. Pah! Həzarat, bu ölkədə qanunları pozmayan varmı? Balta atmaq cinayətdir! Bəs gecə-gündüz bu boyda millətə “atmaq” nədir? Almalı piroqdur?!Mən başa düşürəm, hadisələrə dərin və geniş yanaşmaq, onları analiz etmək hər tərpənənin işi deyil. Bizim kimi geri, manqurtlaşdırılmış, beyni yuyulmuş toplumlar buna heç qadir deyil.Ancaq hər halda hamımız insan sayılır, bədənimizin üstündə baş, onun içində də beyin gəzdiririk.Heç düşünmürsüz ki, yumşaq xarakterli, heç kəsin toyuğuna kiş deməyən, hamıyla yola getməyə çalışan, kimləsə konfliktə girməyən qılıqlı bir adama birdən birə nə oldu? O kadrlara baxanda fikirləşmədiz ki, bu adam niyə belə edir? Buna neylədilər ki, bu günə düşdü? Cinmi yoluxdu qəflətən?Heç olmasa, Raskolnikovu xatırlayın, xatırlaya bilmirsizsə, “Cinayət və Cəza”nı, “Gözlənilən bir qətlin tarixçəsi”ni yenidən oxuyun. Təbii ki, əvvəllər bir dəfə oxumusuzsa. Oxumamısızsa, hər şey aydındır.Bu yaxında Əkrəm Əylislinin lənətlənmiş əsəri “Daş yuxular”ı bir daha və azərbaycan dilində oxudum. Bəli, əsərin qəhrəmanı Saday Sadıxlının ermənilərə simpatiyası var o povestdə. Etiraf edim ki, ahıl yazıçımıza bütün hörmət və rəğbətimə baxmayaraq, bu mənim də xoşuma gəlmədi. Amma Saday Sadıxlı axırda deyir ki, məni başa düşmək üçün Əylisdə doğulub-böyümək lazımdır. Bütün ömrü boyu cəmi ikicə erməni görmüş mən bunu anlaya bilmərəm. Ancaq anlayış göstərə bilərəm.Odur ki, Ağadadaşı anlamaq üçün gərək onunla səmimi, açıq söhbət edək, mümkün deyilsə, ölümcül xəstə olan yaşlı adamın psixoloji durumunu təsəvvür, təxmin etməyə çalışaq, baş verən hadisənin detallarını əvvəldən axıra öyrənək. İki şəxs arasında olan dialoqun nədən ibarət olduğunu bilək. Yəni anlayış göstərək.Ədəbiyyat insana məhz anlayış öyrədir, onu tərbiyə edir. Ağadadaşı kəskin qınayan Fazil Mustafa təxminən 15 il qabaq yazmışdı ki, bədii ədəbiyyat oxumaq boş və mənasız işdir. Baxın, bədii kitab oxumayıb deyə, danışdıqları da, yazdıqları da sönük və ruhsuzdur. Bəlkə də, elə anadan ruhsuz doğulub və buna görə də bədii əsərə marağı olmayıb.Özünə yazıçı deyən Kəramət isə elə az öncə haqqında yazdığım virtual tərbiyəsizlərdən biridir. O ünvanına söyülən söyüşləri yağış suyu kimi qəbul edə-edə populyar olub. Pərəstişkarlarının 99 faizi onu hər gün söyməkdən zövq alan sapıqlardır. Bir dəfə bir postunun altına baxdım, ilahi, nə qədər iyrənc söyüş vardı. Di gəl ki, bu adam onların birinə də cavab vermir, silmir. Başa düşdüm ki, kütləyə söymək, özünü boşaltmaq, orqazm olmaq üçün obyekt lazımdır və onu Kəramətin şəxsində tapıb.Onu da anladım ki, mənim sevilməməyim söyüşə, təhqirə qarşı dözümsüz olmağım, şit zarafatlar etməməyim, kruq adamı olmamağım, marginallara qoşulmamağım, qadınlarla yüngül, şit söhbətlər etməməyimdir. Olsun. Sevmirsiz, heç sevməyin. Zorla məhəbbət olmaz ki… Gedin Kəramətlə “sevişin”…Deyilənlərə görə, Ağadadaş sonradan onu döyən mühafizəçiyə “ə, ermənisən, görmürsən ölürəm, ordan bir adam çağır da…” deyib. Mühafizəçinin cavabını, ondan sonra müğənninin nə dediyini isə bilmirik. Ümumiyyətlə, baltalı hücuma səbəb olan dialoqdan xəbərimiz yoxdur.Ancaq bunu da təxmin etmək olar. Orada ölkədəki ağır sosial, hətta demoqrafik problemlərin, baş alıb gedən haqsızlığın, bütün sahələrdəki ədalətsizliyin, tayfaçılığın doğurduğu təhqiramiz ritorikadan istifadə oluna bilər. Bütün bunlar araşdırılmalıdır. Çünki bunları bilmədən düzgün qərar vermək, hətta ciddi əsər də yazmaq mümkün deyil.Dünən bir status yadıma Ağadadaşın “Qaçqınam, köçkünəm, halımı sorma, Sıx məni köksünə, halımı sorma” mahnısını saldı.Bəlkə, Ağadadaşı döyən mühafizəçi də qaçqın, yaxud köçkündür? Bəlkə, “ə, ermənisən…” ritorik sualını, yaxud tənəsini son dərəcə ağır təhqir kimi qəbul edib və müğənniyə elə cavab qaytarıb ki, beyni çönüb və Raskolnikov kimi baltaya əl atıb?Əslində bizim tərəflərdə, yəni Muğan zonasında kiməsə “ə, ermənisən?” deyilməsi ağır təhqir sayılmır. Çünki bu söz qarşındakı adamı erməni kimi qəddar, tərs, insafsızcasına yox, insaflı, mülayim, üzüyola davranmağa dəvət edən islahedici bir müraciət formasıdır. Odur ki, Ağadadaş belə deyəndə ağır cavab ala biləcəyini düşünməyib. Ya da canı ağrılı olduğundan düşünə bilməyib. Görünür, mühafizəçi ermənilərə dəhşətli nifrət bəslədiyindən daha ağır təhqir forması seçib. Sonra da gözətçi budkasını tərk edərək, qaçıb girib klinikaya.Mühafizəçi də insandır, təbii ki, onun da özünə görə qüruru, mənliyi var. Ancaq adi adamlar bütün hallarda kütlənin bir parçasıdırlar. Onlar adətən kollektiv şüurun daşıyıcısı olur, tabular, ehkamlar, tezislərlə idarə olunurlar. “Erməni” sözünə kəskin reaksiya da bunun əlamətidir. Odur ki, mənim üçün mühafizəçiyə, yaxud gözətçiyə fərd, şəxsiyyət kimi yanaşmaq çətindir. Onunla da söhbət etmək, psixoloji testdən keçirmək lazımdır.Bəziləri deyir ki, bu hadisə olmamalıydı. Onda gərək Raskolnikov da sələmçi qarını baltalamayaydı. Bunların olmaması mümkündürmü. Məncə, yox. Çünki nəticələr səbəblərin məhsuludur.Həm də belə hadisələr olmasa, “Cinayət və Cəza” kimi şedevrlər yaranmaz.

Избранный
80
elchi.az

1Источники