“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan “Dənizdə külək enerjisi potensialının araşdırılması və potensialdan istifadə istiqamətində hazırlıq tədbirlərinin həyata keçirilməsi” fəaliyyət istiqamətinə uyğun olaraq müəyyənləşdirilən ərazilərdə ölçmələrə başlanılması üzrə işlər yekunlaşmaq üzrədir.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən aldığımız məlumata əsasən, bu istiqamətdə ölçü-müşahidə işlərinin aparılması üçün Finlandiyanın “Vaisala” şirkəti tərəfindən ölkəyə 2 ədəd “LiDAR” (Light Detection and Ranging) qurğusu gətirilərək nəzərdə tutulan ərazidə quraşdırılıb. Qurğu lazer şüalarından istifadə edərək 10 kilometr məsafəyədək tələb olunan nöqtələrdə küləyin sürətini və istiqamətini müəyyənləşdirmək üçün istifadə olunur.
Məlumata görə, “LiDAR” qurğusu fərqli nöqtələrdə virtual ölçü-müşahidə dirəyi yaradaraq 75 metr, 150 metr və 225 metr hündürlüklərdə küləyin sürətini ölçəcək.
Sözügedən şirkət tərəfindən “LiDAR” qurğularının öyrənilməsi” üzrə nəzəri və praktiki təlim keçirilib.