RU

Xalqı xalq edən, milləti millət edən onun ana dilidir ŞƏRH

Ana dili xalqın varlığının ən başlıca göstəricisi, ən böyük milli-mənəvi sərvətidir. Milli dil hər bir xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişini və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Ana dilimiz milli kimliyimizin, milli varlığımızın ən mühüm göstəricilərindən biridir. Eyni zamanda, dilimiz milli birliyimizi gücləndirən əsas amillər sırasındadır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, Azərbaycan dilinin qorunub saxlanılması, dövlət dili kimi tanınması sahəsində gördüyü işlər danılmazdır.

Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunan mənbələri araşdırarkən, demək olar ki, hər dəfə yeni bir fakt nəzərə çarpır. Hələ 27 aprel 1978 - ci il tarixində Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması ilə bağlı aparılan ciddi işlərin birbaşa Heydər Əliyevin şəxsi təşəbbüsü olması onun doğma dilimizə sonsuz sevgisinin və qayğısının nümunəsi kimi qiymətləndirilməlidir. Sovet rejiminin milli dilləri sıxışdırdığı bir vaxtda ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi. SSRİ – nin tərkibində olan digər milli respublikaların rəhbələri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Lakin Ulu Öndər bu məsələdə öz mövqeyini cəsarətlə ortaya qoydu.Milli lider dövlət dili uğrunda apardığı ardıcıl mübarizəyə ziyalıları, bütün vətənpərvər qüvvələri də cəlb edirdi. Bu fəaliyyətin məntiqi davamı 1995 – ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlananda da özünü göstərdi.Geniş müzakirələrdən sonra 1995 – ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21 - ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.Ana dili hər bir xalqın, millətin varlığı, kimliyi və ən böyük mənəvi sərvətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili qədimliyi, zənginliyi, ahəngdarlığı, rəngarəngliyi, axıcılığı və səlisliyi baxımından dünyanın seçkin dillərindən biridir.Azərbaycan xalqının ümummilli lideri, doğma ana dilinin gözəl bilicisi Heydər Əliyev ana dili haqqında demişdir: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir.Xalqı xalq edən, milləti millət edən onun ana dilidir".Ulu öndərin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab Əliyevin dilimiz haqqında söylədikləri yuxarıdakı fikirlərin davamı kimi səslənir:"Ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir".Ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.Ulu öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin dilimizə verdiyi dəyər onu söyləməyə əsas verir ki, milli varlığımızı özündə təcəssüm etdirən ana dilimizi göz bəbəyi kimi qoruyub saxlamaq, inkişaf etdirmək, gələcək nəsillərə ötürmək ölkə vətəndaşı olaraq hər birimizin borcudur. Hər kəs ana dilimizin qorunub saxlanılması istiqamətində öz töhfəsini verməli, bunun üçün də ilk addım olaraq ana dilimizə hörmət və ehtiram göstərməlidir.

Anar Məmmədov,

YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
96
3
sesqazeti.az

10Источники