RU

Kamala Harris sürət yığır - O, tərəddüd edən ştatları Trampdan qoparır

ABŞ prezidentliyinə Demorkartlar partiyasından namizəd olan vitse-prezident Kamala Harris noyabrda keçiriləcək prezident seçkisinin indiki mərhələsində artıq rəqibi üzərində mühüm üstünlük əldə edib.

O, seçimlərində tərəddüd edən ştatlarında, Amerika standartlarına görə, çox təsiredici fərqlə ilk dəfə Donald Trampı qabaqlayıb. Bu, artıq noyabrda keçiriləcək prezident seçkisində qələbə üçün mühüm iddiadır. Çünki seçkinin nəticəsi mütərəddid ştatlardan, nə respublikaçıların, nə də demokratların üstünlüyü olmayan ştatlardan asılıdır. Harrisin bu üstünlüyü əldən verməyəcəyi mütləq deyil. Bununla belə, bir şey aydındır: Trampın həyatına iyul ayında edilən sui-qəsd cəhdindən sonra artan populyarlığı artıq bir yerlərdə dayanıb və bu fakt ona daha siyasi xal gətirmir. Elektoratı qazanmaq üçün Trampa yeni yollar lazımdır.

“Nyu-York Tayms” qəzetinin son sorğusu üç mütərəddid ştatda - Pensilvaniya, Miçiqan və Viskonsində Harrisin Trampın qarşısında üstünlük qazandığını göstərir. “Siena” kollecinin avqustun 5-dən avqustun 9-dək apardığı araşdırmaya görə, oradakı seçicilərin 50%-i Harrisə səs verməyə hazırdır. Əvvəllər bu ştatlarda Cozef Bayden Trampa uduzurdu. Trampın reytinqi isə iyuldakı sorğu ilə müqayisədə dəyişməyib. Üç ştatda yalnız 46% seçici onu dəstəkləməyə hazırdır. Ştatlar üzrə götürsək, Tramp Miçiqanda 5%, Viskonsin ştatında isə 6%-ə qədər səs itirib. Pensilvaniya seçicisi, yəqin ki, qubernator Coşua Şapironun Harrisin vitse-prezidenti seçilməməsindən inciyib, ona görə də Trampla Harrisin arasında səs fərqi qadın namizədin xeyrinə cəmi 2% təşkil edir.

Sorğuya əsasən, “üçüncü namizəd” faktoru Harrisə qarşı işləmir. Müstəqil namizəd kiçik Robert Kennedinin reytinqi aşağıdır və daha da düşməkdədir. Onun populyarlığı ciddiyə alınmayacaq səviyyədədir. Kennedilər klanının son nümayəndəsi gəncliyində sürdüyü həyat tərzi ilə ABŞ seçicisi üçün “oddan törəmiş kül” statusundadır.

Bu da faktdır ki, demokrat namizədin kampaniyası əsasən Baydenin yüksək anti-reytinqi olması səbəbindən sürət qazanıb. Bayden namizədlikdən çəkilənə qədər Harris də ölkənin sevimli siyasətçilərindən biri deyildi. İndi bütün partiya onun ətrafında birləşdiyindən və o, demokratların rəsmi namizədi olduğundan, vitse-prezident getdikcə populyarlaşır. O, ikinci plandan ön plana çıxıb və açıqlamaları, görüşləri, davranışları ilə prezident ola biləcək potensiala malik olduğunu nümayiş etdirir. Sorğulara əsasən, Harris, ümumiyyətlə, mötədil seçiciləri iqtisadi gündəmin öhdəsindən gələcəyinə və Trampın iddia etdiyi kimi, “solçu” siyasət yürütməyəcəyinə inandırmaqda uğur qazanır.

Harrisin Nevada mitinqində verdiyi vədlərdən biri də bəxşiş (“çaypulu”) vergisini ləğv etməyə çalışacağı barədə olub. Bu, ABŞ-da çox vacibdir. Ölkədə bəxşişlər iaşə işçilərinin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edir. ABŞ-da onları vermək əxlaq norması hesab olunur və bir çox yerlərdə bu, məcburidir. Xidmət üçün ödənilən “çaypulu” bəzən hesaba avtomatik daxil edilir. Onlardan verginin ləğvi vədi orta təbəqənin daha çox qazanmasına imkan verən sağçı tədbirdir. Belə çıxır ki, “solçu fanat” (Tramp onu belə adlandırır) respublikaçıların gündəmini izləyir. Onun ideyasının Nevadada səsləndirilməsi təsadüfi deyildi: Las-Veqas bu ştatdada yerləşir və bilindiyi kimi bu şəhərdə çox sayda otel və kazinolar fəaliyyət göstərir. Tramp bu ştata çox ümid edir. Lakin onun rəqibi daha zirək tərpənib, uyğun vədi səsləndirib və bu, ştat seçicilərinin diqqətini çəkib, ona rəğbət qazandırıb.

Yeri gəlmişkən, Tramp bu ideyanın ona məxsus olduğunu bildirib, dəfələrlə səsləndirdiyini deyib və “Truth” sosial şəbəkəsində vitse-prezidentin onun ideyasını “oğurladığını” yazıb. Tramp onu da deyib ki, Harrisin söz verdiyinə baxmayın, o, prezident seçilsə bəxşiş vergisini ləğv etməyəcək.

Əslində isə adı çəkilən vergini ləğv etmək həqiqətən çətin olacaq. Bunun üçün prezidentlə Konqres arasında fəal birgə iş lazımdır. Qanunvericilik bazasını elə tənzimləmək lazımdır ki, qanundan hedj-fond menecerləri və gəlirləri orta səviyyədən xeyli yüksək olan hüquqşünaslar yararlana bilməsin. Deməli, bəlkə də Tramp haqlıdır, Kamala Harris bəxşiş vergisini asanlıqla ləğv edə bilməyəcək. Bəs bu halda Tramp özü nə edəcək? Ona da çətin olmayacaqmı?

Son beş gün ərzində Harris və onun vitse-prezidentliyə namizədi, Minnesota qubernatoru Tim Valz beş dəfə mitinq keçirib. Cümə günü Arizonada onların mitinqinə 15 mindən çox insan toplaşıb. Əhəmiyyətli olan odur ki, Harrisin komandası vitse-prezidentin çıxışları üzərində çox yaxşı işləyir və müəyyən vəziyyətlərə çevik reaksiya verir. Tramp bu xüsusda ləng tərpənir, ona görə də cırnayır və qəzəbli açıqlamalar verir.

Harris Detroytda Fələstin tərəfdarları ilə şifahi mübahisə edib. Artıq Arizonada o, atəşkəsə və girovların İsrailə təhvil verilməsinə çağırıb. İspan seçicilər Harris haqqında getdikcə daha çox müsbət qənaətə gəlirlər.

“Nyu-York Tayms” qəzetinin yazdığına görə, Harris sonrakı sorğularda Trampı 10% qabaqlaya biləcək. Müəyyən mənada, Harrisin bir çox məsələlərə dair aydın fikirlərinin olmaması indi onun xeyrinə işləyir. O, buna görə dəfələrlə tənqid olunmuşdu. Hələlik onun tərcümeyi-halında heç bir kompromat, prinsipcə, seçicilərin ona səs verməkdən imtinasına səbəb yarada biləcək faktlar yoxdur. Bu, onu Trampdan çox fərqləndirir. Keçmiş prezidenti isə daima nələrdəsə ittiham edirlər – seks qalmaqallarından tutmuş dövlət çevrilişinə, mühüm sənədləri gizlətməyə qədər.

Bir sözlə, Tramp ABŞ seçicisi üçün kəsilmiş qarpızdır. Necə deyərlər, ona qarşı “gəlmişdi də, görmüşük” arqumenti səslənməsi effektiv ola bilər. Harris isə yenidir, onun daha uğurlu prezident olacağına inam və ümid daha bütövdür.

Onların hansının ölkəmiz üçün daha faydalı ola biləcəyi isə, başqa, daha uzun söhbətin mövzusudur.

Araz Altaylı, Musavat.com

Избранный
128
1
musavat.com

10Источники