2025-ci ildə Bakıda dünya metropolitenlərinin konfransı təşkil ediləcək. Avqustun 16-da ilk beynəlxalq konfransın təşkilati məsələlərinin həlli ilə bağlı “Bakı Metropoliteni” QSC və “Metro İstanbul” arasında anlaşma memorandumu qəbul edilib.
Sənədi “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və “Metro İstanbul”un baş direktoru Özgür Soy imzalayıblar.
“Bakı və İstanbul metrosu arasında 2015-ci ildən qarşılıqlı əlaqələr intensiv şəkildə davam etdirilir. Əldə olunmuş nailiyyətlər bundan sonra dünyanın digər metropolitenlərinin cəlb edilməsi ilə yeni müstəviyə keçə bilər”, – deyə “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov qeyd edib. O, daha sonra konfransın gələcəkdə bütün metropolitenlər üçün ən uğurlu platformaya çevrilməsi üçün birgə planlar üzərində iş aparılacağını bildirib.
“Metro İstanbul”un rəhbəri Özgür Soy tədbirin gələcək uğuruna inandığını qeyd edib. O, iki qardaş ölkə metropolitenlərinin birlikdə dünya metropolitenlərinə yeni və uğurlu platforma təqdim edə biləcəyini deyib. Özgür Soy diqqətə çatdırıb ki, “Bakı Metropoliteni” QSC-nin zəngin təcrübəsi və keyfiyyətli texniki xidməti, təşkilati məsələlər, İstanbul metrosunda tətbiq edilən texnoloji yeniliklər, Azərbaycan və Türkiyə müəssisələrinin inkişaf edən potensial istehsal imkanlarının daha geniş miqyasda yayılması baxımından, birgə layihələrin inkişaf etdirilməsinə təkan olacaq. Özgür Soy, eyni zamanda bu layihənin istehsalçılarla metropolitenlər arasında bir körpü rolunu oynayacağına əminliyini ifadə edib.
Sonra əməkdaşlıq platformasının media təqdimatı keçirilib. Qeyd olunub ki, 2024-cü ilin əvvəlində Bakı və İstanbul metropolitenləri arasında irəli sürülmüş ideya ətrafında fikir və təcrübə mübadiləsinə başlanılıb və təşkilati məsələlərə dair müzakirələr aparılıb. Qardaşlaşmanın “Metrokonnekt” (MetroConnect) adlandırılması qərara alınıb. İlk konfransın Bakıda keçirilməsi barədə razılıq əldə olunub. Aparılan araşdırmalar əsasında bu sahədə metropolitenlər üçün ən zəruri məsələlərin və problemlərin birgə həlli, perspektivlərin, yeniliklərin, xüsusən də innovativ təkliflərin müzakirə olunmasına ehtiyac duyulduğu aşkar edilib.
Məclisin gündəliyində inşaat, vaqon yığılması və təmiri, metropolitenin qurğu, avadanlıq və sistemləri ilə bağlı son nailiyyətlər, innovativ texnologiyalar, süni zəkanın rolu, təmir və xidmət zamanı əsas problemlər, o cümlədən standartlar və təhlükəsizlik, sərnişin məmnunluğu sahəsindəki təcrübə mübadiləsi, elmi-tədqiqat uğurları və s. mövzular xüsusi yer alacaq.
Görüş və müzakirələrin təkcə metropolitenlər deyil, eyni zamanda istehsalçılar, habelə elmi-tədqiqat və təhsil müəssisələri üçün marağı nəzərə alınaraq, sərgi və Bakı metrosunda tətbiq edilmiş innovasiyaların, metropolitenlər üçün mühüm əhəmiyyət kəsb edən digər vacib məsələlərə dair ekskursiyaların təşkili nəzərdə tutulub.
“Metro İstanbul” nümayəndələrinin Bakıya səfəri 2 gün davam edib. Bu müddətdə sazişin əsas məqamları, görülmüş işlər, qarşıdakı planlar və vəzifələr müzakirə olunub.