AZ

Anar Məmmədlinin həbs müddəti artırıldı

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbs müddəti 3 ay uzadılıb. Bununla bağlı avqustun 22-də Xətai rayon Məhkəməsi istintaq orqanın vəsatətinə baxaraq qərar çıxarıb. A.Məmmədlinin vəkillərinin sözlərinə görə, istintaq müddətinin uzadılması üçün heç bir əsas yoxdur. “Qərardan apellyasiya şikayəti veriləcək”, – onlar vurğulayıblar. A.Məmmədli aprelin 29-da saxlanıb. Aprelin 30-da Xətai rayon Məhkəməsi onun barəsində 3 ay 28 gün müddətinə həbs-qətimkan tədbiri seçib. A.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. O, ittihamı qəbul etmir. Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Bugünlərdə isə onların bəzilərinin ittihamı daha bir neçə maddə ilə ağırlaşdırılıb. Söhbət külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqdan, habelə mütəşəkkil dəstə ilə qaçaqmalçılıqdan, vergidən yayınmaqdan, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadədən gedir. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
xural.com

1Mənbələr