AZ

Ermənistanın sərhəd təxribatının ŞOK SƏBƏBİ — Elə detallar üzə çıxdı ki…

Qərbdən gələn kömək İrəvanı ruhlandırır, Azərbaycan ordusu sərhəd bölgəsində təhlükəsizliyi təmin etmək üçün Ermənistanın dərinliklərinə qədər irəliləyə və bufer zona yarada bilər.



Ermənistan silahlı qüvvələri son günlər yenidən təxribatlara əl atır. Zəngəzur dəhlizi ilə bağlı bəndin sülh müqaviləsindən çıxarılmasından sonra atəşkəsin Naxçıvan istiqamətindən pozulması intensiv hal alıb. Həmçinin, Ermənistanın xarici qüvvələr tərəfindən silahlandırılması yeni təxribatların olacağı ehtimalını artırır.



Bu hərbi təxribatlar Kəlbəcər istiqamətində də qeydə alınıb. Ermənistan məqsədli şəkildə eskalasiyaya yol açır. Ermənistanın təxribatların miqyasını genişləndirməsi xarici güclərin regionda yenidən gərginlik ocağının yaranmasında maraqlı olduğunu göstərir. Ermənistan ABŞ-dan gələn kömək və Fransadan hərbi texnikaların göndərilməsinə görə ruhlanır. Qısa müddət ərzində ermənilər təxminən 1 milyard dollar dəyərində silah əldə ediblər.



Habelə, bura bəzi Qərb dövlətlərinin Ermənistana dəstək bəyanatları da daxildir. Onların sosial-iqtisadi vəziyyəti yaxşı deyil. Havadarları Ermənistanı sülhdən yayındırır. Regionda Rusiya, ABŞ, İran kimi ölkələrin maraqlarının toqquşması ciddi nəticələrlə yekunlaşa bilər. O da ehtimal edilir ki, bu təxribatlar həm də kəşfiyyat xarakterli addımlardır. Niyyətləri bu ola bilər ki, Azərbaycanın müdafiə qabiliyyətinin səviyyəsini öyrənsinlər. Hətta güman edilir ki, erməniləri buna təhrik edən qüvvələr var, onlar da Azərbaycanın hansı formada, nələrlə və necə cavab verdiyini görmək istəyə bilərlər. Təxribatlar fonunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən qəti addımların atılacağı birmənalıdır. Ölkəmizin komandanlığı sərhəd bölgəsində yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün Ermənistanın dərinliklərinə qədər irəliləyə və beynəlxalq praktikaya istinad edərək bufer zona yarada bilər.



Rusiyadan Ermənistana edilən xəbərdarlıqlar da bu gərginlik fonunda diqqəti cəlb edir. Moskva İrəvanı üçtərəfli razılaşmaları pozmaqda ittiham edir. Eyni zamanda, Rusiya XİN Putin Bakıda olarkən Ermənistanın atəşkəsi pozmasına münasibət bildirib. Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə qeyd edib ki, Rusiya və Azərbaycan prezidentləri Bakı və İrəvanın barışması məsələsini ətraflı müzakirə ediblər. “Prezidentlər birgə mətbuat konfransında bu məsələnin üzərində ətraflı dayanıblar. Bizim bu trekdə bütün səylərimiz Bakı və İrəvanla strateji münasibətlərimizin ruhuna cavab verir. O ki qaldı, Ermənistan-Azərbaycan sərhədində gərginliyin mümkün artmasına, biz İrəvan və Bakını müntəzəm olaraq təmkinli olmağa, vəziyyəti gərginləşdirəcək addımlardan çəkinməyə, bütün mübahisəli məsələləri istisnasız olaraq sülh, siyasi və diplomatik yolla həll etməyə çağırırıq”.



İctimaimedia.az xəbər verir ki, yeni müsavat-ın suallarını cavablandıran professor Qabil Hüseynli Azərbaycanın hazırkı şəraitdə erməni təxribatlarına qarşı təmkinli olacağını gözləyir. Ermənistanın regionda gərginlik yaratmaq tapşırıqları aldığını qeyd edən Q. Hüseynliyə görə, məqsəd Bakını hərb eskalasiyaya təhrik etmək və Azərbaycan haqda aqressor təsəvvürü formalaşdırmaqdır. Professor güman etmir ki, irimiqyaslı hərbi toqquşmalar baş verəcək, lakin onun fikrincə, Ermənistanın sərhəddə atəşkəsi pozması daha çox siyasi xarakter daşıyır: “Ermənistan ABŞ təyyarələrinin içi silahla və şəxsi heyətlə dolu Erebuni aviabazasına gəlişindən sevincək olub. Fransa da onu eyni metodla ümidləndirir ki, Zəngəzur koridorunun açılmasına müqavimət göstərsin. Mariya Zaxarova təsadüfən demədi ki, Makronun Ermənistana səfəri destruktiv fəaliyyətdir. Əlavə etdi ki, ermənilər rusların dəhlizə nəzarətindən imtina edib. Bu məsələdə də işarə etdi ki, Qərb İrəvana təkid edir, yola kontrolu Rusiya Federal Təhlükəsizlik Xidmətinə verməkdən imtina etdirir. Bu da regionun gərginlik ocağına çevrilməsidir və dolayısı ilə bölgədə daha bir münaqişənin təməli qoyula bilər. Mən o qənaətdəyəm ki, Cənubi Qafqazda müharibə riski qalır və hələ problemlər həll olmayıb. Ona görə Bakı və İrəvan nə qədər tez sülh sənədinə imza atsalar, bir o qədər kənar təsirlərin ucbatından yarana biləcək təhlükələrdən uzaq olarlar”.



Professor atəşkəsin pozulmasında Fransa və ABŞ-ın təlimatı olmasını istisna etmir: “Amma Zəngəzur dəhlizi açılmalıdır. Ümumiyyətlə, nəqliyyat kommunikasiyaları blokadadan çıxmalıdır. Bunun reallaşması uzandıqca gərginlik artacaq. Ermənistan başa düşməlidir ki, yeni konflikt ona xeyir gətirə bilməz. Hətta Fransa və Birləşmiş Ştatlar onu qanadı altına alsalar belə, Ermənistan nə qədər bu prosesi uzadacaq? Gedişat göstərir ki, İrəvan regionda uzaq tərəfdaşlarının hoqqabazlığı ilə çox gedə bilməyəcək. Azərbaycan Paşinyanın imza atdığı sənəddə olan müddəaların yerinə yetirilməsini tələb edir, Ermənistan bundan necə boyun qaçıra bilər? İmza atmısan, əməl elə! Əgər mübahisə yola nəzarət üstündədirsə, o halda bunu Moskva və İrəvan həll etsinlər. Yəni bir düyün yaranıb, bölgə uğrunda rəqabət gedir, Qərb Rusiyanın burada təsir imkanlarını azaltmaq fikrindədir, ona görə dəhlizə nəzarətin FTX-da olmasının əleyhinədir, bu da yekunda işimizi dolaşığa salır. Biz isə Azərbaycandan Azərbaycana quru yolun, maneəsiz hərəkətin təmin olunmasını tələb edirik. Azərbaycan Ermənistana götürdüyü öhdəlikləri yerinə yetirmək üçün siyasi-diplomatik təzyiqləri artırmalıdır, sərhəd təxribatları ilə Paşinyan daha çox vaxt uda bilməyəcək”.



Hərbi ekspert Ramil Məmmədli isə Ermənistanın sərhəd təxribatlarını iki səbəblə izah edir. Onun fikrincə, Bakını sərt cavab verməyə təhrik edirlər. Bununla COP29 ərəfəsində Azərbaycanı Ermənistan ərazilərinə “təcavüz” etməkdə günahlandırmağa zəmin hazırlayırlar. Ekspertə görə, digər səbəb Qərb silahlarının istifadəsi və Zəngəzur dəhlizinin açılmasına əngəl olmaqdır: “Makronun sentyabrda İrəvana səfəri gözlənilir. Zaxarova bu ziyarəti destruktiv fəaliyyət adlandırıb. Qərb Rusiyanın təsir zonasında rıçaqlarını gücləndirdikcə, regionda gərginlik artır. Rusiya və Azərbaycan, son olaraq da İran Ermənistanı xəbərdar edirlər ki, bölgəyə kənar qüvvələri cəlb etməsin. Sənin sərhədini rus qoruyur, qazını, işığını Rusiya və İran verir, sən onların düşmənlərini regiona yerləşdirirsən. Zəngəzur dəhlizinə ABŞ hərbi qüvvələrini gətirmək səbri daşıran son damla olacaq. Halbuki, altılıq platforması təklif olunub ki, regional əməkdaşlığa üstünlük verilsin. Lakin cırtdan Ermənistan balaca boyu ilə Qərbdən himayəni arxasına alaraq bu cür avantürist oyunlara girməkdədir. Gah silahlanır, gah atəşkəsi pozur… Amma dərk eləmir ki, başı əziləndə heç kəs dadına çatmayacaq. Nə Fransası, nə ABŞ-ı Ermənistanı Azərbaycanın əlindən ala bilməyəcək”.



Ermənistanın “təhlükələri sularda üzdüyünü” bildirən hərbi ekspertin proqnozlarına görə, belə davam edəcəksə, payızda düşmən ordusu qulağının dibinə növbəti şapalağı yeyəcək: “Qərbin verdiyi silahlarla öyünmək əvəzinə, İrəvan Bakının aldığı müasir texnikalara da diqqət yetirsin. Paşinyana elə gəlir ki, Fransa və ABŞ onu qoruyurlar. Amma Moskva da açıq surətdə nəzərinə çatdırdı ki, götürülən öhdəlikləri yerinə yetirməlisən. Çox güman ki, Rusiyanın təzyiqləri güclənəcək. Azərbaycan, Türkiyə və Rusiya koridorun açılmasını tələb edir, Ermənistan imza atdığı anlaşmanı pozmağa davam edəcəksə, bunu da Paris və Vaşinqtona güvənərək yürüdəcəksə, nəticələri onun üçün ağır olacaq”.

Seçilən
144
50
ictimaimedia.az

10Mənbələr