AZ

3 min uşaq 1-ci sinif qeydiyyatından keçə bilmədi...

Image

Mayın 1-dən  127 mindən çox uşaq I sinfə qəbul edilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumata görə, 2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir.

Qeyd edilib ki, 2024-2025-ci illər üçün 130 min məktəbyaşlı uşağın qeydiyyatdan keçməsi proqnozlaşdırılır. Proqnozlaşdırılan şagirdlərin sayı ilə qeydiyyatdan keçən uşaqların arasında üç minə yaxın fərq var. 

Maraqlıdır, üç minə yaxın uşağın qeydiyyatdan keçməməsinə səbəb nə ola bilər? Həmin uşaqların taleyi necə olacaq? 

Cahid İmanlı: “Ola bilsin ki, hansısa məktəb rəhbəri mövcud olan yeri gizlədir, uşaqları başqa formada qəbul edir, bu hal isə…”

Təhsil eksperti Cahid İmanlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, mövcud qanunvericiliyə görə, uşağın bacı və qardaşı həmin məktəbdə təhsil alırsa mütləq həmin uşaq qeyd edilən təhsil ocağına yerləşdirilməlidir. Belə bir hal yoxdursa məktəbin o uşağı qəbul etməmək kimi bir səbəbi ola bilər: “Səbəb kimi otaq sayının az olması, yer azlığı göstərilə bilər. Belə olan halda valideyn yaşayış yerinə yaxın alternativ məktəb seçməlidir. Ola bilsin ki, hansısa məktəb rəhbəri mövcud olan yeri gizlədir, uşaqları başqa formada qəbul edir. Bu hal isə qanunsuzdur”.

Cavanşir Əliyev: “Xidmətlər rəqəmsallaşdıqca bəzi qaydalar bir sıra sahələrdə çətinlik yaradır” 

Təhsil məsələləri üzrə ekspert Cavanşir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, uşaqların birinci sinfə qəbulu zamanı yaşanan əsas  problem texniki məsələlərlə bağlı olur:  Burada müəyyən bir texniki çatışmazlıq, ümumiyyətlə, sistem çöküşü müəyyən hallarda öz sözünü deyir. Azərbaycanda hazırda 4 431 məktəb var, onun 32-si özəl, 4 399-u dövlət məktəbidir. Dövlət konstitusiyanın 42-ci maddəsinə uyğun olaraq hər bir vətəndaşın təhsil almaq hüququnu təmin edir. Hətta məktəbdə bir şagird olsa belə, məktəb fəaliyyətini göstərir. Xatırladım ki,  uşaqların məktəbə qəbulu və yerdəyişməsi qaydaları 6 noyabr 2014-cü il tarixli təhsil nazirliyinin kollegiya iclasının 1/3 nömrəli qərarı ilə həyata keçirilir. Həmin qaydalarda göstərilir ki, uşaqların məktəbə qəbulu 15 sentyabra qədər davam edir. Hər hansı səbəbdən ailələr müraciət edə bilmirsə oktyabr ayı ərzində də birinci sinfə qəbul davam etdirilə bilər.  Yerdə qalan uşaqlar da müraciət edəcəklər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, xidmətlər rəqəmsallaşdıqca bəzi qaydalar bir sıra sahələrdə çətinlik yaradır: “Yanvar ayında dünyaya gələn uşaqla noyabr-dekabr aylarında doğulan uşaq arasında bir yaş fərq hesab edilir. Sistem elə quraşdırılmalıdır ki, insanlar əziyyət çəkməsin. Həm texniki baxımından insanlar dağa-daşa düşməməlidir, həm də bəzi detallar nəzərə alınmalıdır. Onu da deyim ki, paytaxtda yaşayan əhalinin çoxu yaşadığı yer üzrə qeydiyyatda deyil. Valideynlər həmin ərazidə qeydiyyatda olmadıqlarından uşaq yaşayış yerinə yaxın məktəbə qəbul ola bilmir. Bir çox insanlar rayon qeydiyyatındadır və Bakıda yaşadığı ərazidə rəsmi ünvanda deyillər. Bu isə onların övladlarının faktiki yaşadıqları ərazi üzrə təhsil almaq imkanını məhdudlaşdırır".

Günel CƏLİLOVA





Seçilən
164
50
baki-xeber.com

10Mənbələr