AZ

Sənət dostları Şahmar Ələkbərovu anırlar: "Sanki tez gedəcəyini hiss edirdi..."

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Şahmar xəstəliyə tutulandan sonra daha çox işləyirdi. Sanki tez gedəcəyini hiss edirdi. Amma özündən sonra tamaşaçılarına yadigar nəsə qoymağa çalışırdı. Şahmar çəkdiyi filmlər üzərində işləyərkən xəstəliyi ilə, ağrılarla da mübarizə aparırdı..."
Tanınmış kinoaktyor, Xalq artisti Şahmar Ələkbərov (23 avqust doğum günü idi) haqqında həmkarlarının xatirələrindən kino lentlərindən tanıdığımız məğrur, mətin aktyorun bir insan kimi xarakterini də öyrənirik.
Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.
Şahmar xoşbəxt sənətkar idi
Xalq artisti Rasim Balayev mərhum həmkarını Azərbaycan kinosunun görkəmli nümayəndəsi adlandırır: "Mən Şahmarı həm də teatrın səhnəsində görmüşəm. İstedadlı teatr aktyoru idi. Əvvəllər "Azdrama"da da rollar oynadı. Hamısı uğurlu işlər idi. Tale elə gətirdi ki, o, özünü kinoya həsr etdi. Əgər Azərbaycanda dublyajın iki-üç ustası vardısa, biri də Şahmar Ələkbərov idi. Mən instituta daxil olmaq istəyəndə onun dublyaj etdiyi filmlərə baxırdım. O vaxtlar "Avropalı gəlin" filmində onun səsinə qulaq asıb heyran olmuşdum. Onun cingiltili səsi hələ də qulağımdadır. Şahmarla bir neçə filmdə çəkilmişəm. O, çox gözəl tərəf-müqabil idi. Şahmar düşünüb-düşündürən aktyorlardan idi". R.Balayev deyir ki, Şahmar bir insan kimi də alicənab idi:
"Şahmar ipək kimi adam idi. Heç kimlə işi yox idi. Paxıllıq hissi ona yad idi. Hamının uğuruna uşaq kimi sevinirdi, hamıya hörmətlə yanaşırdı. Hamı da onu bir insan kimi sevirdi". R.Balayev mərhum aktyorun amansız xəstəliyə düçar olduğu vaxtları xatırlayır: "Şahmarın xəstələndiyi vaxtlar da yadımdadır. Müalicə üçün çox yerlərə getdi, xaricə də üz tutdu. Amma sağalmaz xəstəliyə düçar olmuşdu. Onun ölüm xəbərini gec eşitdim. Onda İranda idim. Şahmarın ölümü Azərbaycan mədəniyyəti üçün böyük itki oldu. O, kinomuzda öz yeri və çəkisi olan sənətkarlardan idi. Amma Şahmar xoşbəxt sənətkar idi. Çünki onun oynadığı filmlər həmişə yaşayacaq və insanlar da Şahmarı həmişə məhəbbətlə yad edəcəklər".
Üç muşketyor
Xalq artisti Tariyel Qasımov mərhum aktyorla teatr dərnəyinə yazıldığı illərdən dostluq edib: "Atam Ağstafa rayonunda kolxoz sədri idi. Rayona gələn aktyorlar evimizə qonaq gəlirdi. Onları görüb "mən də aktyor olacağam", - deyə qərar verdim. Amma atam məni Bədən Tərbiyəsi İnstitutuna gətirdi. Orada oxuyan vaxt Lütfi Məmmədbəyovun rəhbərlik etdiyi Mədəniyyət Sarayına gəldim. Dərnəkdə Şahmar Ələkbərov və Həsən Əblucla tanış oldum. Şahmar 10-cu sinifdə, Həsən Politexnik İnstitutunun birinci kursunda oxuyurdu. Sonra bu tanışlıq bizim ömürlük dostluğumuza çevrildi. Biz üçümüz də Teatr İnstitutuna qəbul olmağa qərar verdik və arzumuza çatdıq. Ayrılmaz dostlar idik. Bizə "üç muşketyor" deyirdilər. Həm də əlaçı idik. Şəklimiz institutun foyesində vurulmuşdu. Bir gün institutun qəzetində şəklimiz çap olundu. Qəzeti rayonda atama göstərirlər. O, oxuduğum institutu Teatr İnstitutuna dəyişdirdiyimi öyrənincə anamı Bakıya göndərdi ki, məni rayona qaytarsın. Amma mən qərarımı vermişdin.
Atam da o gündən mənə pul göndərmədi. Artıq kirayə qalmaq üçün xərcliyim yox idi. Şahmar vəziyyəti görüb məni evlərinə apardı. Anası dedi ki, "Şahmar da təkdir, sən də mənim oğlum, qal bizdə". Mən dörd il onların evində qaldım və institutu bitirdim. Şahmarın anası mənim üçün elçi də getdi. Şahmar əsgər gedəndən sonra mən də onlardan çıxıb Naxçıvana getdim". T.Qasımov xatırlayır: "Bir gün "Dağlarda döyüş" filmi çəkilirdi. Rejissor Fərrux roluna məni çəkmək istəyirdi. Onda İrəvanda idim. İkinci rejissor Əşrəf Mamayev dedi ki, "mən bilirəm, sən Şahmargilin evində yaşamısan, onunla yaxın dostsan. İndi ilk dəfədir ki, onu filmə çəkəcəklər. Onun şansı böyükdür. 20 nəfərin içindən təkcə Şahmar seçilib. Əgər sən gəlməsən, onda Şahmar çəkiləcək. Mən ona dedim ki, "qoy Şahmar çəkilsin, nə sən məni görmüsən, nə də mən səni". Mən İrəvana qayıtdım. Şahmar ilk dəfə filmə çəkildi. Bu rol ona böyük uğur gətirdi. Ondan sonra dalbadal filmlərə dəvət aldı və kinoaktyor kimi məşhurlaşdı. O, rejissorluq etdiyi "Sahilsiz gecə", "Qəzəlxan" filmləri üçün məni çağırıb, "Qasımov, bax, bu ssenaridir, oxu, hansı rolu ürəyin istəyir götür, oyna" deyib. Mən hər iki filmdə çəkildim. Təəssüf ki, Şahmar bizi erkən tərk etdi. O, kinomuz üçün çox işlər görəcəkdi. Şahmarı məzara qoyanda Həsən Əbluc onun qəbri üstündə bərkdən hönkürdü və dedi ki, darıxma, qardaşım, mən də tezliklə gələcəyəm. İki ildən sonra Həsən Əbluc da rəhmətə getdi. İndi o gözəl insanların yeri boş qalıb..."
Təmiz adam deyəndə...
Xalq artisti İlham Namiq Kamal sənət yoldaşını həmişə xoş duyğularla xatırladığını deyir: "Şahmar sənətin fədaisi idi. O, 48 yaşında dünyasını dəyişdi. Amansız xəstəlik ona yaradıcılığını davam etdirməyə imkan vermədi. Şahmar həddən artıq təbii insan idi. El arasında "təmiz adam" sözü var. "Təmiz adam" deyəndə mən məhz Şahmarı düşünürəm. Şahmar haqqında "həyatda yoxdur" sözlərini deyə bilmirəm. İncəsənət Universitetində oxuduğum illərdə o, institutda dərs deyirdi. Biz tez-tez kinostudiyaya dublyaja, çəkilişlərə gedirdik. Biz onun dublyaj səsləndirmələrinə heyran olurduq. Şahmarın radioda da gözəl bədii qiraətləri vardı. Aramızda yaş fərqi olsa da, biz onunla çay da içir, söhbət də edirdik. Onun məsləhətləri bizim üçün çox dəyərli idi. O ziyalı, alicənab insan idi. Şahmar yaratdığı obrazlarını elə bil yaşayırdı. Həyatda da təvazökar və qayğıkeş idi. İndiyə kimi gözümün qarşısındadır: üç dost - Tariyel, Şahmar və Həsən Əbluc. Onlar bir-birinə necə sadiq idilər! Aralarında bir-birlərinə qarşı qardaş məhəbbəti vardı. Yaşadığı ev Qasım İsmayılov küçəsində idi. Mənim babamın evi oradan bir tin yuxarıda yerləşirdi. Həmişə tində rastlaşardıq. Həmişə də "yaxşı olacaq, sən hələ təzə başlayırsan, uğurların çox olacaq" deyərdi".
Seçilən
208
2
oxu.az

10Mənbələr