AZ

Allahşükür Paşazadənin 75 yaşı tamam olur

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin doğum günüdür.

 

Sfera.az xəbər verir ki, Allahşükür Hümmət oğlu Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olub.

 

O, orta məktəbdə oxumaqla yanaşı, yerli ruhanilərdən dini təhsil alıb. 1968-1970-ci illərdə Özbəkistanın Buxara şəhərində “Mir-Ərəb” mədrəsəsində oxuyub. 1975-ci ildə isə Daşkənd İslam İnstitutunu bitirəndən sonra tam ali dini təhsilə yiyələnib.

 

Allahşükür Paşazadə 1975-ci ildən QMİ-də məsul katib vəzifəsində çalışıb, 1978-ci ildə isə Təzəpir məscidinin axundu və QMİ-nin sədr müavini seçilib. O, 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilərək, Şeyxülislam rütbəsi alıb.

 

1989-cu ildə SSRİ Ali Sovetinin xalq deputatı seçilən şeyxülislam 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı, 1991-ci ilə qədər isə SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü olub.

 

Allahşükür Paşazadə 2003-cü ildə Qafqaz müsəlmanlarının XI Qurultayında ömürlük sədr-şeyxülislam seçilib.

 

QMİ sədri müxtəlif illərdə SSRİ-nin "Xalqlar dostluğu", Misirin "Əl elm və əməl", Çeçenistanın "Millət qəhrəmanı", "Kadırov", Gürcüstanın "Şərəf", "Qızıl qoç dərisi", Rusiyanın "Dostluq", "Şərəf", İordaniyanın I dərəcəli "Kral Hüseyn", Belarusun "Fransisk Skorina", Rus Pravoslav Kilsəsinin I dərəcəli "Böyük Knyaz Vladimir", I dərəcəli "Müqəddəs Sergi Radonejski", "Şöhrət və Şərəf", Belarus Pravoslav Kilsəsinin I dərəcəli "Svyatitel Kiril Turovski" ordenləri və çoxsaylı medallarla təltif olunub.

 

Allahşükür Paşazadə Azərbaycanın Şöhrət (1994), İstiqlal (1999), Şərəf (2009), Heydər Əliyev (2019) ordenlərinin mükafatlandırılıb.

Seçilən
133
4
sfera.az

5Mənbələr