AZ

Agentlik diplomun tanınması üçün təqdim edilən sənədlərin leqallaşdırılması ilə bağlı vacib məqamı açıqlayıb

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 2.6-cı bəndinə əsasən tanınma üçün təqdim olunan ali təhsil sənədləri (diplom və ona əlavə transkript) “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın (Haaqa Konvensiyası) tələblərinə uyğun olaraq sənədi təqdim edən ölkənin səlahiyyətli qurumu tərəfindən apostil şəhadətnaməsi (möhürü) ilə təsdiq olunmalıdır.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, həmin Konvensiyanın 5-ci maddəsinə əsasən, apostil şəhadətnaməsi (möhürü) sənədi imzalamış səlahiyyətli şəxsin imzasının həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir.

Konvensiyanın müvafiq əlavəsinə əsasən, apostil şəhadətnaməsinin (möhürü) 2-ci bəndində sənədi imzalamış şəxsin adı və soyadı, 3-cü bəndində vəzifəsi, 4-cü bəndində isə həmin sənədə vurulmuş möhürün aid olduğu müəssisənin adı qeyd olunmalıdır.

Apostil şəhadətnaməsi (möhürü) tanınma üzrə müraciətlər zamanı təqdim olunan təhsil sənədlərinin yalnız əslinə vurulmalı və sənədi imzalamış yüksək səlahiyyətli şəxsin imzası təsdiq olunmalıdır. Sənədlərin “əsli ilə düzdür”, həmçinin notarial qaydada təsdiq olunmuş nüsxələrinə vurulmuş apostil şəhadətnaməsi (möhürü) qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün icraata götürülmür.

Seçilən
120
23
banker.az

10Mənbələr