AZ

Quzu ətində bahalaşma var

Yayımlandı: 27 Avqust 2024 14:53 Fermer onlar üçün əlverişli şəraitin olmadığını deyir Azərbaycanda quzu ətinin diri çəkidə pərakəndə satış qiyməti artıb. Bu barədə Meydan TV-yə satıcılar məlumat veriblər. Onların sözlərinə görə, son bir neçə gündür bəzi bölgələrdə quzu əti diri çəkidə təxminən 50-70 qəpik arasında bahalaşıb. Halbuki yayda ətə tələbat azaldığından adətən yayda bahalaşma olmur. Satıcılar deyiblər ki, hələlik ətin qiyməti dəyişməsə də, payıza doğru, xüsusilə toyların başladığı ərəfədə qiymətin ən azı 1-2 manat bahalaşacağı gözlənilir. Bakının ət bazarında hazırda quzu ətinin kiloqramı 20 manatdan təklif edilir. Ağdaşlı fermer Nazim Rüstəmov bildirib ki, xərclər çox olduğundan iribuynuzlu heyvan saxlamaq sərfəli deyil. Buna görə də onun kimi çoxu xırdabuynuzlu heyvanlara üstünlük verir: “Quzu ətini diri çəkidə 18 manat 50 qəpikdən satmışam. Yay olmasına baxmayaraq, alıcı da var. Bəzi bölgələrdə 18, bəzilərində isə 19 manatdan satanlar var”. Fermer ətin bahalaşacağının gözlənilən olduğunu deyib. Çünki bu il hava şəraitinə görə, bəzi bölgələrdə isə suvarma problemi səbəbindən otun məhsuldarlığı az olub. Onun sözlərinə görə, xərclər artdığından heyvandarlıqdan gələn gəlir ildən-ilə azalır. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Meydan TV-yə bildirib ki, ölkədə demək olar ki bütün örüş sahələri zəbt edilib, heyvandarlıqla məşğul olan fermerlər küncə sıxışdırılıb. Buna görə də fermerlərin böyük əksəriyyəti qapalı şəraitdə heyvan saxlamaqla məşğuldur. “Heyvanların qapalı şəraitdə saxlanılması baha başa gəlir, digər tərəfdən, qapalı şəraitdə kütləvi heyvan saxlamaq mümkün deyil. Məsələn, bir fermer qapalı şəraitdə beş yüz qoyun saxlaya bilməz. Amma örüş sahəsi olduqda iki min də qoyun saxlaya bilirdi. Bu da ətin ildən-ilə bahalaşma səbəblərindən biridir”,-ekspert deyib. Nəsirli qeyd edib ki, bu il hava şəraiti əlverişli olmayıb, ot biçiləndən sonra yağışın yağması otun keyfiyyətinə təsir edib. Fermerlər ot yığımı zamanı problemlə qarşılaşıb: “Hələ ki yaydır, ətə tələbat azdır. Bir tərəfdən də Məhərrəmlik ayı ilə bağlı toylar dayanıb. Ətə tələbat minimum səviyyədə olduğu vaxtda cüzi də olsa bahalaşma varsa, payızda – ətə tələbatın artdığı bir vaxtda bahalaşma qaçılmaz olacaq”. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
xural.com

1Mənbələr