AZ

"27 min abituriyentin qəbul olmaması şişirdiləcək hadisə deyil"

Bu il 55656 (o cümlədən 7287 subbakalavr) nəfər ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

 

Rekord sayda abituriyent tələbə adını qazansa da, müsabiqədən kəsilənlərin sayı da az deyil. İxtisas seçimində iştirak edən 27 min abituriyent ali məktəbələrə qəbul olunmayıb. 

 

Modern.az-a danışan təhsil eksperti Elçin Süleymanov bildirib ki, 27 min abituriyentin qəbul olmaması çox ciddi dəyişiklik deyil:

 

“Əslində əvvəlki illərə ekvivalentdir. Əvvəlki illərə nisbətdə bu il daha çox abituriyent tələbə adını qazanıb. Son illərdə Azərbaycanda ortalama 100 minə şəxs 11-ci sinfi bitirib iqtisadi-sosial həyata daxil olur. Ümumi baxdığımız zaman həmin gənclərin əksəriyyətinin ali təhsil almaq üçün sənəd verməsi yaxşı haldır. Çünki 9-cu sinif məzunu 130 minə yaxın şagirdimiz olur. Onların 11-ci sinfə gələndə məzun sayı 100 minə yaxın olur. Onların əksəriyyətinin ali təhsil almaq istəməsi sevindiricidir”.

 

Onun sözlərinə görə, hər kəsin ali təhsil almasına şərait yaratmaq mübahisəli məsələ olar:

 

“Burada təhsilin keyfiyyəti, keçid balı məsələsi var. 27 min abituriyentin qəbul olmaması şişirdiləcək hadisə deyil. Çünki kifayət qədər abituriyent tələbə adını qazanıb. Sənəd verənlərin hər üç nəfərdən ikisi tələbə adını qazanıb. 100 minə yaxın məzun var. Onlardan 85 minə yaxını sənəd verib və 55 min civarı tələbə adını qazanıb. Ali təhsil üçün müəyyən baza, bilik tələb olunur. Bütün məzunların bu bilik və bazaya sahib olması mümkün deyil. Sevindirici haldır ki, 11-ci sinfi bitirənlərin yarısından biraz daha çoxu ali təhsilə yönəlib. Qəbul olmayan 27 min nəfərin bir hissəsi önümüzdəki il sənəd verənlərin siyahısına qoşulacaq. Bir hissəsi isə ali təhsil almaq istəməyəcək. Onlar da peşə ixtisası yaxud başqa planları quracaq. Hər kəsin ali təhsil alması deyil, ali təhsildən kənar qalanların reabilitasiyası, müəyyən peşələrə yönəlməsi prioritet ola bilər. Bu məsələ ilə bağlı müxtəlif addımlar atılmalıdır”.

 

Təhsil eksperti Elnur Aydın isə qeyd edib ki, məktəbi bitirdikdən sonra hər bir məzun hansı təhsil və hansı karyera yolunda irəliləyəcəyini əvvəlcədən müəyyən etməlidir.

 

“İxtisas, peşə seçimi, karyera planlaması işi düzgün və vaxtında aparılmalıdır. Məktəbi bitirən hər bir məzunun ali məktəbə qəbul olması və orada təhsil alması bu seçimlərdən yalnız biridir və bütün abituriyentlər yalnız bu istiqamətə yönəldilməməlidir. Digər seçim etmə imkanları üçün abituriyentlərə imkan və fürsət verilməlidir. Ali təhsildən başqa məzunlar orta ixtisas təhsilinə, peşə təhsilinə, yüksək peşə təhsilinə və ya birbaşa əmək bazarına istiqamətlənə bilər.

 

Təəssüf ki, valideynlər bu imkanları övladı ali məktəblərə qəbul imtahanlarından kəsiləndən sonra düşünməyə başlayır.Əmək bazarında işəgötürənlərə təkcə ali təhsilli mütəxəssis bəs etmir.Hazırda əmək bazarında qısa müddətli kursları bitirən və praktiki işi bacaran, heç bir ali təhsil tələbi olmayan minlərlə bəlkə də on minlərlə iş yerləri mövcuddur. Hər bir məzun öz maraq və qabiliyyətlərinə uyğun istiqaməti düzgün və vaxtında seçsə, həmçinin əmək bazarının tələblərini öyrənib, özündə həmin tələblərə uyğun bilik və bacarıqlar formalaşdıra bilsə, aldığı təhsilin də faydası olar.Əmək bazarında da layiqli iş tapar”- E.Aydın qeyd edib

Seçilən
171
44
modern.az

10Mənbələr